Müharibə və Əmək əlilləri üçün pansionatında nələr baş verir?

11:30 07-10-2020 250

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeçiliyində olan Müharibə və əmək əlilləri üçün pansionatın yeni direktoru Samirə Mehdiyevanın yarıtmaz idarəçiliyi ucbatından pansionat sakinlərinin çəkdikləri zülm artıq necə deyərlər, ərşə dirənib. Belə getsə, qocalar arasında intiharlar kütləvi hal alacaq.

Əldə etdiyimiz səhih məlumatlara görə, Samirə Mehdiyeva bu xoşagəlməz tendensiyanın özü üçün gözlənilən mənfi nəticələrindən sığortalanmaq üçün uzaqgörən tədbirə əl atıb. Bildirilir ki, direktor dözülməz şəraitə etiraz səsini ucaldan, bezginlikdən intihar etmək potensialı daşıyan sakinləri dəlixanaya göndərməyə qərar verib. Bu barədə redaksiyamızı məlumatlandıran etibarlı mənbə bildirir ki, bu yaxında pansionatın Hüseynağa Nuriyev adlı sakini de-fakto aclıq instinktinin təsiri altında xörək menyusundakı naqisliyə haqlı etirazını bildirdiyi üçün müəssisə rəhbərliyi tərəfindən “acılanıb” və həqarətə dözməyib özünə bıçaqla xəsarət yetirib.

S.Mehdiyeva vəziyyəti “adekvat” qiymətləndirərək, tələm-tələsik tədbir görüb, Nuriyevi Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərib. Məlumatın izi ilə araşdırma apararaq, sözügedən tibb müəssisəsində H.Nuriyevi müayinə etmiş həkimi telefonla arayıb pasientin səhhət durumu ilə maraqlandıq. Həkim bizə pasientin psixi və ruhi vəziyyətində normadan kənar heç nə müşahidə edilmədiyini, Nuriyevin xəstəxanaya nəyə görə göndərildiyini başa düşmədiyini dedi.

Öyrənmişik ki, bir vaxtlar S.Mehdiyevanın müdafiəsinə qalxaraq haqlı tənqidimizə görə redaksiyaya zəng vuraraq bizi qınayan Mahir adlı yaşlı sakin də indi direktorun sərt üzünü görüb. Müəssisə rəhbəri Mahir kişini də hədələyib: “elə eləmə, səni də dəlixanaya saldırım”. Bu isə o deməkdir ki, S.Mehdiyevanın daimi dostu yoxdur, daimi maraqları var.

Aldığımız məlumata görə, S.Mehdiyeva direktor vəzifəsində başlayandan ötən az müddət ərzində 20 nəfərə yaxın adamı qeyri-leqal formada işə cəlb edib, sonda da məvaciblərini verməyərək işdən qovub. Samirənin vədinə inanaraq SOCAR-ın uşaq bağçasındakı işini buraxan gəncəli Nazlı xanımın aqibəti lap pis olub: onun da işə qəbulu sənədləşdirilmədən qovulub.

Maraqlıdır, görəsən, pandemiyanın birinci dalğasının pik vaxtında, qocaların pansionatdan bir addım kənara atmaması üçün darvazanı bərk bağlatdıran direktor bu qədər virus daşıyıcısı olmaq ehtimalı olan kənar şəxsi heç bir tibbi müayinədən keçirmədən müəssisəyə buraxarkən nə düşünürmüş? Hərçənd, yanına gətirdikləri arasında direktorun korruptiv tələblərini qeyd-şərtsiz yerinə yetirdiklərinə görə özlərinə möhkəm yer eləyənlər də vardır.

Məsələn, əmrsiz-sənədsiz anbardar vəzifəsini qanunsuz icra edən Nurlana adlı qadına o qədər “külli-ixtiyar” verilib ki, kənardan baxanda pansionatın bir deyil, iki direktoru olduğu təsəvvürü yaranır.

Direktorun “etibarlı” kadrlarından biri də bardan gətirib pansionata aşpaz vəzifəsində qeyri-leqal işlətdiyi Rəna adlı qadındır. Direktor ona pansionatın ikinci mərtəbəsində komfortlu otaq verib. Həmin otağın əvvəlki sakini olan ahıl adamı zorla çıxarıb. Rəna da əsla borclu qalmır.

Bildirilir ki, Rəna hər gün eyni vaxtda macal tapıb həm direktora çatası, həm də özü üçün nəzərdə tutduğu ərzaq payını sonradan aradan çıxarmaq üçün mühafizəçi polisin yanına qoyurmuş. Qonşu yardımçı binada məskun olan, gözüaçıqlığı, diribaşlığı ilə seçilən Qabil Quliyev onun daim təkrarlanan bu hərəkətini müşahidə edərək video-qeydə alıb və direktor-aşpaz cütlüyünü şantaj eləməyə çalışıb. Qovğaları hələ də davam edir.

Bütün bunlar və daha əvvəl bu mövzuda yazdıqlarımız belə qənaətə gəlməyə əsas verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev sadəlövhcəsinə Vüqar Behbudovun təqdimatına inanaraq Samirə Mehdiyevanın şəxsində idarəçiliyə yarımayan, vəzifə funksiyasının nədən ibarət olduğunu bilməyən, olduqca həssas bir kontingentlə işlədiyinin fərqinə varmayan, qoca, atılmış adamlarən psoxologiyasına bələd olmayan, yalnız şəxsi maraqlarını güdən daşürək birini rəhbər vəzifəyə təyin edib.

P.S. Yazı hazırlanarkın, Nurəddin Hüseynovun qohumlarından biri redaksiyaya zəng vuraraq bildirdi ki, onlar 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gedərək, onunla görüşmək istəyiblər. Onları koronovirus bəhanəsi ilə görüşdürməyiblər.

Naəlac qalıb özləri ilə gətirdikləri ərzaq sovqatını, ismarıclarını və mobil telefon nömrəsi yazılmış məktubu Hüseynova çatdırılmasını xahiş ediblər. Qayıdandan sonra xəstəxananın müvafiq şöbəsinin müdiri Leyla xanımla telefonla əlaqə saxlayıb Hüseynovun vəziyyətini, sovqat və ismarıclarının ona çatıb-çatmadığını soruşublar.

Şöbə müdiri ərzaq bağlamasının çatdırıldığını təsdiqləsə də, telefon nömrəsinin Nurəddin kişiyə verilməsinin məqsədəuyğun sayılmadığını deyib: “O neyləyəcəkdi ki, nömrəni? Ona telefon verilmir axı... Ona bir aylıq müaliciə kursu yazılıb. Vaxtın yarısı gedib. İki həftə sonra çıxar, qayıdar pansionata, orda görüşərsizsə, danışarsız...”

Qohumunun sözlərinə görə, Leyla həkim N.Hüseynovun telefonla danışmasına imkan verilməməsinin səbəbini onun guya aqressiv olması, gah rüşvət təklif etməsi, gah Ombudsmanla görüş tələb etməsi, hələ də özünü öldürəcəyini deməsi ilə əlaqələndirib. Çox qəribədir ki, Leyla həkim Nurəddinin qohumu ilə söhbət əsnasında bir neçə dəfə ona Samirə Mehdiyeva ilə danışmağın vacibliyini, hətta ismarıcda yazılmış telefon nömrəsini də pansionatın direktoruna verdiyini deyib. Bir sözlə, sətiraltı da olsa sezdirib ki, baş verənlər məhz Samirənin sifarişi əsasında həyata keçirilir.

P.S.S. Müşahidələrimizdən çıxan nəticə budur: Təkcə dəlilər deyil, elə haqqı tapdalanan ağıllılar da Nurəddin kişinin düşdüyü vəziyyətdə olsalar, onun elədiyi hərəkətləri eləyərlər. Azadlığa can atmaq insanın halal haqqıdır. Bəyəm rüşvət təklif etmək, Ombudsmanla görüş tələb etmək, tələbinin yerinə yetirilməyəcəyi təqdirdə intihar edəcəyini bəyan etmək üçün məhz dəli oilmaq lazımdır?

Aydın məsələdir, ona heç kimlə görüşməyə, danışmağa imkan verilməyəcək. İntihar etməsinə mane olmaq üçün əl-qolunu sarıya, iynə vurub passiv vəziyyətə də gətirə, həqiqətən dəli eləyə bilərlər. Vaxt gözləmir, ona görə də hüquq-mühafizə orqanları bu məsələyə təcili müdaxilə etməlidirlər.


Mənbə Nyus.Az