“Ermənistan Rusiya və Türkiyəni təxribata çəkmək istəyir” -Türkiyəli professor

18:58 07-10-2020 85
Ermənistan Azərbaycanla hərbi qarşıdurmaya üçüncü ölkələri, Rusiya və Türkiyəni də çəkərək, təxribat yaratmaq istəyir. Bununla beynəlxalq ictimaiyyətdən dəstək ala biləcəyini düşünür.
Yenixeber.org: Bunu saytımıza eksklüziv açıqlamasında Ankara Rusiya Araşdırma İnstitutunun rəhbəri, Ankara Yıldırım Bəyazit Universitetinin professoru, politoloq Salih Yılmaz deyib.

Onun sözlərinə görə, Ermənistanın Suriyadan muzdlu döyüşçülərin guya Azərbaycan tərəfindən gətirilməsinə dair irəli sürdüyü absurd iddia əslində, Fransa, ABŞ və Rusiya kimi ölkələrin dəstəyini almaq məqsədi daşıyır: “Ermənistan indiyə qədər törətdiyi təxribatlarla hədəfinə çatmayıb. Ermənilər bundan sonra İrəvana raket atılması, Ermənistandakı Rusiya bazasına hücum edilməsi və digər təxribatlara da əl ata bilər”.

Politoloq xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın həll variantları üçün irəli sürdüyü bütün təkliflərini rədd edib. İndi isə Rusiyadan dəstək istəyir.

“Rusiya gələcəkdə Türkiyə ilə bölgədə daha yaxın münasibət qurmaq istəyir və Ermənistanın problem yaratmasını arzulamır. Müharibə Azərbaycan ərazisində davam etdiyi müddətdə Rusiya vəziyyətə müdaxilə etməyəcək. Paşinyan hakimiyyəti Azərbaycanın şərtlərini qəbul etdikdə və sülhə razı olduqda, Rusiya vasitəçi kimi çıxış edər”.

Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərini azad edənə qədər əməliyyatları davam etdirməlidir.

“Azərbaycan müharibəni öz ərazisindən kənara çıxarmayana qədər beynəlxalq səviyyədə heç kim ona müdaxilə edə bilməz. Azərbaycan indi böyük bir fürsət əldə edib. Minsk Qrupunun qərəzli mövqeyi ortaya çıxdı. Artıq həll yolu Minsk Qrupu vasitəsi ilə olmayacaq. Sülh olacaqsa da, Türkiyə və Rusiyanın liderliyində ola bilər”.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Paşinyanın işğal olunmuş Azərbaycan ərazilərinə gələrək fotoşəkillər çəkdirməsi və qondarma Dağlıq Qarabağ “prezidentinin” raketlərin onun əmri ilə atıldığını elan etməsi, onların hərbi məhkəmədə mühakimə olunmaları üçün kifayət edəcək dəlildir. Buna misal olaraq Suriyada Əsəd və Bosniyada serb komandirləri göstərilə bilər.

"Onlar məhkəmədə mühakimə olundular. Ermənistan dinc insanları hədəfə alaraq ölkədə müharibə əleyhinə qorxu yaratmaq istəyir. Bundan əlavə, o, Azərbaycanın erməni torpaqlarına hücum etməsini istəyir. Hesab edir ki, bu, baş verərsə, Rusiyanı, ABŞ və Fransanı köməyə çağıra bilər".

S.Yılmaz Fransanın əvvəllər də Ermənistanı dəstəkləyərək qərəzli davrandığını vurğulayıb: “Artıq ötən 30 il Minsk Qrupunun Dağlıq Qarabağın həllində nəticəyə nail olmayacağını bəlli etdi. Fransanın mövqeyi Türkiyəyə və Türk düşmənçiliyinə əsaslanan siyasətə söykənir. Fransadakı erməni diasporunun Minsk Qrupuna rəhbərlik etdiyi də məlum idi. Azərbaycan bunu bilirdi, amma indi bütün dünya bunu gördü. Beləliklə, Minsk Qrupu artıq bu problemi həll edə bilməz, çünki bitərəf deyil. Dağlıq Qarabağla probleminin həlli artıq Minsk Qrupu vasitəsilə deyil, Türkiyə ilə Rusiya arasında aparılan danışıqlarla nəticələnə bilər. İki ölkənin Soçi danışıqlarında artıq bu mövzuda hazırlıqları var. Paşinyan işğal etdiyi ərazilərdən çəkilməyi qəbul edərsə, Rusiya-Türkiyə rəhbərliyi ilə müzakirə masası yenidən qurula bilər”.

Türkiyəli ekspert düşünür ki, Azərbaycan artıq Minsk Qrupunu qəbul etməməli və onlarla masa arxasında əyləşməməlidir: “Bu problem Minsk Qrupu masasında otursa, daha 30 il davam edər. Çünki Minsk Qrupu həll yolu üçün deyil, mövcud işğalı davam etdirmək üçün mövcuddur”.(azvision)