Azərbaycan Ordusu əməliyyatları hansı həddə qədər davam etdirə biləcək?

19:24 07-10-2020 80

"Həmişə danışıqlar masasında Azərbaycanın işğal

altında olan torpağını alver predmetinə çevirirlər..."

 Qabil Hüseyinli:

"Azərbaycan Ordusu sonuncu erməni əsgərini torpaqlarından qovana qədər hərbi əməliyyatları davam etdirəcək"

 Zərdüşt Əlizadə:

"Dağlıq Qarabağda nə

qədər erməni qalacaqsa, Azərbaycan müzakirələri onlarla davam etdirməli, Ermənistan bu müzakirələrdən kənarda saxlanmalıdır"

 Bu gün hamını düşün-dürən bir məsələ var; Azərbaycan ordusu hərbi əməliyyatları hansı həddə qədər davam etdirə biləcək? Bu o demək deyil ki, cəmiyyət ordunun gücünə güvənmir, əksinə, bəlkə də Azərbaycan xalqı orduya bugünkü qədər heç vaxt güvənməyib, inanmayıb, ümid bəsləməyib.

12 may 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi bağlanandan bəri kifayət qədər lokal, hətta nəzarətdən çıxmaq təhlükəsi olan eskalasiyalar olub. Bu hadisələr zamanı ordu torpaqları azad etmək üçün irəli getmək əzmində olub, amma hansısa "görünməz əl" onları dürdurub. Məsələn, Aprel döyüşlərində general Mais Bərxudarovun rəhbərlik etdiyi hərbi birlik işğal altında olan Hadrut rayonuna qədər irəliləmişdi. Başqa faktları da sadalamaq olar.  Bu 26 il ərzində Azərbaycan Ordusu dəfələrlə geniş əməliyyatlara başlamağa yaxın olub, bu əzmi hərəkətləri ilə də ifadə edib. Təəssüf ki, 27 sentiyabr 2020-ci ilə qədər, düz 26 il ordumuza bu əzmini reallaşdırmağa imkan verilməyib. Ona görə də Azərbaycan cəmiyyəti səksəkədədir, Ordunun hər an əməliyyatları dayandıra biləcəyindən ehtiyatlanır. Biz həmişə çatışmışıq ki, cəmiyyət üçün aktual olan suallar nəzərdən kənarda qalmasın. Azərbaycan vətəndaşının həyacanına səbəb olan bu sualı politoloqlara ünvanladıq.

İlk olaraq məsələyə münasibət bildirən AzDP sədri, siyasi şərhçi Sülhəddin Əkbər qeyd etdi ki, əsas məsələ Azərbaycan Ordusunun döyüş meydanında əldə edəcəyi qələbənin miqyasından asılıdır, bu həlledici və açar məqamdır: "Çünki həmişə danışıqlar masasında Azərbaycanın işğal altında olan torpağını alver predmetinə çevirirlər - siz Dağlıq Qarabağa müstəqillik və ya hər hansı bir status verin, biz də sizin ətraf rayonları geri qaytaraq, kimi şərtlər ortaya atılır. Əgər Azərbaycan Ordusu ətraf rayonları işğaldan azad edə biləcəksə, düşmənin və onun havadarlarının 26 ildir istifadə etdiyi əsas kartı əlindən almış  olacaq. Düşünürəm ki, indiki hərbi-strateji hədəf qeyd etdiyimiz siyasi -strateji istiqamətə yönəlməlidir. Azərbaycan Ordusu qısa zaman ərzində hərbi əməliyyatları genişləndirərək, qarşısında duran məsələni axıra qədər yerinə yetirməlidir ki, gələcəkdə gözlənilən danışıqlar masasında Azərbaycanın və qardaş Türkiyənin əli güclü olsun. Zaman məsələsi beynəlxalq aləmin Azərbaycana atəşi dayandırmaqla bağlı təzyiqlərini artırması baxımından önəmlidir. Sözsüz ki, bizim əlimizdə kəşfiyyat məlumatları olmadığından bu zamanın nə qədər olduğunu müəyyənləşdirə bilmirik, amma Azərbaycanın hədəfi Dağlıq Qarabağ da daxil bütün ərazilərin işğaldan azad edilməsidir".

Politoloq Qabil Hüseynli bununla bağlı danışarkən, bildirdi ki, Azərbaycan Ordusu sonuncu erməni əsgərini torpaqlarından qovana qədər hərbi əməliyyatları davam etdirəcək: "Bununla yanaşı, Azərbaycan siyasi rəhbərliyi atəşkəsə də hazırdır, lakin aşağıdakı şərtlərlə: Ermənistan Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu bəyan etməli, erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması üçün işlək, hansı zaman ərzində hansı ərazini tərk edəcəyini göstərən qrafik təqdim etməli, bütün proseslərə Azərbaycan Ordusu nəzarət etməlidir. Ermənistan siyasi rəhbərliyi buna razıdırsa, sülh sazişinin bağlanması yolunda heç bir problem yoxdur.

O ki qaldı əməliyyatların dayandırılmasına yönəlik çağırış, təzyiq və təhdidlərə, yalnız Rusiya Azərbaycana təzyiq edə bilər, biz əvvəlki eskalasiyalarda da bunun şahidi olmuşuq. Lakin son zamanlar V.Putin bir neçə dəfə bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız əməliyyatlar Ermənistan ərazisinə keçdiyi halda tədbirlərə əl ata bilər. Göründüyü kimi, əvvəlki eskalasiyalardan fərqli olaraq, Rusiya kənarda qalmağa çalışır, bu da ortadakı Türkiyə faktoru ilə bağlıdır".

Politoloq Zərdüşt Əlizadə isə məsələ ilə bağlı dedi ki, hadisələrin inkişaf məntiqindən çıxış etsək, Azərbaycan yeddi rayonu azad etməlidir. Sonra isə siyasi məqsədəuyğunluq naminə atəşkəsə razılaşmalı, bunun ardınca isə Bakı və Xankəndi Dağlıq Qarabağdakı ermənilərin taleyini müzakirə etməlidir. Dağlıq Qarabağda nə qədər erməni qalacaqsa, Azərbaycan müzakirələri onlarla davam etdirməli, Ermənistan bu müzakirələrdən kənarda saxlanmalıdır. Bundan sonra hansı neytral ölkə gəlib Qarabağdakı ermənilərin qayğısın çəkmək istəyir, gəlsin. Azərbaycan hökuməti onlara ən yüksək status təklif etmişdi, ancaq onların bəsirəti, siyasi ağlı bunu qiymətləndirməyə çatmadı. Reallıq ondan ibarətdir ki, Azərbaycan ermənilərə yeddi rayonun azad edilməsi qarşılığında Dağlıq Qarabağa ən yüksək status verilməsini təklif etmişdi, amma Azərbaycan Ordusu müharibə yolu ilə işğal olmuş torpaqları azad edəcəksə, Dağlıq Qarabağın taleyini də rəsmi Bakı özü həll edəcək. İndi Qarabağda dinc əhali qalmayıb, 10-15 qoca-qoltaq qalıb, onları qocalar evinə yığıb, minimum həyati ehtiyaclarını ödəmək olar. Paşinyan siyasəti ermənilərin əlindəki şansı qaçırdı.

Rusiyanın məsələyə münasibətinin dəyişməsinin əsas səbəbi isə Türkiyə faktorudur".

 A. Nəsirli