Deputat Müşviq Cəfərov: Hazırlaşın, Azərbaycan türkləri elliklə Şuşaya gəlir!

19:25 07-10-2020 85

Düşmənin silahlı qüvvələri bu dəfə Beyləqan rayonunu və Gəncə şəhərini hədəfə alıb.

Beyləqan rayonu və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan və raketlərdən atəşə tutmaqda davam edir.

Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, Beyləqan şəhərinə atılmış müxtəlif çaplı raket mərmilərindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hadisəyə münasibət bildirən (39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən) deputat Müşviq Cəfərov bildirdi ki; -“Oktyabrın 4 - ü səhər saatlarından başlayaraq Ermənistanın Gəncə şəhərini hədəfə alması bir daha təsdiq edir ki, düşmənin əsas məqsədi Azərbaycan tərəfi təhrik etməklə, münaqişənin səmtini İrəvana çəkib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətləri müharibəyə cəlb etməkdir.

Bu çarəsizliyin əlamətidir. Artıq düşmən dövlət Azərbaycanın rəşadətli ordusunun gücü qarşısında aciz durumdadır. Bunu özləri də istəmədən açıq şəkildə göstərirlər. Ermənistan bunu bir daha bilsin ki, digər dövlətləri , terrorçu qrupları müharibəyə cəlb etməklə Azərbaycanı haqq davasından çəkindirə bilməyəcək. Gəncənin vurulması gəncəliləri qorxuya sala bilməz. Mən özüm hazırda Gəncədəyəm. Burada hər kəs öz işində - gücündədir. Düzdür, ilk anlar təbii olaraq hər kəs təşvişə düşdü. Şəxsən öz müşahidələrimi qeyd edirəm ki, hər kəs gündəlik məişət işləri ilə məşğuldur. Lazımı təhlükəsizlik tədbirləri isə dövlətimiz tərəfindən anında görülür. Özüm də cəsarətli, qəhrəman insalarımızı görüb, müşahidə etdikcə onlarla fəxr edirəm. Qəhrəmanlar təkcə ön cəbhədə olmur, gəncəlilər bunu bir daha sübut etdi.

Nəinki Gəncə, cəbhəyanı bölgələrin hamısında  eyni vəziyyətdir. Bu gün Gəncəyə olunan təxribat illərdir ki, həmin cəbhəboyu rayonlarımızda davam edir. Əgər azərbaycanlılar evini, yurdunu tərk edəcək qədər qorxaq olsaydı, Tərtər, Tovuz kimi düşmənlə üzbəüz olan rayonlarda heç yaşayış olmazdı.

Mən mənfur qonşularımızın bu təxribatına qarşılıq deyə bilərəm ki, bu bizi daha da gücləndirir, qələbəyə daha da həvəsləndirir. Düşmənin heç bir təxribatı cavabsız qalmayacaq, qalmır da. Lakin biz haqq müharibəsindəyik və haqlı olaraq irəliləyirik. Bizim düşmən dövlətin torpaqlarında hərbi əməliyyatlar aparmaq fikrimiz yoxdur.

Düşmənin mülki əhalini hədəf alması nəinki insanlarda ruh düşkünlüyü yaratmır, hətta ordumuza olan güvən və inam hissini bir az da artıraraq qələbə xəbəri gözlədir. İnsanların sevinci gözündən oxunur. Görünən budur ki, erməni xüsusi xidmət orqanları olduqca bərbad işləyir. Hazırda aqoniyadadırlar. Azərbaycan ordusunun ən müasir texniki vasitə və arsenala əsaslanan strategiyasına , mükəmməl həmlələrinə onlar köhnə, artıq primitiv sayılan silahlarla, yalançı dezinformasiya və təbliğatla cavab vermək istəyir. Elə bilirlər 4-5 mərmi atan kimi hamı panikaya düşüb qaçacaq. Hazırlaşın, Azərbaycan türkləri elliklə Şuşaya gəlir!”.

 Şahnaz