QURAN NECƏ ÖYRƏDİR: TƏŞBİH VƏ TƏMSİLLƏR

19:29 07-10-2020 70

Allahın boyası, rəngi

 (IV yazı)

 Münafiqin dünyası

 Münafiq həqiqətən iman etmədiyi halda özünü mömin kimi göstərən adamdır. Münafiqlik bir inanc, əqidə, saxtakarlıqdır. İnanc və fəaliyyət planında namərdlikdir. Münafiq buqələmun kimidir, olduğu yerin-mühitin rənginə-ideologiyasına uyğun əqidəsini dəyişir. Münafiq özünü rüzgarə, gedişata görə aparır. Hansı tərəfdən qüvvətli və gəlirli rüzgar əssə, o tərəfə meyl edər. Onun din, inanc və digər baxışlarına (o cümlədən siyasi) hakim olan yalnız bir şeydir - mənfəət. Peyğəmbər (ə)-dən gələn hədisə görə, münafiq iki sürü arasında vurnuxan bir quzu kimidir - gah bir, gah da digər sürüyə qoşular (Əbu Müslim). Zərər vermə, pislik nöqteyi- nəzərindən münafiq düyü içindəki ağ daşa bənzəyir.

Qurani-Kərimdə münafiqlərlə əlaqədar çoxlu ayələr var. Bu ayələr onların geniş portretini, cizgilərini göstərir, onların özlərini yox, xasiyyətlərini təfsir edir. Bu portretə baxdıqda hər dövrün münafiqlərini görmək mümkündür. Aşağıda onların bəzilərini oxucularımıza təqdim edirik.

1) Onlar sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidir).

"(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar sanki (divara) söykədilmiş dirsəklərdir... Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün..." (Münafiqin 4).

Kəlam müasir siyasi münafiqləri də çox gözəl təfsir edir. Boylu-buxunlu, qalstukli və s. Ayədə münafiqlər divara söykədilmiş müqəvvalara bənzədilib. Yəni münafiqlər müqəvva kimi cansız, ağılsız, iman və xeyirdən məhrum, meyvə verməyən ağac qismindədir. Onların xarici görünüşü, danışığı, bəzi davranışları heyranedicidir. Fəqət, bütün hərəkətləri sünidir, mənfəətləri üçün gözəl danışırlar.

 2) Andlarını sipər edənlər

 "Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər..." (Münafiqin 2). Ayədən göründüyü kimi, münafiqlər mənfəət əldə etmək, vəzifə tutmaq məqsədilə hər cür vasitəyə əl atırlar, o cümlədən yalan danışmaqdan və yalan yerə and içməkdən çəkinmirlər. Onları bu xüsusiyyətlərə sövq edən vasitəni sipər, qalxan edirlər. Onları bu xüsusiyyətlərə sövq edən əsas amil kafir kimi adlandırmaqdan xilas olmaq, əsir düşməmək və kafirlərə verilən hökmlərin onlara verilməməsi üçündür.

 3) Nə ora, nə bura

 "İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir gəlsə, (din barəsində) arxayın olar. Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər. Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!" (Həcc 11). Ayə Allaha sidq qəlblə ibadət etməyən bədbəxtlərin durumunu ifadə edən bir təmsildir. Belələri etiqad və əməllərdə münafiq olanlar kimidir. Ayənin təfsiri belədir: savaş vaxtı bəziləri ordunun durumuna görə fəaliyyət göstərər. Qələbə və qənimət hiss etdikdə səbat göstərər. Fəqət, məğlubiyyət hiss edərsə, döyüşdən qaçaq. Bəzilərinin Allaha ibadəti də belədir. Xeyir görsə ibadət edər, bir sıxıntıya məruz qalsa ibadətində tərəddüd edər. Təfsirçi Alusinin təbirincə desək, onlar Allahdan kəramət, insanlardan tərif və dünya malı gördükdə ibadətlərini şövqlə edərlər. Bu neməti görməsələr sadəcə gövşəyərlər və ya ibadəti tərk edərlər.

 4) Zərərli alış-veriş

 "Onlar doğru yol əvəzinədə əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar" (Bəqara 16). Ümumiyyətlə, bu surənin 8-20 ayələri münafiqlər haqqındadır. Ayə bir istiarədir. Çünki burada bir alış-verişdən danışılır. Satın almada bir şey verilir, qarşılığında bir şey alınır. Bunlar da hidayəti verib zəlaləti alan kimsələrdir. Başqa sözlə, alverləri zərərlidir. Bunların hidayəti itirməsi zərərdisə, hidayəti verib zəlaləti alması isə zərər üstü zərərdir. Bəzi təfsirçilər bu alış-verişi belə təfsir ediblər: "İnsanlar dünyaya daimi qalmaq üçün yox, onlara verilən qabiliyyətlərilə ticarət üçün göndəriliblər. Burada onlar çəyirdək hökmündə olan qabiliyyətlərini sünbülləşdirir, sonra meyvələrini toplayırlar". Münafiqlər qabiliyyətlərini sünbülə yox, saman çöpünə hədəflədiyi üçün onların ticarəti zay olur.

 5) Sönən od

 "Münafiqlərin halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər. Onlar kar, lal, kordurlar. Buna görə də (yaramaz əməllərindən) dönməzlər" (Bəqara 17,18). Quran bu təmsilli ayə ilə münafiqlərin durumunu izah edir. İfadələr o qədər canlı təfsir olunub ki, oxucu onu oxumaq əvəzinə sanki seyr edir, görür.

Həz.Peyğəmbər Mədinəyə gəldikdə imanlıların bir qismi münafiq olmuşdu. Onlar zahiri imanları ilə canlarını, mallarını, övladlarını qorudular. Qənimətdən də yararlandılar. Ayə onların belə faydalanmalarını "nur" ilə ifadə edir. Təmsili belə də ifadə etmək mümkündür: "Səhrada yolu azmış bir kafirə bir atəş, od yandırdılar. Fəqət, həmin odu mühafizə edə bilmədilər. Od söndü və qaranlıqda qaldılar. Heç bir şey görünmədiyi üçün hər şey onlara görə "yox" hökmündə oldu. Gecənin qaranlığı və odun sönməsi səbəbindən onlar sanki kor oldular. Heç kimi köməyə çağıra bilmədikləri üçün onlar sanki lal oldular".

Təmsildəki atəşi yandıran şəxs münafiqə, ətrafın aydınlaşması imanının zahirinə, atəşin sönməsi üman etmiş kimi görünən adamın əldə etdiyi faydaların kəsilməsinə işarə edir. Onların qəlblərindəki küfr bir zülmətdir. Qiyamət vaxtı nurlarının yox olması bir zülmətdir. Nifaqlarının daim ortaya çıxması etibarı ilə yaşamaları və müsəlmanların getdikcə qüvvətlənməsi də onlar üçün bir zülmətdir.

Ayədəki "Allah onların işığını (nurunu) keçirər" ifadəsi "narını (odunu) keçirər" kimi ifadə olunmayıb. Çünki atəşdə həm aydınlıq (nur), həm də yandırma xüsusiyyəti var. Allah onların nurunu kəsdiyi üçün, münafiqlərə qalan ancaq nardır (yandırıcı atəşdir).

Açıqlamaya çalışdığımız bu təmsilli ayə həz.Peyğəmbərin dəvəti müqabilində münafiqlərin durumunu anladır. Belə ki, Məhəmməd (ə) buyurub: "Mənimlə insanların halı buna bənzər: Bir adam od yandırmış, atəş ətrafı işıqlandırmış, lakin bəzi cücülər özlərini o atəşə atırlar. Həmin adam o cücüləri oddan xilas etməyə çalışsa da, fəqət, onlar özlərini atəşə atmağa davam edirlər. Mən də sizi yandıran atəşdən (nardan) xilas etməyə çalışıram". İnsanların bəziləri də belədir: Həz. Peyğəmbərin nurundan faydalanmaq əvəzinə, cəhənnəm odunu (narı) üstün tuturlar.

 6) Yağışa düşən şəxslər

 "Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxarlar. Halbuki Allah kafirləri ehtiva etmişdir. İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın. (Şimşək) onlara işıq verdiyi zaman yeriyərlər, qaranlıq çökdükdə isə dayanarlar. Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən Allah hər şeyə qadirdir" (Bəqara 19-20).

Münafiqələrin dünya həyatındakı halları təmsildə göstərilən insanların durumu kimidir. Münafiq inancsız olduğundan bütün aləmi özünə düşmən hesab edər. Ayə münafiqlərin məruz qaldığı şaşkınlıq, iztirab, təlaş, qorxunu göstərir. Tənha səhra, qaranlıq gecə, qüvvətli yağış, ildırım çaxması və s. Qorxunc təbii hadisələr münafiqin malik olduğu durumdur.

Zəməxşəri hesab edib ki, qüvvətli yağış (dolu) İslam dininə (yağış bərəkətdir), zülmət (qaranlıqlar) kafirlərin sübhələrinə, göy gurultusu və şimşək çaxması dindəki ayinlərə, ildırımlar müsəlmanlardan münafiqlərə gələn qorxu, bəlaya işarə edir. Ayədə ildırımın qorxusundan barmaqları ilə qulaqlarını bağlayan münafiqlər Quranın xəbər verdiyi dünyəvi və uxrəvi (axirət) əzab qarşısında qulaqlarını tıxamaqla xilas olmaq istərlər. Şimşəyin çaxması ilə bir az yerimələri İslamdan istifadə etdikləri müddətə, qaranlıqda qalmaqları isə İslamdan kənardakı müddətə müvafiqdir.

 7) B.Jaman-küfr münasibətlərində təşbih və təmsillər

 Ölü və diri

 "Heç ölü olub dirildiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi?..." (Ənam 122).

İbni Qayyim bu təmsilli ayəni belə açıb: "Yolunu itirən bir adam var. Gecənin qaranlığı üzərinə çökmüş, çıxış yolu tapa bilmir. Bir başqası isə bu qaranlıqda əlindəki şam ilə yolunu davam etdirməkdədir.”

İbni Abbasa görə isə mənəvi ölü halda olan şəxs kafirliyə dəlalət edir. Buna həyat verilməsi hidayətdir. Təmsildə zəlalət ölümə, hidayət isə həyata işarədir. Başqaları isə: "Ayədə yer olan ölüm həm də cəhaləti, ölüyə həyat verilməsi isə elmdir. (Razi) - deyiblər. Razi ayədə yer alan nuru ağıl və vəhy nuru kimi yozub, belə deyib: "Bəsərin (gözün) işığa ehtiyacı olduğu kimi, bəsirətin (qəlb gözünün) ağıl və vəhy nuruna ehtiyacı var. Əlbəttə, insanlar içində belə nurla gəzən bir mömin, zülmət, cəhalət, küfrün qanadları içində qalan kafir kimi deyil.”

Qeyd edək ki, ayənin həz.Ömər və Əbu Cəhl haqqında nazil edildiyini söyləyənlər də olub. Belə təqdirdə həz. Ömər İslami qəbul etmədən öncə ölü olub. O, ilahi hidayət ilə dirildi- müsəlman oldu və bəşər tarixində görkəmli şəxs kimi tanındı. Əbu Cəhl isə elə qaranlıqda da qaldı və tarixə "cəhlin atası" kimi düşdü.

Quranda iman-küfr münasibətlərilə əlaqədar yetərli sayda təşbih və təmsillər var. Mömin və kafir eyni dünyada yaşasalar da müxtəlif dünyaların adamlarıdırlar. Bu barədə Quran həm ağla xitab edən ifadələrlə, həm də ağıl və hissə xitab edən təşbih və təmsillərdən istifadə edir. Məsələn: 1) "Məgər mömin kimsə ilə fasiq eynidirmi? Əlbəttə, onlar eyni ola bilməzlər!" (Səcdə 18); "Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovuşanlardır!" (Həsr 20); "Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımız, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər? Onlar nə pis mühakimə yürdüdürlər!" (Casiyə21).

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru