Hərb tarixi yazan Şanlı Ordu!

19:30 07-10-2020 75

Xalq-Ordu birliyi qələbənin rəhnidir!

 1988-si ildən bəri ötən 32 il ərzində bəlkə də hər gün mənsub olduğum xalqın gələcək taleyi barədə düşünmüşəm və hər dəfə də ağlıma sığışdıra bilmədiyim bədbin nəticələrə gəlmişəm. Yəqin bu hissləri dünyanın haradan gəlib, haraya getdiyini az-çox anlayan hər bir Azərbaycan vətəndaşı keçirib. Müxtəlif platformalı, ölkədənkənar müzakirələr zamanı nəzəri zəka hesabına Vətəninə üstünlük qazandıra bilsən də, həmişə qəlbinin dərinliyində bir sızıltı səni rahat buraxmırdı - "sən məğlub xalqın nümayəndəsisən(!)"... Hətta, bəzi hallarda ya erməni kökənli, ermənini dəstəkləyən kimsə və ya elə ermənilər bu ifadəni üzünə qarşı işlədirdi - nə qədər köklü arqumentləşdirmə üzərində baş sındırsanda, Karl Marks demişkən, faktlar yaman tərs olur - iyirimi faiz torpağın, o cümlədən tarixi mədəniyyət simvolların sayılan dəyərlərin, təbii flarmoniya olan Şuşa erməni işğalı altındadır. Zəkan nə qədər aydın, nə qədər işıqlı olsa da, heç cür bu faktları həmsöhbətlərinin gözündən səfnəzər edə bilməzsən. Bəlkə də başqa peşə sahibləri bunu az və ya heç hiss etmir, amma Azərbaycanın ən zəif jurnalisti belə, bu yaranın sızıltısını hər an hiss edirdi - "məğlub xalqın nümayəndəsi". Bu yalnız söz kəsmək, ruhdan salmaq üçün sadəcə söz deyil, düşünən üçün həm də xalqının taleyinin, sonluğunun proqnozunu verən bir amildir. Çünki məğlub xalq uzun ömür sürə bilməz, məğlub xalq mütləq haçansa bitməlidi, o, ömrünü nələrləsə uzada bilər, lakin tarixə qovuşmağa məhkumdur. Məhz bu məntiqlə düşünəndə adamı vahiməli, soyuq tər basırdı, barışa bilmirdin ki, sənin xalqın ölümə məhkumdur, parçalanacaq, deqradasiyaya uğrayacaq və yoxa çıxacaq, lap elə latın xalqı kimi... Xalqın başqa nə qədər keyfiyyəti olur-olsun, onun yaşamaq immuniteti - QALİB XALQ adı qazana bilməsidir, bu yoxdursa, tarixin müəyyən mərhələsində o xalq mütləq səhnəni tərk edəcək. Bu gün dünyanın əksər hakim dilləri latın əlifbası və ya latın qrafikası ilə işləyir, elmlərini latın xalqının elmi nailiyyətlərinin təməlləri üzərində qurub, amma qədim dünyada bu qədər göstəricilərə nail olan xalq bu gün tarixin səhnəsində yoxdur, silinib, yoxa çıxıb. Ona görə ki, latın xalqının uğurları onu QALİB XALQ etməyə yetmədi!

Bəli, nə qədər yaxına buraxmasaq da, Azərbaycan xalqı bu 32 ildə bax, bu hissləri yaşadı, nə vaxtsa öz sonunun gələcəyini düşünərək vahimələndi. Lakin 27 sentyabr 2020-ci il tarixində başlanan yolçuluq Azərbaycan xalqını Ordunun çiyinlərində qələbəyə daşıya bildi. Azərbaycan Ordusu bunu bacardı. O, məğlub Azərbaycan xalqına QALİB XALQ statusu qazandıra bildi. Bu rəşadətinə görə Azərbaycan xalqı, bütün cəmiyyət şanlı Ordusuna minnətdardır. Bu gün ailəsinə daşdan çörək çıxaranlar belə, Orduya nəyləsə faydalı olmağa çalışır. Dünən rayonda çiy kərpicdən tikilmiş daxmada yaşayan bir qohumum mənə telefon açaraq soruşdu ki, evdə iki qutu şirniyyat bişiriblər, onu cəbhəyə göndərmək istəyirəm, hara müraciət edə bilərəm, artıq dərəcədə xahiş edirəm mənə kömək et! İnanın ki, bu zəngə dərhal cavab verə bilmədim, göz yaşları və qəhər məni boğdu, telefonun o başındakı qohumum bundan xəbər tutmasın deyə əlaqəni kəsdim... Sonradan, özümə gələndən sonra - ona yardımını ünvana çatdırmaq üçün lazımi kordinatlar verdim, amma son onilliklər ərzində sözün əsil mənasında xalqımla qürur duydum, çünki belələri tək deyil. Bu gün milyonlarla uzaqda, yaxında yaşayan azərbaycanlı canı ilə, qanı , varı, sərmayəsi ilə Azərbaycan ordusunun yanındadır. Onlardan bəzilərinin bunu etməyə imkanı var və bu onlara və şahidi olan digərlərinə xoşbəxt anlar, duyğular yaşadır. Əli çatmayanlar isə mənəvi dəstək verməyə can atır. Məsələn, güneyli soydaşlarımız Rusiyadan İran ərazisi ilə Ermənistana silah daşınmasının qarşısını alır, Azərbaycan Ordusunun vahiməsi altında işğal altındakı torpaqlarımızdan Araz çayını keçərək İrana sığınmaq istəyən erməniləri döyərək geri qaytarıblar. Bu gün bütün dünyada yaşayan altmış milyonluq soydaşlarımız Azərbaycan Ordusu ilə həmrəydir, onun apardığı uğurlu əməliyyatları həyəcanla izləyir.

Deməli, Azərbaycan Ordusu bir həftəlik amansız döyüşləri ilə Azərbaycan xalqına QALİB XALQ  statusu qazandıra bildi. Bununla yanaşı, Ordumuz son 30 ildə erməni xalqının eyforiyaya qapılaraq, özü və ordusu haqqında yaratdığı yalan mifi darmadağın etdi. İnternetdə axtarış versəniz "şanlı erməni ordusu", "keçilməz sədd"- "ohanyan səddi" və s. kimi mif formalaşdırmağa hesablanan, erməni blogerlər tərəfindən çəkilən minlərlə video-roliklərlə rastlaşa bilərsiniz. Bu gün artıq sübut edildi ki, o mif sabun köpüyü kimi partlayıb yoxa çıxdı. İndi həmin video- çarxları hazırlayan blogerlər utanc hissi ilə onları silmək məcburiyyətindədir. Ona görə ki, cəmi bir həftə ərzində Azərbaycan Ordusu Ermənistan silahlı hüvvələrinin 30 il ərzində topladığı hərbi arsenalın yarıdan çoxunu məhv edib, bir hissəsini isə qənimət kimi ələ keçirib. İşğaldan azad edilən Azərbaycan torpaqları erməni silahlı qüvvələrinin texnikasının qəbristanlığını xatırladır. Ermənistan Müdafiə Nəzirliyi, hətta, reklam üçün belə uğurlu bir döyüş səhnəsi tapa bılmir, naəlac qalıb, öz əsgərlərinin Suqovuşandan qaçmasını bizim əsgərlərin qaçışı kimi təqdim edir. Azərbaycan Ordusunun zərbələri altında düşmən vahimə içində qaçır. Bəli, budur, erməni əsgərinin əsil siması, onlar heç vaxt bizim əsgər qarşısında duruş gətirə bilməyib. Sadəcə olaraq 90-cı illərdə həm Azərbaycanın peşəkar və nizamlı ordusu yox idi, həm də o zaman ermənilərin əvəzindən nizamlı və tam təhcizatlı rus ordusunun vuruşduğu tam təsdiqini tapıb.

Digər tərəfdən, Azərbaycan Ordusu müasir hərb tarixində yeni səhifə açdı. Ənənəvi müharibə qanunlarına əsasən hücum edən tərəfin itkiləri müdafiə tərəfinin itkilərindən azı üç dəfə çox olmalıdır. Lakin Azərbaycan Ordusunun PUA-lar vasitəsi ilə apardığı hücum əməliyyaları hərb tarixinin yuxarıda göstərdiyimiz ənənələrinə son qoydu. Belə ki, Azərbaycan Ordusu daim hücumda olmasına baxmayaraq, düşməndən on-on beş qat az itki verir və ağır itkilərlə düşməni geri çəkilməyə məcbur edir. Bu fakt dünya hərb tarixində yeni səhfə açır - texnologiyaların köməyi ilə aparılan hibrid müharibə zamanı hücum və ya müdafiə məfhumu aradan qalxır - kim güclü və daha yaxşı təchizatlıdırsa həmin tərəf həm az itki verir, həm də qalib gəlir.

Məlum həqiqətdir ki, Azərbaycan Ordusu əzmlə irəliləyir və bir neçə həftəyə işğal altında olan butun ərazilərimizi murdar ləpirlərdən təmizləyəcək. Bu yolda demək olar ki, bütün dünya bizimlədir, çünki biz həm haqlıyıq, həm də güclüyük. Belə bir şəraitdə Azərbaycan siyasi rəhbərliyini müharibəni dayandırıb, danışıqlar masasına əyləşməyə çağıranlar da var. Fikrimizcə, Azərbaycan tərəfi işğal altında olan bütün torpaqlarını azad edib, beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa edənə qədər əməliyyatları davam etdirməlidir. Yalnız bundan sonra danışıqlar masasına əyləşmək olar. Başqa sözlə desək, biz müharibəni o vaxta qədər davam etdirməliyik ki, danışıqlar masasına əyləşəndə biz nə şərt irəli sürsək Ermənistan onu dərhal qəbul etsin, onun seçim imkanı (imkanları yox, imkanı!) olmasın. Digər tərəfdən, torpaqları tam azad etmədən danışıqlara başlamaq yeni status-kvo yaradır ki, bu da hər halda Ermənistanın üstün movqeyi deməkdir.

Hazırda Azərbaycan Ordusu bir tərəfdən ermənilərin həm təchizat bazalarını vuraraq tükəndirib, həm də İran İslam Respublikasından Ermənistana, Ermənistandan isə Qarabağa gələn yolları nəzarətə götürməklə düşmən tərəfin yeni silah-suzsatla təmin edilməsinin qarşısını alıb. Bu, Cəbrail rayonunun işğaldan azad edilməsi, Zod-Kəlbəcər və Vardanes-Ağdərə yolunun atəş nəzarətinə götürülməsi ilə təmin edilib. Hazırda düşmənin Ermənistanla yalnız bir quru əlaqəsi qalır - Laçın dəhlizi. Hansı ki, Azərbaycan Ordusu bu yolu da kəsməyə qadirdir. Yəqin ki, ən uzun yol olan bu çıxış dinc əhalinin döyüş bölgəsindən uzaqlaşdırılması üçün verilən humanitar dəhlizdir. Erməni xalqı Azərbaycan Ordusunun bu humanizmini unutmamalıdır, çünki düz 28 il əvvəl -1992-ci il, fevral ayının 26-da törədilən Xocalı qətliamında ermənilər dinc əhalini mühasirəyə alıb, onlara vəhşigəsinə divan tutmuşdu.

 Akif Nəsirli