Böyük təsir vasitəsi kiçik işlərlə məşğuldur

19:32 07-10-2020 85

Vaxtaşarı qınaqlara, tənqidlərə, tövsiyələrə baxmayaraq, böyük təsir gücünə malik televiziya kanallarımız yenə öz ampulasındadır. Görünən odur ki, bu sahəyə rəhbərlik edənlərin məqsədi xalqa xidmət etmək deyil. İllərdir bu mövzunun müzakirəsi hökumət masasına qədər gedib çıxsa da, heç bir irəliləyiş yoxdur, vəziyyət dəyişməz olaraq qalır.

Məsələnin acınacaqlı tərəflərindən biri televiziyalarımızda öz məhsulumuzun olmaması, ayrı-ayrı ölkələrin tanınmış televiziyalarının sosial xarakterli verilişlərinin təqlid edilməsidir. Öz məhsulumuz reytinq xatirinə ailə - məişət yükünün ağırlığından doğan gözü yaşlı insanların ekranlara çıxarılması, acı gülüşlə müşayiət olunan şou xarakterli şit verilişlər, heç bir məna, mahiyyət kəsb etməyən “tamaşalar”dır. Azərbaycan ailəsindəki qadını yalnız ərinin üstünə çəmkirən obrazda göstərən ssenarilər əsasında çəkilən seriallar isə içimizdəki erməni xislətlilərin məhsuludur. Bunların hamısı birbaşa milli - mənəvi dəyərlərimizi kölgədə qoymağa hesablanmış əməllərdir. Sayca çox olmayan tv kanalların ekranlarını zəbt etmiş “həftəbecər kulinarlar” bozbaşın, dolmanın, küftənin, salatların hazırlanmasını elə təqdim edirlər ki, guya beş min illik tarixi olan Azərbaycan xalqı öz mətbəxindən bixəbərdir.

Yəqin ki, bunu hər biriniz etiraf edərsiniz, qonşu dövlətlərin televiziyalarını izləyəndə sanki insanın ruhu dincəlir. Niyə? Çün burada ixtisaslaşma var. Müxtəlif sahələrin ətrafında tədqiqatlar və həmin tədqiqatlara uyğun təqdimat var. Məsələn, qardaş Türkiyənin televiziyalarında bu gün hər kəsi düşündürən qlobal məsələlərin təhlili gedir. Bu təhlil və araşdırmalara baxandan sonra, Azərbaycanda elmli, təcrübəli, yol göstərən işıqlı insanların olmasına adam şübhəylə yanaşır. Bu şübhə hardan doğur? Bu, müəllimin, həkimin və bütün peşə sahiblərinin hər birinin mükəlləf əsgər olması gərəkən bir vaxtda, insanların hər an xəbər gözlədiyi televiziya ekranlarını ziyalılarımız deyil, zəngin dünya görüşlü insanlarımız deyil, danışığını, hərəkətini, oturuşunu, duruşunu, geyimini normal qaydada tənzimləyə bilməyən həftəbecər, gülbeçələrin zəbt etməsindən doğur... Dediyim şübhənin kökü burdadır. Bu bizim faciəmizdir!

Azərbaycan televiziyasında bəşəriyyətin bu günü, sabahı və gələcəyi ilə bağlı dünya səviyyəli alimlərin fikirlərini özündə ehtiva edən analitik verilişlərimiz yoxdur. (Nə yaxşı qəzetlərimiz var. “Paralel” qəzetindən və www.paralel.az sayıtında Vaqif Cəliloğlunun şərhlərindən ücrətsiz bəhrələnə bilərsiniz). Bənzətməyə çalışırlar, lakin yeniliyi ehtiva etməyən, çeynənmiş şablon kəlimələri əzbərləmiş, gözümüzü mazol etmiş bir sıra “boynu qalustukluların” məzmunu bəlli olmayan fikirləri artıq insanları çoxdan yorub desəm, yəqin oxucu mənimlə razılaşar. Bu da bizim faciəmizdir!

Yenə qonşulardan misal gətirmək məcburiyyətindəyəm. Onların şosu, mosu ayrıca adıməlum kanallarda təqdim olunur. Bizdə isə kanallar universaldır, guya hər şey var, amma əslində heç nə yoxdur. Biz bir təhər dözərik, lakin unutmayaq ki, çəkilməsi ağır olan dərdimiz gələcək nəsllərin üzərindədir.

Televiziyanın qəzet və radiodan fərqi vizual olaraq, xəbər etmədən bütün evlərə daxil olmasıdır. Sürətlə inkişaf edən texnoloji dəyişikliklər dünyanı ovucumuza sığacaq qədər kiçildib. Artıq bu informasiya vasitəsi qonaq “batman”ından çıxmış ailə üzvü kimidir.

Əgər bu vasitə evimizə qədər gəlibsə, deməli ona olan təlabat ödənməlidir. Amma məsələnin digər tərəfi var. Televiziya tələbatı ödəməyə cəhd etdikcə, yaradıcılıq mühitinin səviyyəsi aşağı düşür, bayağılıq artır, nəticədə idarəolunmaz xaos yaranır. Səbəb tamaşaçı auditoriyasının yaş fərqi, cins fərqi, sosial statusudur və sairə.

 Təsirin yanlış üzü...

 XX əsrin ən böyük icadlarından olan televiziyada təqdim olunan proqramlar istər böyüklərə, istər uşaqlara bir çox tərəfdən təsir etmə gücündədir. Əslində fikrim burada olan bütün proqramları zərərli olaraq dəyərləndirmək deyil.

Məsələn, elə serial var şiddət xarakterlidir, gəncləri mənfi hisslərlə oyadıb hərəkətə gətirir, nəticə göz qabağındadır, cəmiyyətdə şiddət artmaqdadır.

Əvvəllər senzura adlı dövlətin kütləvi informasiya vasitələrinin məzmunu və yayılması üzərində nəzarət edən bir qurum var idi. Bu, söz, mətbuat və informasiya vasitələrinin dövlət, ictimayyət və və digər ictimai müəssisələrin maraqlarına uyğun məhdudlaşdırma forması kimi qəbul olunsa da, fəqət nizamlayıcı bir qurum kimi o, indiki tv məkandakı özbaşınalıqdan çox-çox yaxşıdır.

Hamımız bilirik ki, filmlərdəki qəhrəmanların milyonlarla gəncin xarakterini formalaşdırmasında güclü təsiri var. Bu gün əgər rola girmiş modelin, aktyorun alovlu və saxta həyatı reklam olunub normal həyat tərz olaraq göstərilirsə, Azərbaycan ailəsinin pul, intiqam və mövqe üçün hər şeyi riskə atmasına da adi hal kimi baxılacaq. Reytinqin yüksəlməsinə xidmət edən bu qeyri-adi və əxlaqsız münasibətlər, təəssüf doğurur. Həyatın ssenarisi ilə, filmin ssenarisini dəyişik salanların vay halına!

Nəzarətin olmamasından həvəslənən istehsalçılar, bilə-bilə ən absurd ssenariləri tətbiq edərək ölkəmizə, xalqımıza, dəyərlərimizə böyük ziyan vururlar. Ailə anlayışının müqəddəsliyi ölkəmizi yaşadan ən böyük sütundur, bunu unudan bizdən deyil!

 Şahnaz Salehqızı

[email protected]