Qarabağ Azərbaycandır

19:33 07-10-2020 335

Qələbə də bizimdir!

 Bu gün Azərbaycan böyük savaş yolundadır. Bu savaşın məqsədi VƏTƏN torpaqlarını düşmən tapdağından azad etməkdir. Bunu biz bildiyimiz qədər də, bütün dünya bilir. Lakin dünya birliyi özünü elə aparır ki, guya bütün bu işlərdən xəbəri yoxdur. Ermənistan- Azərbaycan münaqişəsi barədə elə indicə eşidib. Eyni zamanda təəssüf doğuran odur ki, eşidib bilən və bilavasitə bu məsələnin içində olan dövlətlər də, Azərbaycanın cəbhədəki uğurlarından ciddi narahatlıq keçirirlər. Bununla da onların erməni təəssübkeşliyi açıqca hiss olunur. Azərbaycanın cəbhədəki uğurları artdıqca, Qərbin erməni təəssübkeşliyi də artır. Hamı bir ağızdan danışıqlardan danışır, təkliflər irəli sürür. Amma heç kim demir ki, bu 30 ildə aparılan danışıqların nə üçün səmərəsi olmayıb?

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son sərt çıxışları və bəyanatları, artıq bir çoxlarını susmağa məcbur edib. Dövlət başçımızın bu əzimkarlığı, xalqımızın Orduya inamı, artıq QƏLƏBƏNİN bizimlə olacağına heç kimdə şübhə yeri qoymayıb. Azərbaycan xalqı bu gün "HƏR ŞEY CƏBHƏ ÜÇÜN, HƏR ŞEY QƏLƏBƏ ÜÇÜN" çağırışı ilə yaşayır.

30 ildən artıq davam edən işğal dövründə Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün əlindən gələn hər şeyi etdi. Lakin bizim bütün təkliflərimizi süngü ilə qarşılayan Ermənistan rəhbərliyi, bu gün dövlət başçımızın qətiyyətini, Ordumuzun qüdrətini gördükdən sonra, yenə də "danışıq" nağılını ortaya atır. Ermənilərin əsas dəstəkçisi olan Fransanın ATƏT-in Minsk Qrupunun üzvü olaraq, yenə də Ermənistana dəstək verməsi, onu deməyə əsas verir ki, məhz Fransa kimi çirkli oyun oynayanların səmərəsiz fəaliyyətinin nəticəsidir ki, bu gün Qarabağda qanlı döyüşlər gedir, insanlar həlak olur, yaşayış məskənləri dağıdılır. Ancaq dünyanın təbliğat maşını yenə də müxtəlif yollarla Azərbaycan tərəfini günahkar çıxarmağa çalışır.

Bəli, Azərbaycanın ən böyük günahı odur ki, 30 ildən çox bir müddətdə həm ATƏT-in Minsk Qrupunun, həm dünya birliyinin, həm də ayrı-ayrı dövlətlərin "münaqişənin sülh yolu ilə həlli" nağıllarına ininıb.

Əslində isə bu savaşın ən böyük günahkarları (hətta səbəbkarları da demək olar) bilavasitə münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun üzvü olan ABŞ, Fransa, Rusiya, eyni zamanda özünün Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrinə sahib çıxa bilməyən BMT-dir.

Bu gün Azərbaycan bu qurumların təklifləri ilə razılaşmağın hansı nəticələr verəcəyini çox gözəl bilir və məhz buna görə də, cəbhədə erməni silahlı qüvvələrinə ciddi zərbələr endirməkdədir.

Onu da diqqətdən kənarda qoymaq olmaz ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan dövləti onların təhlükəsizliyinə tam təminat verir. Bir şərtlə ki, silahı yerə qoyub təslim olsunlar. Biz öz torpağımızda, torpaqlarımızın işğaldan azad olunması üçün vuruşuruq. Bəs Ermənistan rəhbərliyi və ordu birləşmələri hansı amala qulluq edir və nə üçün Azərbaycan torpaqlarında ölürlər?

19-cu əsrin əvvəlinə kimi nə yurdu, nə yuvaları, nə də dövlətləri olan haylar, rus-bolşevik rejiminin dəstəyi və Azərbaycan xalqının humanistliyindən yararlanaraq qədim Azərbaycan torpaqlarında özlərinə dövlət qurdular. Daha sonra isə bu uğurdan həyasızlaşan və daha da quduran haylar, tarix boyu bu ərazilərdə yaşayan azərbaycanlıları müxtəlif yollarla sıxışdırmağa başladılar. Və sonda monoetnik bir dövlətin yaranmasına nail oldular və daha da qudurdular. Bu quduzluq o həddə çatdı ki, haylar qədim Qarabağ torpaqlarına da iddialar irəli sürərək 2-ci bir erməni dövləti qurmaq eşqinə düşdülar.

Son zamanlar isə bir çox xristian dövlətlərinin dəstəyinə güvənərək, artıq Qarabağın Ermənistan olduğunu, erməni dövləti olduğunu bəyan etməyə başladılar. Ancaq unutdular ki, Azərbaycan xalqı nə qədər tolerant və humanist olsa da, onun da səbrinin bir həddi var. Ermənilərin son təxribatları bu həddi aşdı və Azərbaycanın əks-hücumu ermənilər üçün gözlənilməz oldu. Azərbaycan öz torpaqlarının azadlığı üçün əsl VƏTƏN müharibəsinə başladı. Bu savaşda Azərbaycanın QƏLƏBƏ qazanacağına nə xalqımızın, nə də dövlət rəhbərliynin heç bir şübhəsi yoxdur. Dövlətin və xalqın birliyi bizi bu QƏLƏBƏYƏ çatdıracaq, İNŞƏALLAH!

Biz bir daha haylara və bütün dünyaya sübüt etdik ki, QARABAĞ AZƏRBAY-CANDIR və AZƏABAY-CANIN da OLACAQ! 

 Yusif Seyid