Emmanuel Makron həddini aşır

19:35 07-10-2020 325

Azərbaycan-Fransa münasibətlərini gərginləşdirir

 Sentyabrın 27-də ermənilərin hərbi təxribat törətməsi nəticəsində yaşayış məntəqələrimiz və dinc sakinlərimiz iriçaplı silahlardan artileriya atəşinə tutuldu. Düşmənin hərbi təxribatına və təcavüzünə cavab olaraq ordumuz əks- hücuma başlayıb və bununla da Azərbaycan 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunmasına start verib. Çünki Ermənistanın baş naziri N. Paşinyanın ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi xəbərdarlıqdan düz nəticə çıxarmaması və Azərbaycana qarşı hər cür eybəcər hərəkətlər etməsi, beynəlxalq hüquq normalarını heç nədən çəkinmədən pozması işğal altında olan torpaqları azad etmək üçün Azərbaycanı hərb yolunu seçməyə məcbur etdi.

Ermənistanın beynəlxalq hüquq normalarını açıq şəkildə pozmasının, 26 ildir davam edən sülh danışıqlarının nəticəsiz qalmasının, danışıqlar prosesinin Ermənistan tərəfindən qəsdən pozulmasına baxmayaraq, cəzasız qalmasının əsas səbəbi problemin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun ermənilərin təcavüzünə göz yumması və danışıqlar prosesini ermənilərin istəklərinə uyğun aparmasıdır.

Çox maraqlıdır ki, Azərbaycanın Ermənistanın hərbi təxribatlarına son qoymaq və işğal altındakı torpaqları azad etmək üçün 27 sentyabrda başladığı sülhə məcburetmə müharibəsini Fransa prezidenti E.Makron çox ciddi tənqid edir, hətta tənqid etməklə kifayətlənmir və məsələyə münasibət bildirərkən Ermənistanın baş naziri N. Paşinyan kimi, terrorçu ermənilərin ritorikası ilə danışır. Deyəsən, E. Makron ya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, bitərəf mövqe sərgiləməli olduğunu unudub, ya da Fransada keçiriləcək  prezident seçkisində erməni lobbisinin səsini qazanmaq üçün özünə xal toplamağa çalışır.

Azərbaycan-Ermənistan münaqişəsində erməni terroristlərinin mövqeyində duran, qardaş Türkiyənin  Azərbaycana verdiyi mənəvi dəstəyi terrorçularla bağlayan E. Makron həddini aşıb, danışığına və hərəkətinə nəzarəti o dərəcədə itirib ki, artıq çaş - baş vurur, hətta dünya müsəlmanlarını təhqir etməyə təşəbbüs edir, islamın yenidən formalaşdırılması kimi boyuna uyğun gəlməyən ağır yükün altına girir. Fransa prezidenti qanmaq istəmir ki, Yuxarı Qarabağ Azərbaycan torpağıdır və torpaq sahibi onun erməniyə verilməsilə barışan deyil.

  1. E. Makron özünü çaqqallığa vuraraq, başa düşmək istəmir ki, hazırda Azərbaycan beynəlxalq hüquq normalarından istifadə edərək, işğal olunmuş ərazilərini erməni terroristlərindən təmizləmək üçün hərbi gücündən istifadə edir və bu, Azərbaycanın haqqıdır. ATƏT-in Minsk Qrupunun hər üç həmsədrinin ermənipərəst xristian olduqlarını və gizli də olsa, hər birinin Ermənistanın tərəfini tutduqlarını hər kəs bilir, amma heç olmasa, onlar bunu Fransa prezidenti kimi, açıq şəkildə bəyan etmirlər. Hər kəs onu da yaxşı anlayır ki, əgər üç həmsədirdən heç olmasa, biri normal mövqedə olsaydı, sülh danışıqları prosesi bu qədər uzun zaman almazdı.

Açıq qeyd edim ki, Qarabağ və işğal altında olan torpaqların indiyədək azad olunmamasının əsas günahkarı Minsk Qrupunu təşkil edən ABŞ, Fransa və Rusiyadır. Bu dövlətlərin hər biri ölkələrində böyük təsir gücünə malik olan erməni lobbisinin və dini təəssübkeşliyin girovuna çevriliblər.

Ermənistan Azərbaycan ərazilərini həmişə yuxarıda qeyd etdiyim dövlətlərin türk və müsəlman düşmənçiliyindən istifadə edərək, işğal edib, dövlət qurublar. Tarixdə erməni dövləti olmayıb və belə getsə yəqin ki, gələcəkdə də olmayacaq...

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi – Qarabağ Azərbaycandır!

 Mahir Abbaszadə