Müharibənin yazılan və yazılmayan qanunları...

19:36 07-10-2020 85

Azərbaycan (yalnız dövlət və ordu yox) vətən müharibəsi aparır, ona görə də ölkənin hər bir vətəndaşı, sahibkarı, qulluqçusu və s. müharibə qanunları ilə işləməli, hər cür fors-major şəraitə hazır olmağa çalışmalıdır. Çünki müharibədə iştirak edən tərəflər hər cür gözlənilməz hallarla qarşılaşa bilər. Boşuna yaranmayan belə bir deyim var, müharibədə müharibə qanunları hakim olmalıdır. Müharibə, yalnız ordunun cəbhədə döyüşməsi kimi anlaşılmamalıdır. Məsələn, birinci Qarabağ müharibəsində mən tələbə idim, təhsilimi davam etdirmək üçün Bakıya gəlmişdim. Həmin illərdə cəmiyyətin cəbhədə kifayət qədər igidliklə döyüşən əsgərləri, ölkənin hər yerindən gələn könüllüləri var idi. Amma cəmiyyətin böyük  kəsimində bu münaqişəyə biganəlik höküm sürürdü. Cəbhəyanı rayonlarda atəş səslərindən adamın gözünə yuxu getmir, Bakıda isə hərə öz işində idi. Hətta təmtaraqlı toy məclisləri, rəsmi konsertlər və s. şənliklər belə, təxirə salınmırdı. Bəlkə də elə bu biganəliyin nəticəsi olaraq biz o vaxt daha çox torpaq itirdik.

Hazırda isə tamamilə fərqli mənzərə yaranıb - artıq səkkiz aydır ki, koronavirus pandemiyası səbəbi ilə müharibə şəraitinə uyğun şəkildə yaşayırıq. Siyasi və dini təşkilatların fəaliyyəti tam olaraq məhdudlaşdırılıb, yalnız zəruri tədbirlərin keçirilməsinə icazə verilir. Lakin müasir mərhələdə cəbhədəki müharibə ilə yanaşı çox ciddi informasiya müharibəsi gedir. Yaxşı olardı ki, bu müharibəni peşəkarlar aparsın, düşmən tərəfini tutarlı faktlarla susdursun. Bu istiqamətdə atılan addımlar sırasında isə yalnız internetə, xüsusilə də sosial şəbəkələrə girişin məhdudlaşdırılması gözə dəyir. Düşünürük ki, cəmiyyətdə "hər şey cəbhə üçün, hər şey qələbə üçün" prinsipinə uyğun ab-hava varsa, virtual məkanın məhdudlaşdırılmasına ciddi ehtiyac yoxdur. Bu gün şükürlər olsun ki, cəbhədən qələbə sorağı gəlir, həmin amil cəmiyyətdə özünəinamı, qürur hissini bir qədər də yüksəldir. Düşmən qarşısında bu yüksək ruhu nümayiş etdirmək, bununla da düşmənə ağır mənəvi sarsıntılar yaşatmaq olar.

Bütün bunlarla yanaşı, cəmiyyəti hər cür gözlənilməz hallara da hazır olmağa çağırmalı, bütün strukturlar işini bu yöndə qurmağa yönəldilməlidir. Məsələn, bir neçə gün əvvəl Abşeron və Xızı rayonları ərazisinə, cəbhədən 300-400 kilometir kənarda olan obyektlərə raket zəribəsi endirildi. Mütəxəssislərin fikrincə, həmin raketlər Rusiya istehsalı olan "İsgəndər"-SS-26 orta mənzilli balistik hava hücumu qurğularından atılıb ki, bu komplekslə 500 kilometr uzaqda olan hədəfləri vurmaq mümkündür. Düzdür, Azərbaycan MDB-də yeganə dövlətdir ki, hava məkanını özü qoruyur, özü də dünyanın ən aparıcı müdafiə sistemi ilə - "Dəmir Qübbə". Buna baxmayaraq, hamı öz evində müharibəyə hazır olmalıdır. Bütün bunlar müharibənin yazılan qanunlarıdır, amma müharibənin beynəlxalq konvensiyalarda yazılmayan qanunları da var. Yazılı qanunların baza hissəsi beş bənddən ibarətdir:

  1. Mülki şəxslər hədəfə alınmamalı.
  2. İşgəncə və ya qeyri-nisani rəftara yol verilməməli.
  3. Xəstəxanalar və tibbi yardım əməkdaşları hədəfə alınmamalı.
  4. Mülki şəxslərə müharibə gedən ərazilərdən çıxmaq üçün təhlükəsiz keçid şəraiti yaradılmalı.
  5. Humanitar təşkilatlara işləmək şəraiti yaradılmalıdır.

Təəssüf ki, müharibə aparan heç bir dövlət yazılı müharibə qanunlarına əməl etməkdə maraqı deyil. Bu qaydalar indiyə qədərki müharibələr dövründə də ayaqlar altına atılıb. Amma yazılmayan qanunlara əməl edən tərəf daha güclü olub. Çünki yazılmayan qanunlar ordu ilə cəmiyyəti daha sıx birləşdirərək, müharibəni xalq müharibəsinə, vətən müharibəsinə çevirir ki, bu müharibədə bütün cəmiyyət döyüşür. Hazırda Azərbaycanda bu proses sürətlə inkişaf etməkdədir, prosesi yalnız stimullaşdırmaq gərəkdr. Məsələn, əhalinin orduya kütləvi yardımları zamanı bəzi hallarda maneə yaradılır, buna ehtiyacın olmadığını deyirlər. hesab edirik ki, bu düzgün yanaşma deyil, kim nə yardımı verirsə, götürüb, yardım verənə təşəkkür edilməlidir. Yardımın orduya lazım olub-olmaması məsələnin sonrakı mərhələsidir. Bu ordu-xalq birliyinin güclənməsində həlledici məqamlardan biridir. Ona görə də, bu kimi məsələlərə biganə yanaşmaq olmaz.

 Akif Nəsirli