Haqq nazilər Üzülməz

19:39 07-10-2020 90

Bu il sentyabrın 27-dən başlayan Azərbaycan -Ermənistan müharibəsi dünya KİV-lərinin diqqət mərkəzindədir. Bəzi ölkələrin qərəzli mətbuatı Azərbaycanın apardığı Vətən müharibəsinin mahiyyətinə varmadan Ermənistanın tərəfini saxlayır. Belə ki, Rusiyanın telekanallarında "60 minut" verilişini aparan Yevgeni Popov və Olqa Skabayeva Azərbaycan TV-nin aparıcısına irad tutdu ki, o, cəbhədən gələn xəbərləri sevinclə qarşılayır, erməni aparıcısı isə müharibə xəbərlərini ağlaya-ağlaya tamaşaçılara çatdırır. "60 minut"-un aparıcısı sonra qeyd etdi ki, Azərbaycan aparıcısı müharibədə öldürülən erməni əsgərin halına sevinməklə humanistlik göstərmir. Sual olunur: Cənab Papov, Leninqrad 3 illik blokadadan sonra azad olduqda bütün SSRİ bayram edirdi. Stalinqrad mühasirədən azad olduqda Sovet xalqının sevinci yerə-göyə sığmadı. Leninqrad o günü 3 il gözləmişdi, biz isə göz yaşları ilə  Qarabağı 33 ildir gözləməkdəyik. Ərazilərin bir hissəsi işğaldan azad edilibsə, nə üçün də sevinməyək. Cənab Popov, öz torpağımızı işğaldan azad ediriksə, nə üçün həmin xəbəri tamaşaçılara çatdıran aparıcını anti-humanist kimi qələmə verirsiniz?! Bu anti-humanist hərəkət olsaydı, diktor Levitan sovet ordusunun hər qələbəsini sevinclə sovet xalqlarına çatdırardımı?!

Həmin verilişdə iştirak edən politoloqların bəziləri qeyd etdi ki, qoy tərəflər sursatları qurtarana qədər vuruşsunlar. Halbuki onlar çox gözəl bilirlər ki, Dağlıq Qarabağ və ətraf rayonların hamısı tarixən və beynəlxalq hüquqla tanınmış Azərbaycan  torpağıdır. Bu həqiqəti çox gözəl bilən V. Jirinovski hətta studiyaya saxta xəritə ilə gəlib həmsöhbətlərini inandırmağa çalışdı ki, Azərbaycan 19-cu əsidə yaranıb, torpaqlar isə əzəli Ermənistanındır (görünür yenə nəsə umur).

General De-Qollun kreslosunda əyləşən E.Makron isə qardaş Türkiyə prezidenti R.T. Ərdoğanı müharibəni qızışdırmaqda ittiham edir. Makron özü isə Ermənistan tərəfində olduğunu birmənalı ifadə etdi. Belə olan təqdirdə Minsk Qrupunda həmsədirlik edən Fransanın qərəzsiz olduğuna necə inanaq? Cənab Makron, Türkiyə haqqı dəstəklədiyi üçün Azərpbaycanı müdafiə edir. Siz isə Fransanın və beynalxalq hüququn ziddinə olaraq, batili dəstəklədiyiniz üçün Ermənistanı müdafiə edirsiniz.

 Y.Popovun verilişində iştirak edən bəzi şərhçilər Azərbaycan Ordusunun nailiyyətlərinə kölgə salmaq üçün deyirlər ki, guya Azərbaycan istədiyini lazımınca həyata keçirə bilmir. Onlar unudurlar ki, Ordumuz ermənilərin 33 il ərzində qurduğu istehkamları dağıdır, çətin relyef şəraitində döyüş aparır. Erməni tərəfini açıq-aydın müdafiə edən şərhçilər isə KTMT-nin müdaxiləsini istəyir, NATO-KTMT qarşıdurmasının mümkünlüyünü vurğulayırlar.

"60 minut" verilişinə müsahibə verən Azərbaycan prezidenti Vətən müharibəsinin haqq işi və ədalətli olduğunu söylədi. Paşinyan isə dünya ictimaiyyətini çaşdırmaq üçün prezidentə yaraşmayan yalanlar dedi. Paşinyan qeyd etdi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistan ərazisində ermənilərə məxsus SU-25-i vurub. Prezident İlham Əliyev onun yalan danışdığını qeyd edərək dedi ki, belə bir fakt yoxdur və Ermənistanın məqsədi Türkiyəni müharibəyə cəlb etməklə döyüşləri beynəlxalq müstəviyə çevirməkdir. Onu da qeyd edək ki, Paşinyanın bu yalanı da tez bir zamanda faş oldu.

Beləliklə, Rusiya TV-nin "60 minut" verilişində aparılan tele-şou onu göstərdi ki, həmin ölkə jurnalistlərinin steriotipdən çıxmaları vaxt tələb edəcək. Bunu isə müzəffər ordumuz sübut edəcək. Mən buna əminəm. Günü bu gün ön cəbhədə, arxa cəbhədə çalışan hər bir kəs öz yerindədir, öz işini görür.

O ki qaldı mənə, mən qədərimlə, qələmimlə və qəlbimlə Ordumuzun yanındayam. Hamı kimi mən də müsəlləh bir əsgərəm.Yaşasın Azərbaycan, yaşasın şanlı Ordumuz!

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru