“Washington Times” qəzetində -erməni təcavüzü barədə müsahibə dərc olunub

14:35 09-10-2020 65

ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Elin Süleymanovun “ABŞ və digər böyük dövlətlər Ermənistanı təcavüzdən çəkindirməlidir” başlıqlı 

müsahibə

si dərc edilib.

Yenixeber.org: Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, jurnalistin Ermənistan Azərbaycan münaqişəsində gərginliyin artmasının səbəbi ilə bağlı sualını cavablandıran səfir bildirib ki, son aylar Ermənistan davamlı olaraq hərbi təxribatlara əl atıb və son gərginlik 12-14 iyulda Azərbaycanla beynəlxalq sərhəddə, Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücuma keçməsinin davamı kimi qiymətləndirilə bilər.

O qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən neft-qaz kəmərləri, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat infrastrukturu və hava dəhlizi məhz bu regionun yaxınlığından keçir. NATO Əfqanıstandakı kontingentini də bu tranzit bölgə vasitəsilə təchiz edir.

Səfir son hücumlar zamanı Ermənistanın mülki əhalinin yaşadığı yerləri artilleriya atəşinə tutması, dinc əhalini hədəf almasının təsadüfi olmadığını bildirərək, Ermənistan silahlı qüvvələrinin 1990-cı ilin əvvəllərində də total etnik təmizləmə həyata keçirmək məqsədilə məhz bu üsuldan istifadə etdiyini xatırladıb.

E.Süleymanov hazırda hərbi əməliyyatların Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində həyata keçirildiyini, Ermənistanın bu əraziləri işğal edərək regionda etnik təmizləmə apardığını qeyd edib. Onun sözlərinə görə, beynəlxalq hüquqa əsaslanan həll yolu dayanıqlı sülhün bərqərar olması ilə nəticələnəcək. Bu, Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsiz şəraitdə birgə yaşamasına imkan yaradacaq. Bundan başqa, dayanıqlı sülh regionun bütün potensialından istifadə olunmasına kömək edəcək, Ermənistanın xarici asılılıqdan qurtularaq, region ölkələri ilə inteqrasiya etməsinə şərait yaradacaq.

Səfir bildirib ki, tərəflər arasında dayanıqlı atəşkəsin əldə edilməsi üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə əməl edərək, öz silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını təmin etməlidir.

Rusiya və Ermənistan müttəfiqliyi barədə sualı cavablandıran səfir qeyd edib ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazaları mövcuddur. Həmçinin Ermənistan Kollektiv Təhlükəsizli Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın münaqişəyə birbaşa cəlb olunmasına ümid edərək, ölkəmizi təxribatlara təhrik etməyə çalışır. Səfir Türkiyənin bu münaqişəyə tərəf olmadığını, ölkəmizə yalız diplomatik dəstək verdiyini də diqqətə çatdırıb.

ABŞ-ın proseslərdə iştirakı məsələsinə toxunan səfir bildirib ki, ABŞ Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu səbəbdən Vaşinqton hər iki beynəlxalq təşkilatın qərarlarının icra edilməsində, sülh planının həyata keçirilməsində maraqlı olmalıdır.

Bu gün ABŞ atəşkəs üçün və mülki əhalinin qorunmasına israrlı çağırışlar edir. Eyni zamanda sülhün bərqərar olması üçün onun daha fəal addımlarına ehtiyac duyulur. ABŞ ilk növbədə Ermənistanı Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində hərbi əməliyyatların dayandırılmasının, silahlı qüvvələrini işğal altındakı ərazilərdən çıxarmasının vacibliyinə inandırmalıdır.