Rus telekanallarının Azərbaycana qərəzinin əsl səbəbi - AÇIQ MƏKTUB

14:53 09-10-2020 60

Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Borisoviç Dobrodeyevə Açıq məktub

Müəllifi Vladimir Solovyov olan və “Rusiya-1” telekanalında yayımlanan “Voskresnıy veçer s Vladimirom Solovyovım” ictimai-siyasi proqram Azərbaycan və Rusiya xalqları arasındakı dostluq münasibətlərinin ruhuna ziddir.

Solovyovun verilişinin federal kanalda yayımlandığını və yalnız Rusiyada deyil, qonşu ölkələrdə də izlənildiyini nəzərə alsaq, burada sistemli şəkildə müzakirə edilən birtərəf və təxribat xarakterli mövzular çox vaxt cəmiyyəti qıcıqlandırır və haqlı olaraq qəzəbə səbəb olur. Mütəmadi şəkildə tok-şoularda iştirak edən erməni əsilli rusiyalı mütəxəssislər, ermənipərəst təbliğat aparırlar. Fürsət düşən kimi proqramın aparıcısı Azərbaycana qarşı hər hansı bir irad bildirməyə və ya replika atmağı da unutmur. Vladimir Solovyov bu mövqeyi ilk dəfə nümayiş etdirmir. Qarabağ cəbhəsində erməni separatçıları ilə mübarizənin getdiyi bir vaxtda Solovyovun verilişlərindəki mövzular və suallar təxribatdan başqa bir şey deyil. Məsələn, proqramlarının müntəzəm qonağı, Yaxın Şərq və Orta Asiya ölkələrinin problemləri üzrə mütəxəssis Semyon Baqdasarov dəfələrlə Solovyovun müəllifi olduğu efirlərdən separatçılara ismarıclar göndərməklə onlara Azərbaycana qarşı mübarizədə daha radikal olmağa sətiraltı çağırışlar edir. Bu tendensiya Solovyovun müəllifi olduğu digər verilişlərdə dı sezilir. Bu il sentyabrın 29 da “Solovyov live” verilişində Ermənistan ərazisindən münaqişə bölgəsinə heç bir əlaqəsi olmayan Azərbaycanın yaşayış məntəqələrini bombalamaq kimi iltihablı fikirlər və ya Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini bombalamaq təklifləri səslənib.

Beləliklə Solovyov təcavüzü, şiddəti, separatizmi təbliğ edir və bununla da minlərlə günahsız mülki şəxsin qatillərini təmizə çıxarmaq istəyir. Maraqlıdır ki, belə bir peşəkar aparıcının Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən təcavüzündən və ata-baba torpaqlarından didərgin düşən milyondan çox insanın taleyindən xəbəri yoxdurmu? Əlbəttə ki, var.

Vladimir Solovyovun bu cür qərəzi təsadüfi deyil, görünür, bunun arxasında müəyyən dividentlər dayanır. Düzdür, cavab verə bilərsiniz ki, bu tok-şoularda aparılan müzakirələr aparıcının və iştirakçıların şəxsi rəyidir və kanal buna görə məsuliyyət daşımır, amma fikrimcə, Rusia televiziya kanallarının platformasından istifadə edərək separatçı, təhrikçi fikirləri səsləndirmək terrora dəstək kimi qiymətləndirilə bilər. Azərbaycan və Rusiya prezidentlərinin apardıqları siyasət nəticəsində bu gün iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, tərəflər qarşılıqlı maraqlara əsaslanan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini dəfələrlə vurğulamışlar.

Odur ki, bu həssas anda efirdə böyük tamaşaçı auditoriyasında çaşqınlıq və qıcıq yaradan bu və digər birtərəfli verilişlərin yayımı yolverilməzdir.

Rəşad Nəsirov, əməkdar jurnalist