ERMƏNİ HİYLƏGƏRLİYİ BU DƏFƏ İŞLƏMİR! –Düşmən həm döyüş, həm də təxribat meydanında əzilir

14:56 09-10-2020 60

Qarabağda gedən döyüşlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. İstənilən qaynar nöqtə barəsində məlumat veriləndə, heç şübhəsiz ki, beynəlxalq siyasi icmalçılar, diplomatlar və jurnalistlər həmişə ilkin olaraq münaqişənin hansı səbəbdən törəndiyini araşdırmağa, sonra isə onu müzakirə etməyə başlayırlar.

Yenixeber.org: Konkret indiki halda araşdırmalar sadə həqiqətləri üzə çıxarır və bəlli olur ki, Azərbaycan öz ərazilərini işğalçılardan təmizləyir. 1994-cü ilin 12 mayından indiydək problemin həlli və Dağlıq Qarabağın statusu ilə bağlı aparılan danışıqların sayı-hesabı yoxdur. Təəssüf ki, Minsk Qrupunun işi turistlərin gəzinti sərgüzəştlərindən uzağa getməyib. Çünki Ermənistan tutduğu ərazilərdən çıxmaq fikrindən uzaq olub, bunu heç ağıllarından belə keçirməyiblər.

Təbii ki, müharibə təkcə döyüş meydanında aparılmır. Arxa cəbhədəki əhval-ruhiyyə, təchizat imkanları, əhalinin hərbi vəziyyət qaydalarına uyğun səfərbər edilməsi və bütün lazımı resursların bir istiqamətə doğru yönləndirilməsi əsas şərtdir. İctimai düşüncə qələbəyə köklənməlidir. 

Sözsüz ki, hazırda ölkə daxilində mövcud vəziyyətin şərtlərinə uyğun koordinasiyalı düzgün addımlar atılır. Digər bir nüans var ki, onu qəti unutmayaq. Bu, düşməni yaxşı tanımaqdır. Düşmənin kimliyi hər bir detalına və elementinə kimi bilinməli və onun nə edəcəyi səhih proqnozlaşdırılmalıdır. Azərbaycanın öz torpaqlarını azad etmək haqqının olması ilə əlaqədar beynəlxalq arenada məsələ qaldıranda, ermənilər həmişə mövzunu ayrı istiqamətə tərəf çəkməyə cəhd göstəriblər. 

Bu gün gərgin döyüşlər getdiyi bir vaxtda biz həmin siyasi taktikanın yenidən istifadə edilməsinin şahidi oluruq. Ermənistanın baş naziri Nikol Paşinyanın “Rossia-1” televiziya kanalındakı çıxışı zamanı sərsəmləməsinin əsl səbəbi onun döyüş meydanında Azərbaycanla üz-üzə qalmasından doğan təlaş və həyəcanla bağlıydı. Ermənistan rəhbərindən fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin həmin kanaldakı təmkinli və məntiqli çıxışı lakonik və təkzibolunmaz faktlara söykənirdi. O, mövzudan kənarə çıxmadan Azərbaycanın öz haqqı uğrunda döyüşdüyünü konkret və sərrast fikirlərlə ifadə etdi.

- Ermənistanın təbliğat maşınının qarşısında hansı məqsədlər qoyulub?

Bundan sonra ermənilər müharibəyə başqa rəng verməyə cəhd edəcəklər. Ermənilər bizə qarşı hücuma keçəndə, onların məkrli planlarının içində saxta məlumatların yayılması texnologiyası da yer alıb. Artıq 27 ildir ki, bizə məxsus olan torpaqları zəbt edən Ermənistan, öz təcavüzünə haqq qazandırmaq və beynəlxalq hüquq normalarından yayınmaq üçün məsələni əsl mahiyyətindən uzaqlaşdırmağa çalışır. Elə buna görə də, ermənilər bir neçə istiqamətdə təbliğat-təxribat fəaliyyətlərinə başlayıblar.

Birincisi, Ermənistan rəhbərliyi istəyir ki, benəlxalq hüquq normalarını və prinsiplərini bütün dünyanın diqqəti-nəzərindən çıxarsın və elə bir atmosfer yaratsın ki, söhbətin mövzusu başqa məcraya yönəlsin. Ona görə də, Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində öz ərazilərini azad etməsi məsələsini tam arxa plana çəkməyə çalışırlar. Çünki onlar beynəlxalq hüquq normalarının prinsiplərinin və BMT-nin dörd vacib qətnaməsinin danışıqlar masası üzərinə gətirilməsindən bərk qorxurlar. Bu səbəbdən, elə etmək istəyirlər ki, müharibənin əsas səbəbi ayrı yerdə axtarılsın və deyilməsin ki, Azərbaycan öz ərazilərində vuruşur və buralar ermənilərin işğal etdiyi rayonlardır. Ermənilər dünya ictimaiyyətini inandırmaq istəyirlər ki, onlara qarşı Dağlıq Qarabağda Azərbaycan ordusu ilə birlikdə Türkiyədən gətirilmiş və Suriyadakı müharibədə iştirak etmiş yaraqlılar da döyüşür. Bu ağ yalanı birbaşa Paşinyan özü söyləyib. Digər yalan isə Ermənistanın “Su-25” təyyarəsinin guya Türkiyəyə məxsus “F-16” qırıcısı tərəfindən vurulmasıdır. Bir tərəfdən də qondarma “DQR” rəhbəri Araik Arutunyan həyasızcasına deyib ki, biz, Türkiyə ilə vuruşuruq. Bunu söyləməklə onlar məğlubiyyətlə nəticələnəcək aqibətlərini gördüklərini etiraf etməklə yanaşı, həm də öz ictimaiyyətlərinə göstərmək istəyirlər ki, görürsünüzmü, nəhəng gücə qarşı mübarizə aparırıq. Amma ermənilərin əsas məqsədi müharibəyə başqa don geyindirmək, dünyaya haray salmaqdır ki, baxın, türklər bizi qırmağa gəliblər və onlar Ermənistanı bir dövlət kimi ortadan qaldırmaq, Türkiyə ilə Azərbaycan sərhədlərini birləşdirməyi planlayırlar.

İkincisi, ermənilər Türkiyənin adını tez-tez hallandırmaqla, bizim ən yaxın müttəfiqimizi neytrallaşdırmaq fikrindədirlər. Onlar ruslara və digər Avropa dövlətlərinə səslənirlər ki, bəs nə durmusunuz, türkləri bu regiondan çıxarmaq üçün hərəkətə keçin. Yəni, istəyirlər ki, 1990-cı illərdə olduğu kimi, Azərbaycan təklənsin.

Üçüncüsü, Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə qoşmaq niyyətiylə müxtəlif dezinformasiyalar yayır. KTMT elə Rusiya deməkdir. Ancaq 2016-cı ilin aprel döyüşlərindən fərqli olaraq, indi ermənilər Rusiyanı neytral möqe tutmaqda günahlandıra bilmirlər. Ona görə ki, Paşinyan müxalifəti əzəndən və Kremlin dostu Robert Koçaryanı həbs edəndən sonra həmişə deyirdi ki, Rusiya bizim ölkənin daxili işinə qarışmasın. İndi Paşinyan Putinə zəng edib yaltaqlanaraq onun nə plan qurduğunu öyrənmək və buna görə davranmağı düşünür. Ancaq ağılsız Paşinyan elə bilir ki, Rusiyaya qarşı şıllaq atması Putinin yadından çıxıb. Təsadüfi deyil ki, Putinin ilk reaksiyası belə oldu: “Biz qonşularımızın daxili işlərinə qarışmırıq”…

Ümumiyyətlə, Paşinyan xaraktercə çox sırtıq və abırsız adamdır. O, özünün və həm də təmsilçisi olduğu xalqının xəstə təfəkkürünü sürüyərək dünya arenasına gətirir və nəticədə biabır olur. Britaniyanın “BBC” televiziya kanalının “Hard Talk” proqramında müxbir Stefan Sakurun sərt sulları qarşısında gülünc vəziyyətə düşən və dili topuq vuran Paşinyan özünün kim olduğunu əyani sübut etdi.

 

 

- Rusiya taktikanı dəyişibmi?

Rusiya 2016-cı ildəki taktikasını dəyişib, əlbəttə, təcrübələri var və bilirlər ki, köhnə metodlar işə yaramaz, kamufulyaj qurmaq lazımdır, ən yaxşısı deyim ki, mən qarışmıram. Bununla həm də ermənilərə bildirir ki, baxın, əgər mən sizə yardım etməsəm və böyük miqdarda silah və sursat verməsəm, başınızı əzəcəklər. Rusiyanın Ermənistana verdiyi silahların sayı rəsmi rəqəmlərdən çoxdur. Heç şübhə yoxdur ki, Rusiya zahirən neytral görünür. Moskvanın İran vasitəsiylə Ermənistana silah ötürməsiylə bağlı internetdə xeyli sayda fotomateriallar dərc edilib. Yəqin ki, ermənilər bununla kifayətlənməyib, onların daha aktiv olmalarına ümid bəsləyirlər.

Sözsüz ki, Rusiya bizm regiondan çıxmaq niyyətində deyil, əksinə, burada möhkəmlənmək üçün daha fəndgir planlar üzərində işləyir.

Lakin bu otuz il ərzində biz də xeyli təcrübə toplamışıq və belə bir mürəkkəb vəziyyətdə səbr və əzmlə düşmənin hiyləgər planlarını həm döyüş meydanında, həm də beynəlxalq siyasi arenada alt-üst edəcəyimizə şübhə yoxdur.

(azpolitika)