Bakı və Sumqayıtı birləşdirəcək yeni magistral yol çəkiləcək -FOTO

17:29 09-10-2020 85

2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun inşası planlaşdırılır.
Yenixeber.org: Bu barədə Bakı şəhərinin Baş Planı üzrə “Nəqliyyat şəbəkəsi” bölməsində məlumat verilib.
Belə ki, “Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.
2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2300 kilometrdən 2550 kilometrə çatdırılması planlaşdırılır. 
Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırkı 16 zolaq-kilometrdən 198,4 zolaq-kilometrə qədər genişləndirilməsi nəzərdə tutulur.
Planı çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturunun yaradılması planlaşdırılır. 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 kilometr təşkil edəcəyi nəzərdə tutulur.
Qeyd edilib ki, hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib. Gələcəkdə həmin nəqliyyat marşrutlarının inkişaf etdirilərək diaqonal marşrutlara çevirməsi ilə məntiqi tamamlandırılması prinsipi də əsas götürülərək paytaxtın yeni nəqliyyat planlaşdırılma sxemi hazırlanıb.