Ceyhun Bayramov: “Düşmən bir neçə istiqamətdə humanitar atəşkəsi pozub”

17:47 10-10-2020 70

“Beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq humanitar atəşkəsin təmin edilməsi məsələsinə Moskvada Azərbaycanın, Rusiyanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşündə baxıldı. 10 gündən artıq davam edən döyüşlərdə itkilər olub”.

milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

“Müasir dünyada hərbi əməliyyatların aparılmasının da normaları var. Ötən günlər ərzində Vladimir Putin bu məsələ ilə bağlı çıxış etmişdir. Azərbaycan Respublikasının prezidenti ilə danışıqlar əsasında ötən gün görüş keçirildi və belə bir bəyanat hazırlandı. Nəzərə alındı ki, əsas məsələ humanitar atəşkəs zamanı həlak olan hərbçilərin döyüş meydanından çıxarılması və onların müvafiq olaraq tərəflər arasında dəyişdirilməsidir.

Bu məsələ ilə bağlı kordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə qoyulub. Lakin bu əməliyyatların başlanılmasına hələ ki şərait yaradılmayıb. Ermənistanın riyakarlığı yenidən özünü göstərdi. Düşmən bir neçə istiqamətdə növbəti dəfə hücum əməliyyatı göstərməyə cəhd edib. Lakin bunların qarşısı alınıb və düşmən layiqincə yerinə oturdulub. Müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyi barədə məlumat göstərilməyib. Əsas prinsip odur ki, bu Qırmızı Xaç Komitəsi tərəfindən həyata keçiriləcək”.

O bildirib ki, Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş torpaqlardan qoşunların çıxarılması cədvəlini özündə ehtiva edir:

“Həlak olan hərbçilərin meyitlərinin dəyişdirilməsi prosesinin hansı müddət ərzində başa çatacağını əvvəlcədən demək çətindir. Bu barədə Qırmızı Xaç Komitəsi mövcud hərbi vəziyyət imkan verdikdə və bu əməliyyatlar başlandıqdan sonra dəqiq məlumat verə bilər”.

Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərin danışıqlar prosesinin yenidən uzun illər davam edib-etməyəcəyi ilə bağlı sualına cavab verərkən deyib ki, bu gün imzalanan sənəddə qeyd olunub ki, baza prinsipləri əsasında tərəflər danışıqlara başlamalıdır və ən qısa zamanda bu danışıqlar siyasi müstəvidə prosesin həllinə yönəlməlidir.

“Hər kəs gördü ki Azərbaycan uzun illər ərzində gözləməyə niyyətli deyil. Azərbaycan hər zaman deyib ki, məsələnin siyasi yolla həllinin tərəfdarıdır. Ancaq hərbi yolla da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var və bu hüquqdan hər zaman istifadə edə bilər. Hadisələrin gedişatı yaxın zamanda göstərəcək ki, Ermənistan hansı yola üstünlük verəcək.

Azərbaycan öz qanuni hüquqlarını, öz ərazi bütövlüyünü bərpa etmək gücünə malikdir. Düşünürəm ki, Azərbaycan xalqının əzmi bu istiqamətdə yüksəkdir. Hər kəs gördü və son hadisələr də göstərdi ki, uzun illər davam edən Azərbaycan xalqının səbr kasası dolub-daşıb. Eləcə də status-kvonun süni şəkildə qorunub saxlanması təhlükədən başqa heç nə vəd etmir. Ermənistan tərəfdən muzdlu döyüşçülərin Azərbaycana qarşı müharibədə iştirakı ilə bağlı çoxsaylı faktlar var”.

O bildirib ki, Ermənistanun diaspor üzvləri bir sıra ölkələrdə fəaldırlar: “Bəzi diaspor təşkilatlarının rəhbərləri bəzən erməni mənşəli, bəzən də erməni mənşəli olmayan şəxslər üçün toplanış məntəqələrinin olduğu barədə məlumat verirlər. Məsələ bu gün o qədər açıq səviyyəyə çatıb ki, Ermənistan Prezidenti “Əl-Cəzirə” telekanalına müsahibəsində bu məqamı etiraf edib.

O, xarici ölkələrdən gələnlərin müraciət edərək, döyüşdüyünü ifadə edib. Həmçinin, PKK terror təşkilatının üzvlərinin də döyüş əməliyyatlarına cəlb olunduğu barədə bizdə kiafayət qədər məlumatlar var. Ermənistan ilk dəfə deyil ki, müxtəlif ölkələrdən terrorçuları döyüşlərə cəlb edir. Birinci Qarabağ Müharibəsində də Ermənistan terrorçulardan istifadə etmişdi. Onlardan biri Monte Melkonyan idi ki, Livandan gəlib Ermənistan tərəfində döyüşən zaman Azərbaycan Ordusu tərəfindən öldürülmüşdü.

Bu gün o, Ermənistanın Milli Qəhrəmanıdır. O, Ermənistana gəlməmişdən əvvəl Fransada terror aktı törədib. Bu, bir daha onu sübut edir, Ermənistan hər zaman belə qanunsuz addımlara əl atır, çünki bu, onların hərbi-siyasi rəhbərliyinin düşüncə tərzinə çevrilib. Danışıqlar prosesində həmsədrlərin də səlahiyyətləri müəyyən edilib”.

C.Bayramov deyib ki, hazırda həmsədr ölkələr arasında hər hansı dəyişiklik nəzərdə tutulmayıb:

“Bütün həmsədr ölkələri ilə sıx işləməliyik. Eyni zamanda biz onu da qeyd edək ki, bəzi həmsədr ölkələrlə bağlı biz məlumat vermişdik. Misal olaraq, Azərbaycan tərəfi Fransanın birtərəfli, qərəzli şəkildə Ermənistanı dəstəkləməsinə öz mövqeyini bildirib. Hesab edirik ki, bu kimi hallara mövqeyimizi bildirməli, dialoqdan qaçmamalıyıq. Bu məsələdə israrlı olmalıyıq, ədalətli sözü çatdırmaq nə qədər çətin olsa da, buna nail olmaq mümkündür”.

C.Bayramov Rusiyanın Azərbaycanın qonşu ölkəsi olduğunu və iki ölkə arasında strateji tərəfdaşlığın olduğunu vurğulayıb: “Son 10 gündən artıq müddət ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış yanaşmanın şahidi olduq. Neytral mövqe qorunub saxlandı. Rusiya rəhbərliyi dəfələrlə bildirib ki, hər iki tərəflə qonşuluq münasibəti var. Rusiya münaqişənin qısa müddətdə dayandırılmasına çağırışlar edir və biz bunu təbii qəbul edirik”.