Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - Düşmənin artilleriya bölməsi məhv edilib - VİDEOLAR

21:56 10-10-2020 115

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur:

“Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür”.

Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Tərtər rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzillərin birində və binanın dam örtüyündə yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğının qarşısı alınaraq mənzilin bir hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Bundan başqa, düşmənin atdığı mərmilər Tərtər rayonunda iki ünvanda və Ağdam rayonunda bir ünvanda vətəndaşlara məxsus təsərrüfat obyektlərində yanğın törədib. Yanğınsöndürmə qüvvələri tərəfindən obyektlərin bir hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.

Bundan başqa, Müdafiə Nazirliyindən məlumat verilib ki, atəşkəs rejimini pozan düşmənin zirehli texnikası və döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri də məhv edilib.