İlham Əliyev: Türkiyə ilə hesablaşmaq lazımdır

18:50 12-10-2020 110

Geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, bu onları qıcıqlandırır. Onlar öyrəşiblər, təəssüf ki, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilib. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bunu “Haber Global” telekanalına müsahibəsində Türkiyənin bölgədə və dünyada oynağı rolu şərh edərkən bildirib.

Dövlətimizin başçısı deyib:

“İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm. Çünki Ermənistan bir halda ki, bu atəşkəsi pozur, inanmıram danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda de-yure, ya da de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraq məsləhətləşmələr aparırıq. Bu proseslər başlayandan - 27 iyuldan bu günə qədər biz daim əlaqədəyik. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, biz de-fakto reallığı de-yure reallığa çevirməliyik”.