Azərbaycan əsgəri yeni tarix yazır

20:50 13-10-2020 70

Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında torpaqlarımızın işğaldan azad edilməsində xüsusi şücaət göstərən hərbçilərimizlə bağlı paylaşım edilib. Onlardan biri əsgər Hünər Məmmədovdur.

O, silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayevin köməyilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin yeddi tankını, bir PDM-ni, bir silah-sursat dolu avtomobil texnikasını və iki müşahidə məntəqəsini məhv edib.

Bundan başqa, gecə boyu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib. Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!

Onu da qeyd edək ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyi məlumatında bildirilib ki, oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb. Həmçinin, atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri Goranboy, Ağcabədi və Tərtər rayonunun ərazisini atəşə tutub.