İnsan niyə az yaşayır?

18:42 14-10-2020 595

Kəfənin cibi olmur

 Hərdən öz-özümə fikirləşirəm görəsən, insan niyə bu qədər az yaşayır. Bunun bir çox səbəblərinin olduğunu da yaxşı bilirəm. Müxtəlif qəzalar, xəstəliklər, gözləniməz hadisələr insanın ömrünü vaxtsız sona çatdıra bilən səbəblər arasında yer tutur. Bütün bunlarla yanaşı belə qənaətə gəlmişəm ki, onların dünyalarını dəyişmələrinin başlıca səbəblərindən biri də həyat yollarında qarşılaşdıqları haqsızlıqlardır.

 Bax, hörmətli oxucular, dostlar və cənablar, mən bu gün sizə həmin ədalətsizliklərdən danışmaq, söhbət açmaq istəyirəm. Beləliklə, haqsızlıq və ədalətsizlik.

Bu da məlumdur ki, haqsızlıq olan yerdə, mütləq ədalətsizlik də olacaq.

Buna görə də qeyd etmək istəyirəm ki, təkcə insanları deyil, elə ölkələri, dövlətləri də məhv edən məhz, həmin haqsızlıq, ədalətsizlikdir. Məsələn, Avropa Şurası Azərbaycanın əleyhinə qərar çıxardır, qətnamə qəbul edir, dünya ictimaiyyəti susur. Qarayaxma kampaniyaları başlayır, düşmənlərimizin dəyirmanına su tökülür, yenə hamı susur.  İçərimizdə olan nankorlar də, onların dəstəkçiləri qismində çıxış edir.

 Görün, nə qədər ədalətsiz, şər-böhtan dolu kampaniyalara dözməliyik? İstər dövlət, istər insan təklənəndə, ətraf onu başa düşməyəndə, əlbəttə, daha tez məğlub olur, özünü qorumaq gücü qalmır, nəticədə məhvə məhkum olur.

Məlumdur ki, intiharı zəiflik əlaməti kimi dəyərləndirilər. Ancaq  intihar hallarının bir çoxu, məhz həmin haqsızlıqların və ədalətsizliyin məntiqi nəticəsi deyilmi? Təsəvvür edin, bir insan 40-50 il bir müəssisədə işləyir və təqaüd yaşına çatır. Ona çox asanlıqla, laqeyidcəsinə deyirlər ki, "sənin artıq təqaüd vaxtındır, daha işləyə bilməzsən". Hələ onu demirik ki, ondan yaşlı olanlar hələ də işləyir. Axı, niyə başa düşmək istəmirik ki, işə götürəndə təbrik etdiyiniz kimi, işdən təqaüdə yola salanda da bir yığıncaq, məclis keçirib həmin insanın şəninə xoş sözlər deyib, yola salmaq daha yaxşı olmazmı? Mən hələ uzunmuddətli xidmətə görə mükafatdan, hədiyyədən danışmıram. Bu cür mənəvi zərbələrə tuş olan insan necə çox yaşaya bilər? Yaşlaşanda insanların daha kövrək, həssas olduğunu dərk etmək özü də bir insanlıqdır.

Bu da danılmaz həqiqətdir ki, az-çox dərrakəsi, həssaslığı olan insanlar haqsızlığa daha  dözümsüz  və kövrək olurlar. Təsəvvür edin ki, hansısa nankor, insani dəyərlərdən bixəbər birisi, kiminsə yasına gedən insanlara "ora getməyin"-deyir. Yaxud, daim öz var-dövləti ilə öyünür. Cəmiyyət içində özünün yenilməzliyini, hər nə istəsə edə biləcəyini nümayiş etdirir. Yerli-yersiz kimi gəldi söyür, ağzına gələni danışır, hamını hədələyir, "mənə toxunmaq olmaz, mənim əlimdə kağızım var",- deyir. Bu kimi anlaqsız, qanmazlıq ədalətin, haqqın nə olduğunu bilməyən insanın danışığına reaksiya verən də, olur pis kişi. Hamı bu yazığı tənqid edir, "sən ona baş qoşma, bilmirsən, qanmazın biridir",- deyir. Amma bilmirlər ki, bu qınaqdan adam necə mənəvi sarsıntı keçirir. Bəla burasındadır ki, həmin şəxsin yaxınları, oğul-uşağı da günahı özününkündə yox, düz olanda görür. Atalar belə yerdə deyiblər: "Qanan qanmazın quludur". Nə vaxtadək?

Özünü dəli yerinə qoyub istədiyini edənin qarşısında nə qədər susmaq olar? Təəssüf ki, belələrinə hər yerdə- kənddə, şəhərdə məhəllədə, ailədə rast gəlmək olur. Bu yaxınlarda çoxdan tanıdığm bir tanışım başına gələn qanunsuzluqdan gileyləndi:

 - Bir nəfər alaqanmazın hədələrinə, təhqirlərinə dözməyib polis idarəsinə getdim. Şöbəyə daxil olub şikayətimi kimə dedimsə, hamı məni özündən uzaqlaşdırırdı. Nəhayət, uca boylu bir polis şikayətimi eşidən kimi, əlini stola çırpıb, "a kişi, bura polis idarəsidir, məhkəmə deyil",-deyərək üstümə qışqırdı.

-Axı məni təqib edirlər, hədələyirlər, mən ona görə sizin idarənizə gəlmişəm.

Polis- Mən bilmirəm, hara istəyirsən get, mənlik deyil.

-Burada kimsənin mənə məhəl qoymadığını görüb çıxdım küçəyə. Nə edəcəyimi bilmirdim.  Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə zəng etdim.

Tanışım söhbətinə bu yerində cibindən validol cıxarıb dilinin altına qoydu. Mən də səbrimi boğub onu izləyirdim. O da, mənim ona maraqla qulaq asdığımı görüb sözünü davam etdi:

- 102 xidmətinə zəngdən sonra məni polis idarəsinə dəvət etdilər. Bu dəfə, insafən, çox yaxşı qarşıladılar, əl-ayağa düşdülər, çünki «102» Qaynar xəttindən məni tapşırmışdılar.

Maraqlıdır, deyilmi?  Müasir cəmiyyətimizdə hər hansı bir qurumun öz vəzifələrini icra etməsi üçün gərək ona xüsusi tapşırıq verilə, vəzifə borcu başa salına.

Doğrudan da, bizi hələ də sövet dövründəki kimi işləyirik, kiminsə normal işləməsi üçün mütləq xüsusi göstəriş lazımdır. Doğrudanmı, hamıya kimsə göstəriş verməlidir ki, sən filan iş görməlisən? Cənab prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, "biz xalqa xidmət etməliyik". Görəsən, yerlərdəki məmurlar bunu başa düşmür? İnsanlara maddi və mənəvi zərbə vuranlar, məgər bu xalqa düşmən deyillərmi? Bax, budur insanları məhvə aparan əsas səbəb.

Nə qədər ki, ölkəmizdə ruşvət bəlasına son verilməyib, insanlara dəyən maddi və mənəvi zərbələrin sayı daha çox olacaq... Bir müddət əvvəl televiziyada bir mənzərənin seyr etdim. Bir molla polis rəisi ilə küçədə söhbət edir. Bu zaman onlar iki nəfərin bir- biri ilə qızğın mübahisə etdiklərini, əi- qol atdıqlarını, hətta birinin bıçağa əl atdığını ğörürlər. Polis rəisi:

- Molla, gedək onları sakitləşdirək.

Molla: - Yox, onlara dəymə mənim balam! Qoy, nə bilirlər etsinlər. Axırda ölən mənim, qalan isə sənin olacaq. Mətləbi anladınız da.

Bəzən də, baş verə biləcək ciniyətin qarşısını vaxtında almaq mümkün olur. Lakin hüquq- mühafizə orqanlarının səhlənkarlığı nəticəsində baş verən cinayətlərin də sayını azaltmaq olmaz. Vətəndaşların şikayətinə vaxtında baxılmadığına görə baş verən cinayətlərin bütün məsuliyyəti də polisin üzərində qalır, eyni zamanda onun nüfuzuna ciddi zərbə vurur. Bunu hamımız yaxşı bilirik. Onu da gözəl bilirik ki,  belə özbaşnalıqların, hüquqsuzluğun əsas zərbəsi ayrı- ayrı fərdlərdən daha çox, vətənə dəyir. İnsan tələfatı olur, ölkə ziyan cəkir. Evlər uçurulur, şəhərlər, kəndlər dağıdılır, yenə vətən ziyan çəkir. Xarici düşmənlərimiz daxildəki nankorlarla birləşəndə də, vətən ziyan cəkir.

Bəs necə edək ki, bu özbaşnalıqdan qorunaq? Necə edək ki, insanların ömrünü uzadaq? Necə edək ki, haqsızlıqlara son qoyaq ? Necə edək ki, pul ədalət və haqdan yüksəkdə durmasın? Necə edəsən ki, insanlar bir-biri ilə can deyib, can eşitsin? Suallar cox, cavablar müxtəlif... Bilirsiniz ki, bütün dövrlərdə bu tip suallar olub, var və olacaq. Bircə onu bilirəm ki, konkret cavab bizim özümuzdən, bizim özümuzə və cəmiyyətimizə münasibətindən asılıdır.

Dostlar, bu yazımda ürəyimdən keçənləri sizinlə bölüşdüm. Əlbəttə, mənim fikirlərim sizin gündəlik həyatınızda rastlaşdığınız adi məsələlərdir. Sadəcə, bu fikirlərimi sizinlə bölüşüb bir az yüngünləşmək istədim. Üzümü sizə tuturam ey məmurlar: siz nə vaxtədək barmaq havasına, pul havasına iş görəcəksiniz? Nə vaxtadək sizlərə prezident öz hüquq və vəzifələrinizi, xalqın xidmətci olduğunuzu xatırladacaq?

Nə qədər ki, etik normalar unudulur, yalancı estetikaya üstünlük verilir, bu haqsızlıqların, anarxiyanın, hüquqsuzluqların sayı-hesabı olmayacaq. Axı, siz də bu xalqın nümayəndələrisiniz! Bu problemlər məngənəsində sıxılan, əzilən əzab çəkən xalqa bir tərəfdən də siz divan tutursuz. Unutmayın ki, kəfənin cibi olmur.

 Əlizadə Nəhmədağaoğlu