Ermənilər əvvəldən muzdlular yığmağa başlayıb –Rusiya mediası

22:48 14-10-2020 70

Dağlıq Qarabağdakı münaqişəyə bir çox ölkənin, o cümlədən Rusiya və ABŞ vətəndaşlarının cəlbi Rusiya mediasının diqqətini çəkib. Onların müşahidələrinə görə, bu axının əsas hissəsini erməni “könüllüləri” təşkil edir.

 

Yenixeber.org: Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan hərbi-vətənpərvərlik ictimai təşkilatı vasitəsilə xaricdən gəncləri döyüşlərə cəlb edir:

“Bu yaxınlarda BBC və “Novaya qazeta” Azərbaycana qarşı döyüşməyə hazır olduqlarını açıq şəkildə bəyan edən insanların açıqlamalarını dərc etmişdi. Vəziyyət 1990-cı illərin hadisələrini xatırladır. Bu faktın nümunəsi kimi Dağlıq Qarabağ münaqişəsinin fəal iştirakçısı və ASALA təşkilatının üzvü Monte Melkonyanın Ermənistanda “milli qəhrəman” kimi tanındığını qeyd etmək olar (Melkonyan və digər terrorçular Birinci Qarabağ savaşında azərbaycanlılara qarşı xüsusi qətliamlarla tanınırlar – red.).

Qarabağda xarici ölkə vətəndaşlarını döyüşə cəlb edən təşkilatlardan biri VOMA hərbi-vətənpərvərlik ictimai təşkilatıdır. Bu mərkəzin rusdilli portalı xaricdə yaşayan erməni əsilli vətəndaşların könüllü batalyonlarda iştirakına irimiqyaslı çağırış rolunu oynayır.

VOMA əsgərlərin toplanmasını Rusiya ərazisində də həyata keçirir. Bu “ictimai təşkilat”ın son layihələrindən biri də dağ-atıcı batalyonunun yaradılması olub. Təşkilatçılar yazır ki, bütün təlim kursları başa çatdıqdan sonra batalyon Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi altında hərbi əməliyyatlara cəlb olunacaq. Lakin ən maraqlı görünən məqam odur ki, oraya giriş Rusiya vətəndaşları üçün də açıqdır. “Rusiya Federasiyasından olan ermənilər üçün Moskvadan İrəvana çarter reysləri təşkil olunacaq. Səfər üçün nəzərdə tutulan ödənişi qismən, ya da tam şəkildə ödəməyə hazırıq”, – deyə təşkilatın Vkontakte sosial şəbəkəsində bildirilir”.

Materialda qeyd olunub ki, təşkilatın fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə birbaşa əlaqəlidir. Belə ki, qurum əvvəlcədən hazırlıqlar görüb:

“Yutubda VOMA videoçarxlarını araşdırsaq, aydın olar ki, dağ-atıcı batalyonunun hazırlanmasının başa çatması sentyabrın əvvəlinə – Dağlıq Qarabağdakı son hadisələr ərəfəsinə düşür.

Əlbəttə, bu, Cənubi Qafqazda vəziyyətin gərginləşməsi fonunda aparılan işin yalnız bir nümunəsidir”. / (Axar.az)