Rusiya “müşahidəçi” adı altında Qarabağa öz hərbçilərini yerləşdirmək istəyir-ANALİZ

23:11 14-10-2020 50

altında Qarabağa öz hərbçilərini yerləşdirmək istəyir-ANALİZ

 

Lavrovun sözlərindən məlum olur ki, Moskva razılaşmasında “atəşkəs rejiminin parametrləri” deyilərkən bu məsələ nəzərdə tutulurmuş

 

Yenixeber.org: Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün  ölkəsinin bəzi media orqanlarına geniş müsahibə verib. O, “Rusiya bu gün” (“Россия сегодня”) beynəlxalq informasiya agentliyinin və “Russia Today”in baş redaktoru Marqarita Simonyan, “Danışır Moskva” (“Говорит Москва“) radiosunun baş redaktoru Roman Babayan və “Komsomolskaya pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkinin suallarını cavablandırıb.

İki saatlıq müsahibədə S.Lavrov Qarabağ məsələsi ilə bağlı Moskvanın mövqeyinə dair maraqlı fikirlər söyləyib. O bildirib ki, ilk növbədə hərbçilər arasında görüş təşkil etmək və atəşkəsə nəzarət mexanizminin qurulmasını razılaşdırmaq lazımdır:

“Başlıca mesajımız budur ki, hərbçilərin xətti ilə tezliklə görüşüb, bizim sənəddə (Moskva razılaşmasında – red.) əks olunmuş və hələ ki heç kim tərəfindən müzakirə olunmayan atəkəs mexanizmini razılaşdırmaq lazımdır. Müvafiq siqnalları yarımca saat əvvəl Azərbaycanın xarici işlər naziri mənə zəng edərkən təsdiq etdim. Belə bir siqnalı biz erməni həmkarlarımıza da göndəririk. Hesab edirəm ki, bu, hazırda atəşin dayanıqlı şəkildə dayandırılmasının açarıdır”.

S.Lavrovun sonrakı sözləri daha önəmlidir. O, Dağlıq Qarabağda qurulması planlaşdırılan “atəşkəsə nəzarət mexanizmi”nin tərkibinə rusiyalı hərbi müşahidəçilərin daxil edilməsini istisna etməyib:

“İndi hətta sülhməramlılar da deyil, hərbi müşahidəçilər bu mexanizmdə iştirak etməlidir, bu, kifayət edər. Biz hesab edirik ki, bunlar bizim hərbi müşahidəçilərimiz olsa, çox doğru olar. Amma son söz tərəflərindir. Sözsüz ki, biz müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərimizin Yerevanda və Bakıda diqqətə alınacağını düşünürük”.

Nazirin sözlərinə görə, atəşkəs rejiminə nəzarət mexanizmi Azərbaycan və Ermənistan qüvvələrinin Dağlıq Qarabağdakı faktiki təmas xəttində işə düşməlidir.

S.Lavrov Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdiyi görüşə prezident Putin və müdafiə naziri Şoyqunun da öz töhfəsini verdiyini söyləyib:

“Orada razılaşdırmaq vacib idi ki, atəşkəsin elan olunması yəqin, yetərli olmayacaq – əgər atəşkəsə nəzarət mexanizmi olmasa. Son günlər mən bir neçə dəfə Bakı və Yerevandakı həmkarlarımla əlaqə saxladım, Şoyqu da eyni şəkildə müdafiə nazirləri ilə əlaqə saxladı. Prezident də münaqişə tərəflərinin liderləri ilə danışdı. Siyasətçilər və diplomatlar atəşi dayandırmaq barədə razılığı elan edirlər. Bunun uğurlu olması üçün dərhal hərbçilər yerində razılaşdırır ki, bunun üçün hansı konkret tədbirlər görülməlidir, kim müşahidə aparacaq ki, atəşkəsə hər iki tərəfdən necə riayət edilir”.

Lavrov Müdafiə nazirlikləri xətti ilə görüşün vacibliyi barədə Azərbaycana və Ermənistana məlumat verdiyini vurğulayıb.

                                 Sülhməramlılar məsələsi ciddiləşir

Hazırkı mərhələdə Qarabağa sülhməramlı (müşahidəçi) kontingentin göndərilməsinin Moskvada ciddi şəkildə nəzərdən keçirildiyini təsdiq edən başqa fakt rusiyalı parlamentarların da bu mövzuya diqqətini artırmasıdır. Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin üzvü Sergey Tsekov bildirib ki, Rusiya bölgədə hərbi toqquşmaların dayandırılmasında maraqlıdır və bu məqsədlə öz sülhməramlılarını münaqişə zonasına göndərə bilər. “Sülhməramlı kimi yalnız o ölkələr çıxış edə bilər ki, bütün fəaliyyətləri ilə Dağlıq Qarabağda atəşi dayandırmaq niyyətlərini nümayiş etdirirlər”, deyən S.Tsekov əlavə edib ki, belə bir ölkə kimi ilk növbədə Rusiyanın adını çəkmək olar. Onun fikrincə, hər iki tərəf Rusiya sülhməramlılarına razı olacaq: “Azərbaycan güman ki, Türkiyə sülhməramlılarının da gəlməsində israr edəcək, lakin bu halda qərəzsiz yanaşmadan danışmaq mümkün ola bilməz”.

S.Tsekov bildirib ki, Rusiyadan əlavə, MDB ölkələri, məsələn, Qazaxıstan da sülhməramlı qüvvə təqdim edə bilər.

Başqa bir maraqlı fakt ondan ibarətdir ki, hazırda Belarusun Vitebsk vilayətinin Losvido poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Sarsılmaz qardaşlıq-2020” təlimləri başlayıb. Təşkilatın birləşmiş qərargahından bildiriblər ki, bu dəfə təlimlərin spesifik özəllikləri var, belə ki, kollektiv sülhməramlı qüvvələr Şərqi Avropa regionunda birgə əməliyyatı sınaqdan keçirir. Belarus müdafiə nazirinin müavini, Baş Qərargah rəisi Aleksandr Volfoviç deyib ki, təlimlər dünyada, xüsusən postsovet ölkələri ərazisində yaranmış mürəkkəb situasiyada strateji çəkindirmə tədbiridir: “Belə vəziyyət hazırda Azərbaycan və Ermənistan arasında baş verənlərdir, orada yüzlərlə adam ölür, infrastruktur obyektləri dağıdılır. Ukrayna, Qırğızıstan və elə bizim özümüzdə də vəziyyət sadə deyil. Əminəm ki, belə tədbirlər oda yağ tökən, suveren ölkələrdə bespredel yaradan qızğın başları soyudacaq”.

“Nezavisimaya qazeta” Belarusdakı təlimlərdə klassik sülhməramlı vəzifələrin sınadan keçirildiyini və bunların Qarabağdakı müharibəyə bənzər silahlı münaqişlər zonasında sülhü dəstəkləmək üçün xarakterik olduğunu yazıb.

                                   Azərbaycanın mövqeyi 

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi zonasına hərbi kontingent (sülhməramlı, müşahidəçi və ya başqa adla) yeritmək niyyəti çoxdan bəlli idi. Bu, artıq rəsmi səviyyədə – xarici işlər naziri tərəfindən də dilə gətirildi.

Şübhəsiz ki, münaqişə zonasına sülhməramlılar yalnız hər iki tərəfin razılığı ilə gələ bilər, üstəlik, söhbət Azərbaycan ərazisindən getdiyi üçün Bakının razılığı mütləq şərtdir. Azərbaycan prezidenti İlham Əliyev “Habertürk”ə müsahibəsində sülhməramlı əməliyyatın yalnız münaqişənin həllinin son mərhələsində həyata keçirilməsinin nəzərdə tutulduğunu söyləməklə bu mərhələdə hər hansı sülhməramlı kontingentin gəlişində Bakının maraqlı olmadığına işarə vurub. Rusiya isə məhz bu mərhələdə – atəşkəsə nəzarət mexanizmini tətbiq etmək məqsədilə öz sülhməramlılarını bölgəyə yerləşdirmək istəyir.

Belə görünür ki, Azərbaycan bunu qəbul etməyəcəyi halda, Moskvanın təzyiqlərinə məruz qala bilər. XİN rəhbərlərinin Moskva razılaşmasının 2-ci bəndində – atəşkəs rejiminin konkret parametrlərinin ayrıca razılaşdırılacağı barədə müddəada – məhz bu məsələ nəzərdə tutulurmuş.

 Şahin Cəfərli