Ermənistanın “ağ bayraq” qaldıracağı vaxt artıq məlumdur: Paşinyan isə ölkəsini “batırmaq”da israrlıdır

23:14 14-10-2020 60

Paşinyan hakimiyyəti Ermənistanın bütün ordusunu itirməməsi üçün Azərbaycan Prezidentinin son sərt xəbərdarlıq mesajından lazımi nəticələr çıxartmalıdır... Əks halda, Ermənistan dərin hərbi-siyasi uçuruma yuvarlana bilər... Çünki Ermənistanın tam hərbi məğlubiyyəti qaçılmazdır və bunun baş verməsinə o qədər də çox vaxt qalmayıb...

Yenixeber.org: Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslər özünün kulminasiya nöqtəsinə yaxınlaşır. Yaxın vaxtlarda bu region yeni mərhələyə qədəm qoyacaq. Və sülhün-əminamanlığın, sabitliyin hökm sürəcəyi bir regionun ortaya çıxacağı artıq qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Cənubi Qafqaz regionu özünün ən ciddi distabilizasiya qaynağından xilas olmaq üzrədir. Belə ki, rəsmi Bakı və Azərbaycan ordusu Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində olduqca qətiyyətli addımlar atmaqdadır. Və yaxın günlərdə bu münaqişənin tarixin arxivinə verildiyini iddia etmək imkanlarımız sərhədsiz olacaq.

fff0bf3b449e6904b4b1ae3c5505830d.jpg (41 KB)

Onu da qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin məntiqi sonluqla həll olunmasında bir neçə önəmli faktor rol oynayır. Bunlardan birincisi heç şübhəsiz ki, ATƏT-in Minsk Qrupu həmsədrləri – ABŞ, Rusiya və Fransa idi. Çünki Minsk Qrupu həmsədrləri son 30 ilə yaxın bir müddətdə Dağlıq Qarabağ münaqşəsinin nizamlanması prosesində sülh danışıqlar ilə bağlı vasitəçilik missiyasını yerinə yetirmişdilər.

Ancaq üç onillik ərzində Minsk Qrupu həmsədrləri bu problemin həllində ən xırda bir irəliləyişə belə, nail ola bilməmişdilər. Üstəlik, həmsədrlər nizamlanmadan daha çox, münaqişənin dondurularaq, sülh danışıqları vasitəsilə həllinin qeyri-mümkün olmasına əminlik yaratmışdılar. Yəni nəinki həll etməyə çalışmamışdılar, əksinə sitiasiyanı daha da qəlizləşdirmişdilər.

Maraqlıdır ki, rəsmi Bakı özünün qətiyyətli addınları və qərarları ilə Minsk Qrupunu münaqişənin həlli prosesindən de-fakto kənarlaşdırmağa nail oldu. Belə ki, Azərbaycan ordusunun uğurlu antiterror əməliyyatlarına başlamasıyla, Minsk Qrupu həmsədrləri oyundankənar vəziyyətə salınmış oldu. Və bu, Dağlıq Qarabağ münaqişəninin nizamlanması prosesi qarşısında ən önəmli əngəl rolunu oynayan faktorlardan birinin uğurla zərərsizləşdirməsi anlamına gəlir.

Digər önəmli faktor rəsmi Bakının öz hərbi və siyasi resurslarından maksimum səviyyədə qətiyyətlə istifadə edə bilməsidir. Son 30 il ərzində ipə-sapa yatmaq istəməyən və bütün davranışları ilə cığallıq edib, sülh danışıqları prosesini dalana aparan Ermənistana yeri göstərildi. Ermənistan ordusuna bir-birinin ardınca sarsıdıcı zərbələr vuruldu.

1601627644_dsdsds.jpg (84 KB)

Nəticədə Ermənistanın illərlə lovğalandıqları məğlubedilməzlik mifləri bir anın içərisində sabun köpüyü kimi partlayıb, yox oldu. Cəmisi bir neçə həftə öncə meydan oxumağa çalışan Paşinyan hakimiyyəti hazırda işğal altındakı ərazilərin nəzarətdə saxlanmasının mümkün olmayacağını birmənalı şəkildə anlamağa başlayıb. Və indi daha çox Ermənistanın necə xilas edilə biləcəyi üzərində düşünməkdə olduqları açıq-aşkar nəzərə çarpır.

Rəsmi İrəvanın hərbi məğlubiyyətin qaçılmazlığını anladığı və isterik, panik duruma düşdüyü verilən açıqlamalardan da açıq-aşkar hiss olunur. Belə ki, baş naziri Nikol Paşinyan bir müddət öncəyə qədər nüfuzlu dünya dövlətlərinə hər gün dəfələrlə telefonla yalvarırdı, dəstək xahiş edirdi.

Düzdür, N.Paşinyanın yalvarışlarına, tökdüyü gözyaşlarına yetişməyə cəhd göstərənlər əlbəttə ki, oldu. Ancaq onların canfəşanlığı tamamilə iflasa uğradı. Çünki Azərbaycan ordusu öz hədəfindən qətiyyən yayınmadı. Rəsmi Bakı isə Azərbaycanın başının növbəti dəfə “atəşkəs tələsi” ilə qatılmasına imkan vermədi.

Ona görə də, Paşinyan hakimiyyətinin artıq xarici himayədarların dəstəyinə ümidinin qalmadığı da müşahidə olunmaqdadır. Hər halda, son günlər Paşinyan hakimiyyəti daha çox xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporuna üz tutmağa başlayıb. Rəsmi İrəvan diaspordan maddi və canlı qüvvənin göndərilməsini tələb edir.

5f7af29155428403bcb00966.jpg (42 KB)

Ancaq görünən odur ki, rəsmi İrəvanın erməni diasporuna olan ümidləri də boşa çıxacaq. Çünki Azərbaycan ordusunun savaş meydanındakı zəfərləri müharibənin hansı nəticə ilə yekunlaşacağını elə indidən təxmin etməyə imkan verir. Bu isə o deməkdir ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əngəl törədən daha bir önəmli faktoru sıradan çıxartmağa nail olub.

Cəbhədən gələn son məlumatlar da Azərbaycan ordusunun qətiyyətlə irəlilədiyini birmənalı şəkildə təsdiqləyir. Üstəlik, bütün bu məlumatların doğruluğu düşmən tərəfindən də etiraf olunur.

Məsələ ondadır ki, erməni tərəfi Azərbaycan ordusunun münaqişə bölgəsində düşmənin bütün müdafiə istehkamlarını darmadağın edərək, cəbhə xəttini bir neçə yerdən yardığını rəsmən bəyan edib. Baş nazir N.Paşinyan isə Ermənistan ordusunun cəbhə xəttinin şimal və cənub istiqamətlərində geri çəkildiyini vurğulayıb.

Ancaq burada N.Paşinyan yenə də erməni xalqını aldatmaqdan özünün saxlaya bilməyib. Belə ki, Ermənistan ordusu nəınki geri çəkilir, əslində, silah-sursatı, hərbi texnikanı döyüş meydanında buraxaraq, sözün əsl mənasında qaçır.

1601977512_azor.jpg (75 KB)

Eyni zamanda, N.Paşinyan Ermənistan ordusunun “xeyli sayda itki verdiyini”, vəziyyətin ağır olduğunu da etiraf edib. Bu etiraf isə onun nə qədər yarıtmaz bir hökumət başçısı olduğunu göstərir.

Məsələ ondadır ki, ötən əsrin hərbi standartlarından da aşağı səviyyədə olan Ermənistan ordusunun, müasir və 21-ci əsrin tələblərinə uyğun şəkildə formalaşdırılmış Azərbaycanın Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyəcəyini vaxtında anlamalıydı. Yəni, o, özünün qeyri-konstruktiv mövqeyi ilə slüh danışıqları prosesini əhəmiyyətdən salmamalıydı, Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən çıxartmalıydı.

Yalnız bu halda, Ermənistan bu qədər qorxunc itkilər vermədən Dağlıq Qarabağ münaqişənin sülh danışıqları ilə nizamlanmasına nail ola bilərdi. Ancaq artıq zaman və fürsət əldən buraxılıb. Və bu proses Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə qədər davam edəcək.

0340abbf75a0645a89013427973e920b.jpg (108 KB)

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq bu reallığı açıq mətnlə bəyanlayıb: “Düşmən ərazilərimizdən çıxmasa, onların bütün ordularını darmadağın edəcəyik...”

Təbii ki, bu, rəsmi İrəvan üçün olduqca ciddi bir xəbərdarlıq mesajıdır. Ona görə də, Paşinyan hakimiyyəti Ermənistanın bütün ordusunu itirməmək və daha çox itkilərlə üzləşməmək üçün Azərbaycan Prezidentinin bu sərt xəbərdarlıq mesajından lazımi nəticələr çıxartmalıdır.

Əks halda, nələrin olacağını hərbi savadı olmayanlar da artıq anlayırlar. Ermənistanın tam hərbi məğlubiyyəti qaçılmazdır və bunun baş verməsinə o qədər də çox qalmayıb. Və həmin vaxt sadəcə, gün sayı ilə hesablanmaqdadır. Üstəlik, Cənubi Qafqazda baş verənləri böyük diqqətlə və xüsusi həssaslıqla izləyən nüfuzlu berynəlxalq ekspertlər də bu reallığı artıq açıq mətnlə təsdiqləyirlər.

Bu baxımdan, Ermənistanın hərbi məğlubiyyətinin və Azərbaycanın qarşısında diz çökməsinin vaxtı da artıq demək olar ki, təxmin ediləcək qədər hər kəsə aydındır. Sadəcə, bunu yalnız Paşinyan hakimiyyəti görə bilmir və ya görmək istəmir. Busa Ermənistanı böyük hərbi-siyasi fəlakətə doğru sürükləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)