Atəşkəs Azərbaycanı zəiflətmək cəhdidir

23:18 14-10-2020 75

Tapdıq Abbas: "Rusiya Ermənistanı Qafqazda killer kimi saxlayır"

 "Paralel" qəzetinin baş redaktoru, Qarabağ müharibəsi veteranı, politoloq Tapdıq Abbas Ermənistan - Azərbaycan müharibəsinin gedişini dəyərləndirib. Tapdıq bəylə söhbətimizi bölüşmək qərarına gəldik.

- Tapdıq müəllim, Rusiyanın forpostu Ermənistanın işğalı altında olan torpaqlarımızı  hərbi yolla tam azad edə biləcəyikmi?

- Artıq Azərbaycanla Ermənistan arasında gedən müharibənin başlamasından 20 gün keçir. Bu müddət ərzində Azərbaycan işğal altında olan torpaqlarının xeyli hissəsini azad edib. Hər gün Azərbaycan Ordusu yeni əraziləri azad edərək zəfərini möhkəmləndirir, yaşayış məntəqələrini bir-birinin ardınca geri alır. Ordumuz düşmən üzərində qələbə qazandıqca özü də ruhlanır, xalqımıza da yüksək əhval-ruhiyyə bəxş edir. Müharibə sürətlə getdiyinə görə, Ordumuzun işğalda olan torpaqları azad edəcəyinə şübhə etmirəm. Lakin Dağlıq Qarabağ münaqişəsinə Rusiyanın daim müdaxilə etməsi zaman-zaman torpaqların azad olunmasını çətinləşdirir. Bu problem bu gün də mövcuddur. Ermənistanın regionda işğalçı dövlət kimi yetişməsinə dəstək verən Rusiyadır. Yüz il öncə Azərbaycan torpağında Ermənistan dövlətini yaradan da, onun ərazilərini bizim torpaqlarımız hesabına genişləndirən də, məhz Rusiyadır. Tarix kitabını vərəqləyəndə Ermənistan adlı dövlətə rast gəlmək mümkün deyil. Azərbaycana 150 il öncə gəlmiş ermənilər özlərinin Azərbaycana gəlmələrini əks etdirən abidəni də sovet dönəmində Qarabağda ucaltmışdılar. Lakin ermənilərin tarixi saxtakarlığını ifşa etdiyinə görə həmin abidəni uçurdular.

- Sizcə, Rusiya Azərbaycana torpaqlarını azad etməyə sonadək imkan verəcəkmi?

- Əgər Azərbaycan Rusiyadan çəkinib hər zaman yanında olduğunu bildirən Türkiyə ilə inteqrasiya etməsə, Dağlıq Qarabağ ətrafında işğalda olan 5 rayondan başqa digər əraziləri azad edə bilməyəcək. Azərbaycan Dağlıq Qarabağ da daxil olmaqla, işğal altında olan bütün torpaqları azad etmək və ölkəmizin güclü inkişafına nail olmaq üçün mütləq Türkiyə ilə bir yerdə olmalıdır. Hazırda dünyada yaranmış əlverişli durumdan istifadə edib, iqtisadi baxımdan zəif düşmüş Rusiyadan çəkinmədən, Azərbaycan Türkiyə ilə hərbi-siyasi müttəfiq olarsa, o zaman həm Qarabağı birdəfəlik azad edəcəyik, həm də, ölkəmizin iqtisadi qüdrətini, müstəqilliyini daha da möhkəmləndirə biləcəyik. Hər kəs yaxşı bilir ki, Rusiya 200 ildir Azərbaycanı parçalamaq və daxilində əritmək üçün ciddi cəhdlər edib və bugün də bu iddiadan əl çəkməyib. Cənub qonşumuz İran da eyni arzu ilə Ermənistana yardım edir, fikirləşir ki, Azərbaycan Türkiyə ilə birləşib regionda güclənsə, 2 əsrdir Rusiya ilə parçalayıb böldüyü Azərbaycan torpaqlarını geri qaytarmağa və hüququnu ayaq altına atıb istismar etdiyi 40 milyon türkü azad etməyə məcbur olacaq. Ona görə də həm Rusiya, həm də İran Azərbaycanı zəif, özlərindən aslı vəziyyətə salmaq üçün Ermənistandan terrorçu kimi istifadə edirlər.

- Rusiyanın iştirakı ilə Ermənistanla Azərbaycan arasında Moskvada humanitar atəşkəs barədə sənəd imzalansa da, ermənilər dinc insanların yaşadığı Gəncəni raket atəşinə tutdu, 10 nəfər qətl edildi, xeyli insan yaralandı...

- Münaqişənin tarixinə diqqət yetirəndə Ermənistan- Azərbaycan müharibəsinin qızğın dövründə Rusiyanın təsirilə elan olunmuş atəşkəs həmişə Azərbaycan üçün faciə ilə nəticələnib. Bu dəfə də faciə baş verdi. Atəşkəs barədə sənədə imza atan Ermənistan öz çirkin xislətinə sadiq qaldı, Azərbaycanın şəhərlərini və digər yaşayış məntəqələrini artilleriya və raket atəşinə tutaraq xeyli sayda insanı faciəli şəkildə qətlə yetirdi, yaşayış evlərinə, mülki obyektlərə ciddi ziyan vurdu Azərbaycan ordusu düşmənə qarşı adekvat cavab verdi və şəhidlərin qisasını almaqda gecikmədi. Amma humanutar atəşkəsə qarantiya duran Rusiya törətdiyi hərbi cinayətə görə Ermənistanı heç adi şəkildə məzəmmət belə etmədi və hətta tərəfləri yenə bərabər tutdu. Bu hadisə bir daha hər hansı məsələdə Rusiyaya güvənməyin faydasız olduğunu təsdiq etdi. Burada bir nüansı qeyd edim ki, ölkə iqtidarının Rusiyanın Azərbaycanın başına gətirilən bütün faciələrin müəllifi və memarı olduğunu unutmasına heç cür haqq qazandırmaq olmaz. Hakimiyyət yaranmış hazırkı əlverişli tarixi situasiyadan istifadə edib, Rusiyanın təzyiqindən xilas olub sürətlə, gecikmədən Türkiyə ilə birləşməyi bacarmalıdır! Əks təqdirdə Azərbaycan daim Rusiyanın, İranın körüklədiyi, silahlandırdığı Ermənistanın təhqiri və təhdidi altında qalacaq, Dağlıq Qarabağın azad olunması mümkün olmayacaq. Belə olan halda isə Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini qoruyub saxlaması və möhkəmlənməsi müşkülə çevriləcək. Azərbaycan yuxarıda qeyd etdiyim çətinliklərlə üzləşməmək üçün humanitar atəşkəsi pozan Ermənistanın hərbi təxribatı üzündən başlamış müharibəni işğal altında olan bütün torpaqları azad edənədək davam etdirməli və Ermənistanın bir daha dirçəlib regionu terror yuvasına çevirməsinə imkan verməməlidir.

 Söhbətləşdi: Şahnaz Salehqızı