Rusiya silahlı qüvvələrinin sülhməramlılar kimi Dağlıq Qarabağda yerləşdirilməsi mümkündürmü?

23:20 14-10-2020 65

Mövlud Çavuşoğlu: "Tərəfləri atəşkəsə çağırmaqla bərabər, Ermənistana da çağrış edilməlidir ki, işğal etdiyi Azərbaycan torpaqlarından - Dağlıq Qarabağdan qoşunlarını çıxartsın"

 Elxan Şahinoğlu:
"Dağlıq Qarabağda
sülhməramlıların yerləşdirilməsi bizim maraqlarımıza
cavab vermir"

 Dimitri Peskov:
"Hər iki tərəfin razılığı
olmadan rus qoşunları bölgəyə sülhməramlı qüvvə kimi yeridilə bilməz"

 Azərbaycan və Ermənistan qoşunları arasında şiddətli döyüşlərin davam etdiyi bir vaxtda, bugünə qədər , işğala göz yuman bəzi maraqlı güclər hər iki tərəfi atəşkəsə çağırır, hətta, bununla bağlı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilən on saatlıq danışıqlardan sonra humanitar atəşkəs rejiminin tətbiq edilməsi barədə razılıq əldə edilib. Lakin tərəflər arasında real atəşkəs rejiminə keçilməsi mümkün olmayıb. Ermənistan qoşunları qarşı tərəfin atəşi dayandırmasından istifadə edərək itirdikləri əraziləri təkrar nəzarət altına almaq üçün yenidən hücuma keçib, bu səbəbdən də atəşkəsin əldə edilməsi mümkün olmur. Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfləri sülhə, atəşkəsə çağıran dövlətlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Çavuşoğlu müraciətində bildirir ki, tərəfləri atəşkəsə çağırmaqla bərabər, Ermənistana da çağrış edilməlidir ki, işğal etdiyi Azərbaycan torpaqlarından - Dağlıq Qarabağdan qoşunlarını çıxartsın. Düşünürəm ki, yalnız bu formatda çağrış münaqişənin dayandırılmasına, atəşkəs rejiminin bərqərar edilməsinə və tərəflərin danışıqlar masasına əyləşməsinə gətirib çıxara bilər. Lakin bu fikirə heç bir dövlət və beynəlxalq təşkilat münasibət bildirməyib. Əvəzində siyasi şərhçilər son zamanlar yenidən vurğulayırlar ki, Rusiya fürsətdən yararlanaraq öz qoşunlarını sülhməramlı qüvvələr adı altında Dağlıq Qarabağda yerləşdirməyə çalışır. Bu barədə bəyanatı münaqişə başlandığı ilk günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib. O, deyib ki, ATƏT-in MQ çərçivəsində ruş qoşunları sülhməramlı qüvvələr kimi  Dağlıq Qarabağa yerləşdirilməlidir. Kremilin sözçüsü Dimitri Peskov oktyabırın 4-də Paşinyanın müracətinə cavab olaraq bildirib ki, hər iki tərəfin razılığı olmadan rus qoşunları bölgəyə sülhməramlı qüvvə kimi yeridilə bilməz.

ATƏT-ni MQ-nın ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayze müsahibəsində bildirib ki, rəsmi Kremilin əsas məqsədi öz qoşunlarını sülhməramlı qüvvələr adı altında bölgəyə yerləşdirməkdir: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə qatılmaq marağı yoxdur. O, qərəzsiz vasitəçi kim görünmək istəyir ki, sonda Azərbaycanı rus qoşunlarını sülhməramlı qüvvə kimi bölgəyə yeridilməsinə razı sala bilsin. Bu, Rusiyaya onillər boyu bütün regiona təsir göstərmək imkanı verəcək".

Lakin məsələnin digər tərəfi ondan ibarətdir ki, 1994-cü ildə keçirilən ATƏT-in Budapeşt sammitində qərar qəbul edilib ki, münaqişə zonasına sülhməramlı qüvvə kimi, yalnız çoxmillətli qüvvələr yerləşdirilə bilər. Həmin vaxt dörd ssenari tərtib edilmişdi ki, hər dörd halda çoxmillətli sülhməramlı qüvvələrdən söhbət gedirdi. Hazırda bu istiqamətdə elə ciddi irəliləyiş və yeniliklər yoxdur.

Məsələyə münasibət bildirən Elxan Şahinoğlu qeyd edib ki, bu məsələ bizim üçün hazırda müzakirə mövzusu deyil: "Azərbaycan Ordusu uğurla irəliləyir, bu neçə ildə şərtləri onlar diktə etməyə çalışırdı, indi isə şərtləri diktə etmək sırası bizdədi, çünki uğurlarımız var. Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi bizim maraqlarımıza cavab vermir. Ona görə ki, sülhməramlılar dedikdə, açıq-aşkar anlamaq lazımdır ki, söhbət rusiyalı sülhməramlılardan gedir. Nikol Paşinyan da, məhz Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsini istəyir. Biz buna indi yox, münaqişənin həllinin heç bir mərhələsində razı olma bilmərik. Çünki rusiyalı sülhməramlılar Azərbaycan ərazisinə yerləşdirilsə, münaqişə yenə qeyri-müəyyən müddətə dondurulacaq. 2008-ci ildə Gürcüstan Abxaziya və Cənubi Osetiya münaqişəsini ona görə öz xeyirinə həll edə bilmədi ki, orada Rusiyanın sülhməramlıları var idi. Daha sonra Rusiya bu bölgəyə öz qoşunlarını yerləşdirdi və onların "müstəqilliyini" tanıdı. Çox təəssüf ki, hazırda həmin ərazi Gürcüstan üçün itrilmiş ərazilər sayılır. Azərbaycan üçün bu nümunə ola bilər və biz bu səhvi təkrarlamamalıyıq. Nə zamansa sülhməramlılar məsələsi gündəmə gələrsə, ATƏT-in 1994-cü ildə keçrilən Budapeşt sammitində qəbul edilən qaydalara uyğun addımlar atılmasına razı ola bilər. Həmin sammitdə qərar qəbul edilib ki, bu bölgədə neytral ölkələrin hərbiçilərindən ibarət sülhməramlılar yerləşdirilə bilər. Neytral ölkələr dedikdə Skandinaviya, Baltikyanı və s. kimi ölkələr nəzərdə tutulur, amma Rusiya və digər həmsədr ölkələrin silahlı qüvvələri bu işdə iştirak edə bilməz. Biz qəti şəkildə Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsinə razı ola bilmərik. Çox təəssüf ki, Azərbaycana bu istiqamətdə təzyiqlər artmaqdadır. İki gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da bu məsələni qaldırıb, amma real addımlar atmaq üçün hər iki tərəf buna razı olmalıdır. Azərbaycan tərəfi heç vaxt Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsinə icazə verməz".

Şərh və təhlillərdən də göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyan cəbhədəki uğursuzluqlarını ört-basdır etmək üçün sərsəm bəyanatlar verməkdə davam edir. Hazırkı mərhələdə şiddətli müharibə getdiyi bir dövrdə Paşinyan gah rəsmi Moskvadan kömək istəyir, gah da rus qoşunlarının sülhməramlılar qismində bölgəyə gətrilməsini. Bu da müəyyən mənada anlaşılandır - suda boğulan saman çöpünə də ümid edir...