Öz-özümüzə bir sual

23:21 14-10-2020 65

Klassik metofizik ədəbiyyatda dindar və məsuliyyətli bir şəxs laqeyd, biganə həmsöhbətindən soruşur:" Bu anda sən ölsən hansı xeyirli iş yarımçıq qalar, hansı faydalı bir işdə axsama, ləngimə olar?"

Bu sual beynimdə sanki ildırım çaxmasına səbəb oldu. Doğrudan da dağdan böyük, tərəzi qədər həssas bir sual! Əslində, biz hamımız bu sualı özümüzə verməliyik. Bu anda ölsəm hansı xeyirli işdə yubanma olar.

Camaat bizim ölümümüzdən qüssələnib bizi xeyirlə, dualarla necə yad edər?

Əgər bizim yoxluğumuzdan xeyirli işlərdə gecikmə, axsama olacaqsa və buna rəğmən həmin işlərdə bizim olmamağımız özünü biruzə verəcəksə, deməli, biz imkanımız daxilində müəyyən xeyirli işin qulpundan tutmuşuq, qeyrət göstərib çalışmışıq ki, indi yerimiz görünür və camaat bizi rəhmətlə yad edir, ardımızca dualarda bulunur. Əksinə, qabiliyyət və imkanlarımızı sağ ikən səfərbər etməyib, heç bir xeyirli işdə iştirakımız olmayıbsa, camaat ardımızca sadəcə "Allah rəhmət eləsin" deyibsə, deməli, bizim varlığımızla yoxluğumuz arasında heç bir fəriq olmayıb, sadəcə ot kimi bitib, ot kimi yox olmuşuq. Yəni Rəbbimizə layiq bir bəndə, qul olmaq əvəzinə, öz şəxsi mənfəətimiz üçün çalışmışıq, heç kimə xeyirimiz dəyməyib. Rüşvətxor və korrupsioner məmurlar kimi.

Bəziləri etiraz edib deyə bilərlər ki, mən ot kimi bitən və ot kimi həyat sürən adam olmaq istəmirəm. Amma mənim bu işdə iştirakım üçün nə qabiliyyət, nə də pulum var. Sözsüz ki, belə mühakimə əsla İslami deyil. Belə düşüncə tərzi vəsvəsənin özüdür. Çünki hər bir insan imkanı, qabiliyyəti, məqam və mövqeyi nisbətində bir işin qulpundan yapışmalıdır. Və ona verilən bu dəyərlər nisbətində xeyirli işlərdə cəmiyyətə dəstək verməlidir. Gördüyü işi  ikinci, üçüncü dərəcəli saymayıb, ümumi işdə öz əməyinin fərqində bulunmalıdır. Necə ki, İncildə "O qadının verdiyi qəbul oldundu" deyilib.

Səxavətli və məşhur olan Hatəm bir kəndlinin qonağı olur. Ev sahibi Hatəmin şərəfinə on beş qoyun kəsir. Bunu görən Hatəm ona yüz əlli dəvə hədiyyə edir və deyir ki, kəndli məndən daha səxavətli və daha comərddir. Səbəbini soruşduqda Hatəm buyurur:" O fağır kəndli bütün qoyunlarını kəsdi, mən isə malımın az bir hissəsini ona bağışladım".

Göründüyü kimi hizmətdə, qulluqda, ictimai əməkdə verilən əşya və ya pulun miqdarı əsas deyil. Əsas olan hər kəsin durumuna, qabiliyyətinə görə verilməsidir. Qulluqda məqbuliyyətin ölçüsü az və ya çox deyil. Əsas məsələ hər kəsin imkanına görə verməsidir. Bax, bu tərəzi ilə özümüzə həmin sualı versək onda deyərik: "Bu anda mən ölsəm hər hansı xeyirli bir işdə yoxluğum bilinər.

 O ki qaldı nəinki xalqın xeyir və şərində, çətin və yaxşı günlərində iştirak etməyən məmurlara, bunlar ot kimi cücərib, ot kimi məhv olan zəlillərdən başqa bir şey deyil. Bunlar tarix və cəmiyyət tərəfindən lənətlənmiş məxluqlardan başqa bir şey deyil.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru