Şəhidlər ölmür, haqqa qovuşur

23:23 14-10-2020 70

Şəhid atası Tələt
İsmayılov:
"Axırıncı dəfə evdən
çıxanda çox sevinirdi, bu sevincin yeganə
səbəbi isə müharibənin başlayacağı ümidi idi"

 Şəhid Səbuhi Əliyev:
"Müharibə başlasa, mənə
tam arxayın ola bilərsiniz"

 Şəhid atası Rahil
Rəhimov:
"Hərbi kommisarlığa
qədər onu müşaiyət
etməyə belə, bizə
imkan vermədi"

 Bu gün şanlı Azərbaycan Ordusu 30 ildir işğal altında inildəyən Vətən torpağını azad etməkdədir. Ötən otuz il ərzində düşmən bugünkü reallığa inanmadı, kiminsə qoltuğuna sığınaraq eyforiyaya qapıldı və bu eyforiya nəşəsinin təsiri altında "Qarabağ Ermənistandır", "Biz nəinki tutulan torpaqları qaytarmaq, əlavə ərazilər əldə etmək fikrindəyik" kimi sayıqlamalarda bulundu. Bütün bunların nəticəsində 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu ermənilərin növbəti azğınlığına dözmədi və işğal altında inildəyən vətən torpaqlarının azad edilməsinə, ərazilərimizi terrorçulardan təmizləyərək ərazi bütövlüyümüzün bərpa edilməsi prosesinə başladı. Hazırda Azərbaycan Ordusunun haqq işini seperatçı erməniləri müdafiə edən, bir əlin barmaqlarının sayı qədər belə olmayan dövlətlərdən başqa, bütün dünya və beynəlxalq təşkilatlar dəstəkləyir. Əslində, danışıqların uzandığı otuz il ərzində də dünyanın ən mötəbər beynəlxalq təşkilatları Azərbaycanın haqlı olduğunu dönə-dönə vurğulayıb. BMT Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması barədə dörd qətnamə qəbul edib. Bu da səbəbsiz deyil, işğal altındakı rayonlar və Dağlıq Qarabağ BMT tərəfindən Azərbaycan ərazisi olaraq tanınır. Ermənistanın bu əraziləri işğal etməsi de-yure və de-fakto təsdiqlənib. Azərbaycanın bu məsələdə narazı qaldığı yalnız bir və həlledici məqam, ermənilərin işğal edilmiş ərazilərdən çıxmağa məcbur edilməməsidir. Azərbaycan Ordusunun bugün həyata keçirdiyi cəzalandırma əməliyyatı, məhz beynəlxalq təşkilatların yerinə yetrilməyən qərarlarının icrası kimi qiymətləndirmək olar. Çünki yuxarıda qeyd etdiyim kimi, bugün Azərbaycan əsgəri BMT-nin qəbul etdiyi qətanmələrin icrası ilə məşğuldur. Amma çox təəssüflər olsun ki, biz bu yolda nə qədər müasir elm və texnikanın öncül naliyyətlərindən istifadə etsək də, şəhid veririk, ata, oğul, hətta, nəvə itiririk. Bəli, bu hər bir vətəndaşımız və soydaşımız üçün ağırdır, amma daha ağır olanı Vətən torpağının murdar erməni taptağı altında inildəməsi, bu torpaqların müdafiəsi və azadlığı uğrunda canını qurban verən şəhidlərimizin ruhunun rahat olmamasıdır. Dədəmiz Qorqud bizi belə tərbiyə edib ki, vətən torpağı qorunmalı, azad və firəvan olmalıdır. Ona görə də damarlarında Oğuz qanı axan heç bir kişinin səbri sona qədər bu hala dözə bilməzdi və dözmədi də.

Artıq onilliklərdir ki, Oğuz elinin igidləri bu savaşa hazırlaşırdı, uşaqlı-böyüklü hamı bilirdi ki, böyük savaş bizi gözləyir. Bu səbəbdən də Oğuz elinin bir oymağı olan, Beyləqan rayonunun Orta Əlinəzərli kəndinin gəncləri hərb sənətinin öyrənilməsinə xüsusi diqqət yetirir, çoxları isə hərbi xidmətdən sonra həyatını ordu ilə bağlayaraq, peşəkar döyüşçü olmağı qarşısına məqsəd qoyur. Orta Əlinəzərli kəndindən bu gün cəbhədə altmışdan çox peşəkar, ondan çox könüllü, ona yaxın isə qismən səfərbərlik çərçivəsində xidmətə çağırılan əsgər və zabitlər döyüşür, Vətən torpağını mənfur düşmən tapdağından təmizləyir. Bu yerdə onu da vurğulayım ki, birinci Qarabağ müharibəsində də Orta Əlinəzərli kəndindən yüzə yaxın gənc döyüşüb, onlardan iki nəfəri - Paşayev Paşa İbrahim oğlu və Əliyev Kərəm Qədim oğlu şəhid olub. Bu gün həmkəndliləri onların qanı tökülən torpaqları işğaldan azad etməkdədir. Çox təəssüflər olsun ki, Əlinəzərli camaatı 27 sentyabırda başlanan müqəddəs savaşda da şəhidlər verdi. Artıq dörd şəhidimiz var, "Vətən sağ olsun!", deyə canını qurban verən igidlərimiz Əliyev Səbuhi Teyyub oğlu, İsmayılov Elvin Tələt oğlu, Umudlu Ayxan İlham oğlu və Rəhimov Xəyal Rahil oğludur. Bu gənclərin hamısının uşaqlığı gözümün qabağında olub, ona görə də hər biri haqqında çox sıcaqincə xatirələrim var və o xatirələrin bir neçəsini oxucularla bölüşmək istəyirəm. Əvvəlcə daha çox tanıdığım, məhəllə uşağı olan Səbuhi bəy haqqında söz açmaq istərdim. O, Teyyub kişinin ilk övladı idi, ona ad qoyulduğu an bugünki dün kimi yadımdıdı. Səbuhi adını nə üçün seçdiyini şəxsən soruşdum. Mütaliə xobbisi olan Teyyub kişi mənim sualıma cavab verdi ki, "Səbuhi" sözünün mənası sabah adamı deməkdir, mən istəyirəm oğlum sabah adamı olsun, ona görə də bu adı seçdim. Səbuhi hər şeyi bilmək istəyən, adama çoxlu sual verən, dəcəl bir uşaq kimi böyüdü. Hərbi xidmətdən gələndən sonra isə hərbiçi olmaq istədiyini bildirəndə, ailədə heç kim buna razı olmaq istəmədi. Lakin Səbuhi israr etdi və valideyinlərini sakitləşdirmək üçün hərbi hissədə mülki şəxs kimi çalışacağına söz verir. Düzü, Səbuhi bir neçə il N saylı hərbi hissədə mülki şəxs kimi işlədi. Lakin hərb sənəti onu o qədər özünə çəkdi ki, sonradan ərizəsi ilə oxumağa getdi və gizir rütbəsi ilə top komandiri kimi hərbçi həyatına başladı. Səbuhi kəndə gələndə bütün kəndi gəzir, qohumların hamısı ilə görüşür, hal-əhval tutur, xəstələri yoluxurdu, diqqətindən heç kim yayınmazdı. Bir gün eyni vaxtda doğma kəndimizi ziyarətə getmişdik. Onu ilk dəfə idi ki, hərbi formada görürdüm, dedi ki, heç vaxt kəndə hərbi formada gəlmək istəmirəm, indi elə oldu ki, işdən birbaşa gəlmək məcburiyyətində qaldım. Küçədə dayanıb xeyli söhbət elədik. Dedi top komandiriyəm, xeyli uğurlarım var, bölüyümüzün ən sərras atanı mənim komandamdı: "Müharibə başlasa, mənə tam arxayın ola bilərsiniz, mənim komandam və çiyindaşlarım düşmənə addım atmağa belə imkan verməz". Bu sözləri deyəndən sonra hiss etdim ki, gənc gizir nəsə demək istəyir - sözlü adama oxşayır - nəsə demək istəyirdin, soruşdum

-Hə, onu deyirəm, ətrafımda bu sualı kimə verirəmsə, əsaslı bir cavab ala bilmirəm - niyə müharibə edib, torpaqlarımızı azad etmirik, kimi gözləyirik, mənim yaşım keçəcək, çıxacam pensiyaya, mən görəsi işi oğluma niyə saxlayım ki? Düzü bu suala dəqiq cavab verməyə mən də aciz idim, amma nala-mıxa vurub, bir təhər, özüməuyğun tərzdə müharibənin uyğun vaxtı yetişməli olduğunu israr etdim. Gənc döyüşçü yenə mənimlə razılaşmadı: "Mən adım kimi əminəm ki, müharibə olsa erməni dığalarını İravana qədər qova bilərik, buna tam əmin ola bilərsiniz. Bu barədə yazın, dövlət başçısını inandırın ki, zaman zərərimizə işləyir, torpaqlarımızı güc yolu ilə azad etməyin vaxtıdır, hələ gecikib". Aramızda olan bu söhbətdən sonra bir daha Səbuhini görmədim. Döyüşçü yoldaşları anım mərasimində dedilər ki, Səbuhinin komandanlıq etdiyi bölüyün atdığı top mərmisi heç vaxt hədəfdən yayınmayıb, elə ona görə də mənfur düşmən onu məxsusi nəzarətə götürərək məqam düşən kimi vurdular! Ruhun şad olsun, əzizimiz, silahdaşların sənin qanını alır, üzərinə qanın tökülən Vətən torpağını qarış-qarış düşməndən azad edir. Elinin şəhid oğlu, Səbuhi Əliyev evli idi, iki oğlu var.

Elvin Orta Əlinəzərli döyüşçülərindən ən cəsarətlisi idi, desək yanılmarıq. Elvin hərbi xidmətdən qayıdandan dərhal sonra atasına bildirmişdi ki, o hərbiçi olacaq. O, bu cür qəti qərar qəbul etməsinin səbəbini həqiqi hərbi xidməti zamanı çox yaxın dost olduğu bir hərbiçimizin düşmən gülləsindən şəhid olması ilə izah etmişdi. Elvin hər vəchlə israr etmiş, atası bir neçə dəfə onun bu fikrinə etiraz etsə də, fikrindən daşındıra bilməmişdi. Elvin müddətdən artıq xidmətə qəbul edildikdən sonra atasına və dost-tanışlarına müharibənin başlayacağı anı həsrətlə gözlədiyini deyirdi. Atası Tələt kişi bizimlə söhbətində dedi ki, Elvin həmişə tələsirdi, müharibə arzulayırdı ki, dostunun qanını alsın: "Axırıncı dəfə evdən çıxanda çox sevinirdi, bu sevincin yeganə səbəbi isə müharibənin başlayacağı ümidi idi. Bir gün sonra isə mənə telefon açıb, fərəhlə bildirdi ki, ata, şükür Allaha, başladıq, gedirik dostumun və xalqımın qisasına almağa. Komandirləri israr edirdi ki, Elvinin çox nadir kəşfiyyat qabiliyyəti var, getsin oxusun, kəşfiyyatçı olsun. Amma o təkidlə "Mən döyüşçü olmalıyam, ermənilərlə üzbəüz döyüşmək, qollarım arasında dünyasını dəyişən, şəhid dostumun qanını alım",-deyirdi.

 Şəhid İsmayılov Elvin doqquz ay əvvəl ailə qurmuşdu, övladı yoxdu.

Umudlu Ayxan İlham oğlu əsasən mənimlə sosial şəbəkədə əlaqə saxlayırdı, çox gənc olduğundan kənddə yaşadığım vaxtlarda onunla elə çox təmaslarım olmayıb. Bir neçə il əvvəl ailəsi ilə birlikdə Rusiyaya köçmüşdü. Həmişə mənimlə yazışanda mütləq işğal altında olan torpaqlarımızdan söhbət açırdı: "Mən Rusiyada olduğuma baxmayaraq, müharibə haçan başlasa Azərbaycana gələcəm, xalqımın haqq işinə mütləq töhfə verəcəm. Günahsız qətl edilən soydaşlarımızın intiqamı qiyamətə qalmaz, bu biz gənclərin namus məsələsidir, namusumuzu təmizləmək bizim borcumuzdur". Elə oldu ki, Ayxan ailəsi ilə birlikdə doğma kəndinə köçməli oldu. Kəndə gələn kimi N saylı hərbi hissəyə müddətdən artıq xidmət üçün müraciət edir. Ailədə hamı Ayxanı yaxşı tanıdığından heç kim etiraz etmir, ata-ana xeyir-duası ilə həyatını hərb sənəti ilə bağlayır. Ayxan xidmətə başlayandan sonra isə böyük qardaşı Tural da onun ardınca bu yolu seçir. Ayxan peşəkar kəşfiyatçı olduğundan daima düşmənin diqqət mərkəzində olub, hərbi əməliyyatların intensivləşməsi zamanı isə qarşı-qarşıya döyüşlər zamanı qəhrəmancasına həlak olub. Şəhid Umudlu Ayxan subay idi.

Azərbaycanın Orta Əlinəzərli camaatından şəhidlik zirvəsinə yüksələn dördüncü övladı Rəhimov Xəyal Rahil oğlu oldu. Xəyal təbiətən sakit, təmkinli və qərarlı bir gənc idi. O, ailənin yeganə oğul övladı idi, həqiqi hərbi xidmətdən qayıdandan sonra kənddə öz kiçik təsərrüfatı ilə məşğul olurdu. Ölkə prezidentinin qismən səfərbərlik elan etməsi çərçivəsində hərbi xidmətə çağrılmışdı. Xəyal çağrış vərəqəsində qeyd edilən tarixdə səfərbərlik xidmətinə yollanıb və təlimlərə başlayıb. Atası Rahil Rəhimov bizimlə söhbətində bildirdi ki, hərbi kommisarlığa qədər onu müşaiyət etməyə belə, bizə imkan vermədi. Xəyal Ermənistan qoşunlarının təmas xəttinin yarılması zamanı qəhrəmancasına həlak olub. Şəhid Rəhimov Xəyal subay idi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır

 Akif Nəsirli

 Bakı-Beyləqan Bakı