Böyük güc...

23:25 14-10-2020 65

İşğalçı Ermənistan ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməsi nəticəsində mülki əhali və müxtəlif təyinatlı obyektlər ciddi zədə alıb. Bunu insan itkisi, yaşayış evləri və qeyri-yaşayış təyinatlı məntəqələrin dağıdılması, bəzi hallarda tam sıradan çıxması kimi xarakterizə etmək olar. Əlbəttə, erməni silahlı qüvvələrinin bu terror və vandalizm hərəkətlərinin əksinə olaraq, Azərbaycan tərəfi erməni mülki əhalisinə humanitar dəhliz verməyə hazır olduğunu bəyan edib. Bundan başqa, Azərbaycan tərəfi rəsmi Ermənistandan fərqli olaraq, mülki əhaliyə, mülki obyektlərə, ümumiyyətlə, onların mərkəzi şəhərlərinə hərbi zərbələr etmir. Ermənistan isə, göründüyü kimi, əbədi şəkildə genində daşıdığına sadiq qalaraq, beynəlxalq müstəvidə qəbul edilən sənədlərə məhəl qoymamaqdadır.

Son günlər cəbhə xəttində, Ağdamda, Tərtərdə, Cəbrayıl və Füzuli istiqamətində, yaxud Gəncədə, Mingəçevirdə, Beyləqanda baş verənlər Ermənistanın işğalçı ordusunun istənilən beynəlxalq qətnamə və qərarlara zidd olaraq, hərbi-siyasi cinayətlər törətməsinin bariz nümunəsidir. Bu gün işğalçı ordunun istər cəbhə xəttində, döyüş əməliyyatlarının getdiyi ərazilərdə, istərsə də ondan məsafəcə çox uzaqda törətdikləri, hesaba gəlməz fəsadlar Ermənistanın beynəlxalq tribunala verilməsinə kifayətdir.

Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisində dağıtdığı evlərin, ətraf mühitə dəyən ciddi ziyanın dəqiq miqyası tezliklə bəlli olacaq. O, raket zərbələri və artilleriya atəşi nəticəsində baş verən insan itkisini, ağır və yüngül yaralıları, aldığı zədələrdən və həyəcandan psixoloji travma almış uşaqları, tamamilə və qismən dağıdılmış mülki məntəqələri, obyektləri, bütövlükdə ətraf mühitə dəyən ziyanı özündə birləşdirir. Halbuki, yaxın tarixə müraciət etsək, 1992-ci il Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsi silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməyi, ölkələrin həyata keçirdikləri fəaliyyət zamanı məsuliyyətlərini dərk etməli olduğunu özündə əks etdirir. Lakin Gəncəyə, Tərtərə atılan, Mingəçevirə düşən silahların qalıqlarının daha hansı fəsadlar törədəcəyi də kifayət qədərdir. Bir sözlə, erməni işğalçı ordusunun həyata keçirdiyi terror təkcə hərbi, fiziki deyil, mənəvi və psixoloji travmadır ki, bütün bunlar da beynəlxalq hüququn norma və prinsiplərindən kənardır...

Rəsmi Ermənistan bu günlərdə atdığı addımlarla bir daha təsdiq etdi ki, beynəlxalq hüququn norma və prinsiplərini, öncə də beynəlxalq humanitar hüquq normalarını saya salmır. İşğalçı dövlət xüsusilə də 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların əlavə protokollarını pozmaqda davam edir. Lakin bütün vandalizm hərəkətlərinə baxmayaraq, Ermənistan beynəlxalq hüquqi məsuliyyəti dərk və qəbul etməlidir. Çünki heçnə erməni silahlı birləşmələrinə əsas vermir ki, Azərbaycanın cəbhə xəttinə daxil olan və ondan uzaqda yerləşən ərazilərinin əhalisinə, bütün məqamlarda hüquqları qorunmalı olan mülki əhaliyə zərbələr endirsin. İşğalçı ordunun icazə verilən və verilməyən silahlardan istifadə etməklə atdığı raket, artilleriya zərbələri həm insan faktoruna və obyektlərə, həm də mülki əhalinin təhlükəsizliyinə, onların sağlam ekoloji mühitdə yaşamasına edilən qəsddir. Bu qədər tələfatın və ərazilərimizə, insanlarımıza dəyən hərtərəfli zərərin müqabilində, Azərbaycan tərəfi yenə də öz humanizmindən və beynəlxalq norma prinsiplərindən vaz keçmir. Elə bu yaxınlarda döyüş bölgəsindən təxiyyə edilən erməni qadın Aznik Baqdasaryana qarşı münasibətdə bunu görmək mümkündür. Son hadisələr vaxtı az qala günün “qəhrəmanı”na çevrilən erməni qadının sonradan hərbçi, ya da tibb bacısı olması barədə də məlumatlar yayıldı. Sözsüz ki, erməni qadının hansısa “qəhrəmanlığı”ndan danışmırıq bu məqamda. Əsgərlərimizin bu erməni qadınına qarşı humanist münasibətinin fonunda onun bizimkilərlə rastlaşacağı təqdirdə öldürüləcəyi düşüncəsinin, belə müdhiş təsəvvürünün qarşılığında, qadının tam əksini görməsi və onun hətta Bakıda vaxtilə özünün, nənəsinin evini də görməsi, biz tərəfdən, ən azından insanlığın təzahürüdür. Bu münasibət isə təkcə təhlükəsizlik, humanizm baxımından deyil, başqa müstəvidə də özünü göstərir. Necə ki, erməni qadını milli mətbəximizin vazkeçilməzi olan qutabın, paxlavanın da dadına baxır...

Müharibələr, savaşlar zamanı mülki əhalinin, günahsız insanların zərər görməməsi əksər millətlərə xas cəhət ola bilər. Lakin Ermənistan yenə də bu sıradan geri qalmaqla özünəməxsus şəkildə fərqlənir. Göründüyü kimi, işğalçıların bütün normalara zidd olaraq atdığı addımların fəsadları ortadadır. Buna baxmayaraq, bu gün Azərbaycan tərəfi mülki erməni əhalisinə yenə də humanizm münasibəti göstərir, onların işğal etdikləri torpaqlarımızdan çıxıb getməsini, övladlarının erməni təxribatçılarına alət olmamasını tövsiyə edir. Halbuki, zamanında biz, bütöv soydaşlarımız qarşı tərəfdən bu münasibətin tam əksini görmüşük. Xocalı və işğal olunmuş digər ərazilərimizin mülki əhalisinə qarşı törədilən vəhşiliklər, vandalizm hərəkətləri artıq bütün dünyaya məlumdur. Təbii, bəzi dünya ölkələri bu hərəkətlərin heç bir qanunlara, mizan-tərəziyə sığmadığını bilsə də, susmaqda, işğalçını dəstəkləməsə də, səsini də içinə salmaqdadır. Halbuki, dünyanın güclü dövlətləri, beynəlxalq təşkilatlar işğalçının mülki əhaliyə qarşı tutduğu mövqeni dəyişməyə, baş verən terrorçuluq əməllərindən, qəddarlıqdan, insanların bütün hüquq-azadlığının pozulmasına yönəlik əməllərdən çəkindirməyə çağırmalıdır.

Əslində, işğalçı Ermənistanın zəbt etdiyi ərazilərimizin əzəli Azərbaycan torpaqları olması bütün dünya dövlətlərinə məlumdur. O da məlumdur ki, humanitar atəşkəsin məqsədi humanist prinsiplərə dayansa da, onun pozulması artıq bu adın əksinə işləyir. Mövcud vəziyyətdə erməni işğalçı ordusu öz millətindən olanların cəsədlərinə, meyitlərinə də tam etinasız yanaşır və verilən fürsəti gözardına alır. Bütün baş verənlərə diqqət edəndə, mayası terrorçuluqdan, vandalizmdən, hərbi-siyasi cinayətlərdən yoğrulan Ermənistandan başqa hərəkət gözləmək də mümkün deyil. O halda, müharibəni işğalçılıq siyasətindən deyil, ərazilərimizi azad etmək niyyətindən öz torpağımızda aparan ordumuz yenə də erməni mülki əhalisini nəzərə alır...

Erməni yaraqlılarının Xocalıda törətdikləri qətliamların, Xocavənddə, Qaradağlıda silos quyusunda diri-diri basdırdıqlarının, 70 uşağı boruya yığaraq qəddarlıqla öldürmələrinin fonunda...

O fonda nəzərəalmalar sönük, çox sönük və hətta lazımsız görünsə də...

Və indiyədək baş verən faciələrimizin, erməni işğalçılarının yaşatdığı dəhşətlərin fonunda, yenə də humanizm prinsiplərini nəzərə almaq böyük güc istər...

Ordunun, hərbi qüvvəmizin qüdrətindən az olmayan bir qüvvə...

 

Nigar Orucova