QURAN NECƏ ÖYRƏDİR: TƏŞBİH VƏ TƏMSİLLƏR

23:27 14-10-2020 40

Allahın boyası, rəngi

 (V yazı)

 Kafirin aqibəti

 "Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşrik və kafirlərə) belə cəza veririk" (Əraf 40).

Bu ayə ilahi kəlamları yalan sayan və imanının küfrlərinə yem edənlərin -kafir və müşriklərin aqibətilə əlaqəlidir. Ayədəki "dəvənin iynə deşiyindən keçməsi" bir işin qeyri-mümkünlüyünə işarə edir. Yəni dəvə iynənin deşiyindən keçmədiyi kimi, kafir və müşriklər də Cənnətə daxil ola bilməzlər. Orijinaldakı "cəməl" sözü dəvə deməkdir. Bəziləri bu sözü "kəndir" kimi tərcümə etsələr də, əksəriyyət ayənin təşbih və təmsili olmasını nəzərə alıb həmin sözü doğru olaraq "dəvə" kimi tərcümə ediblər. Qeyd edək ki, bu təmsil həz. İsanın İncildəki sözlərindən biridir. Bir də dəvə girmək istədiyi yerə özü girərsə, kəndir isə özü yox, müdaxilə vasitəsilə girir. Nə üçün başqa heyvan yox, məhz dəvə? Məlumdur ki, bu heyvan həm böyüklüyü, həm də ölçüləri qeyr-simmetrik olan bir canlıdır. Ayədə "dəvə iynənin gözündən keçməyənə qədər" ifadəsi dəvənin iynə deşiyinə nisbətən çox böyük olmasına və bədəninin də enişli-yoxuşlu vəziyyəti ilə iynə deşiyindən keçməsinin qeyri-mümkünlüyünə işarə edir. Çox yerində işlədilən bu təşbih tavada bişən balığın yenidən qayıtmasına bənzər.

Ayədəki "göyün qapıları açılmaz" ifadəsi müvəssirlər tərəfindən müxtəlif şəkildə şərh olunub:

- duaları müstəcəb olmaz (qəbul edilməz);

- ruhları yüksəlməz;

- mənəvi aləmin sirlərinə vaqif ola bilməzlər;

- onlara yardım edilməz, bərəkətə nail olmazlar.

Razi ayənin bu hissəsinə belə şərh verib: "Ruhlar səmadan xeyirli enməsilə xoşbəxt olurlar. Bu isə ona dəlalət edir ki, səmavət (göylər) ruhların səadət diyarıdır". Xeyir və bərəkətlər ordan enər, gələr. Kamil səadəti əldə edən ruhlar oraya yüksələr.

Ümumiyyətlə, Qurani-Kərimdə kafirlərin aqibəti ilə bağlı kifayət qədər təmsilli və təmsilsiz ayələr vardır. Məsələn, "Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki, Allah (orada) murdarı (kafiri) pakdan (mömindən) ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və cəhənnəmə atsın..." (Ənfal 36, 37). Ayədəki "bir-birinin üstünə yığıb" ifadəsi kafirləri dəyəri olmayan atılacaq şeylər kimi təsvir edib. Kafir insanlığın çürüyü, mənəvi xəstəsi olduğu üçün aqibətləri də atılacaq şeylərin aqibəti kimidir. Qurani-Kərimin kafirin aqibətini-dünyasını təşbih və təmsillərlə anlatdıqdan sonra onların dünyadan ayrılmasını belə təsvir edir: "Onlardan ötrü nə göy, nə də yer ağladı..." (Duxan 29). Ərəblər dəyərli bir şəxs vəfat etdikdə belə deyirlər: "Göy də, yer də onun üçün ağladı". Zəməxşəri ayəni belə açıqlayıb: "Onlar üçün nə göy əhli olan mələklər, nə də yer əhli olan insanlar ağladı. Onlara heç kim heyfislənmir. Onlar etiqadlarına görə bir soxulcan, böcək dəyərindədirlər.

 İman-küfr münasibətlərində təşbih və təmsillər

 Gözəl və xəbis ağac

 "Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalımları (haqq) yoldan sapdırar. Allah istədiyini edər!" (İbarhim 24-27).

İslam dini xurma misalında gözəl bir ağaca, sirk isə köksüz bir ağaca bənzədilib. İslam ağacının kökü qəlbdəki "Lə iləhə illəlləh" kəlməsidir. İman qəlbdə kök salar, saleh əməllə meyvələrini verər. Müfəssirlərin bəziləri hesab edib ki, "İman və İslam ağacının kökləri elm, mərifət və yaxındır. Gövdəsi ixləs, budaqları əməllərdir. Ağac sulanmazsa qurduğu kimi, qəlbdəki İslam ağacı da faydalı elm, saleh əməl, zikr və təfəkkürlə sulanmazsa quruyar. Ayədəki pis-xəbis ağac isə sirk ağacına işarə edir. Sirkin dəlili yoxdur. Nə yerdə sabit bir kökü, nə də göydə budağı var" (İbni Qayyum). Alusi hesab edib ki, iman ağacının gövdəsi mərifət, budaqları məhəbbət, yarpaqları şövq, gözətçisi halal-harama riayət etməkdir. Nəsəvi isə yazıb: İmanın tərcümanı olan kəlimei təvhid gözəl bir ağacdır. Kökü də qəlbən təsdiq, budağı dillə iqrar, meyvələri əməllərdir. Meyvəsi olmayan ağac da bir ağacdır. Onun kimi əməli olmayan bir mömin, mömindir. Lakin ağacdan gözlənilən meyvədir. Meyvə verməyən ağaclar atəşə atılır. Raziyə görə daim meyvə verən ağac mərufətulləhdir - Allah mərifətidir. Bizim bildiyimiz ağaclar həmişə meyvə verməz. Mərufətulləh isə daima meyvə verir. Mərifətulləhə sahib olanın baxışı ibrət, eşitməsi hikmət, sözü həqiqətdir. Həmin adamdan gələn söz saleh əməl, doğru yol, dəqiqlik, Allah üçün göz yaşı bir meyvədir. Bir sıra rəvayətlərdə bu ağacın xurma ağacı olduğu bildirilsə də, hər halda bunu bir misal kimi qəbul etmək lazımdır.

Pis, xəbis ağac isə sürkdir, hər çirkin sözdür (Zəməxşəri). Cəfəri-Sadiq ayədəki pis ağacı şəhvət ağacı kimi qəbul edib. Şəhvət ağacı nəfs torpağında bitər. Bu ağacın suyu əməl, yarpaqları tənbəllik, meyvələri günahlardır. Və bu ağacın aqibəti atəşdə yanmaqdır. Alusinin yazdığına görə, siə təmiz şəcərəni Əhli-Beyt, pis şəcərəni isə Əməvilər kimi qəbul edib. Nə isə... doğrusunu Allah bilir.

 Təmiz və pis ərazi

 "Təmiz bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. Pis bir məmləkətin bitkiləri isə yalnız çox çətinliklə (özü də az) yetişər. Biz ayələrimizi şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik" (Əraf 58). Ayə mömin və kafirin durumu üçün bir məsəldir. Bundan başqa belə təfsirlər də mövcuddur:

1) Adəm və nəsli; kimi təmiz, kimi xəbis;

 2) Allahın kitabını eşidib ağlı ilə anlayan və əksinə;

 3) Tez anlayanlar, gec anlayanlar;

 4) Öyüd-nəsihət qəbul edən və etməyən qəlblər;

 5) Mömin-münafiq.

Bu ayə (Əraf 58) özündən əvvəlki ayə ilə oxunsa daha yaxşı anlaşılar: "Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərdən belə) çıxacağıq. Bəlkə düşünüb ibrət alasınız!" (Əraf 57).

Ayənin məalını verən İbni Qayyum belə yazıb: "Allahu-Təala səmadan qəlblərə endirdiyi vəhyləri yerə endirilən suya-yağmura bənzədib. Hər ikisində də həyat vardır. Qəlbləri yerə bənzətdi. Çünki bitkilər yerdən çıxdığı kimi, əməllər də qəlbdən çıxır. Vəhydən faydalanmayan qəlb, sudan faydalanmayan torpaq kimidir. Vəhyə inanıb ona əməl edən qəlb isə yağmur vasitəsilə bitkilərini çıxaran yer kimidir".

Hər iki ayəni ümumiləşdirib bu fikrə gələ bilərik ki, peyğəmbərlər və onların varisləri olan şəxslər rəhmət yüklü bulud kimidirlər. Onların gəlməsindən öncə ruzigar dalğalanır və bunun ardınca bollu bərəkət-yağış gəlir. Yer üzü yaşıllaşır-dirilir. Bu ərazilərdə gözəl meyvə verən bitkilər yaranır. Əksinə, yağış düşməyən ərazidə heç bir şey bitməyəcək.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru