Ermənilər indi də İraqdan silah daşıyır: Gizli marşrutun izi ilə

14:38 15-10-2020 75

Sentyabrın 27-də, səhər saatlarında Azərbaycan ordusunun mövqelərinə qəflətən hücuma keçən Ermənistan silahlı qüvvələri çox sərt cavab alaraq geri oturduldular. Ordumuz bununla kifayətlənməyərək əks-hücuma keçdi və İkinci Qarabağ savaşı belə başladı.

İndi humanitar atəşkəsdir, Vətən müharibəsi aparan dövlətimiz Moskvada imzalanmış atəşkəsin şərtlərinə əməl edir.

Ermənistandan fərqli olaraq.

Baş nazir Nikol Paşinyanın administrasiyası faktiki olaraq “müharibə partiyası”na çevrilib və Qarabağ cəbhəsində darmadağınla üzləşən Ermənistanı fəlakət uçurumuna aparır.

Azərbaycan əsgərinin regional geosiyasi qüvvələr nisbətini dəyişdiyi, hərbi analitiklərin və ekspertlərin “5-ci nəsil texnogen müharibə” adlandırdığı hərbi əməliyyatlar apardığı, münaqişə tərəfləri arasında atəşkəs rejiminin tətbiq edilməsini nəzərdə tutan Bişkek protokolunun imzalandığı gündən bəri ötən 28 il ərzində Dağlıq Qarabağda və daha 7 rayonda ermənilərin “alınmaz müdafiə istehkamları şəbəkəsi” kimi qələmə verdikləri “Ohanyan xətti”ni yerlə yeksan etdiyi dönəmdə Ermənistan məcburi kapitulyasiyanın bir addımlığındadır.

Azərbaycanın reallaşdırdığı sülhə məcburetmə əməliyyatında uduzmamaq, mümkün qədər çox müqavimət göstərmək üçün Ermənistan bütün resurslarından maksimum istifadə edir.

Nikol Paşinyan dünən etiraf etdi ki, Ermənistandakı profil müəssisələr artıq sutkada 24 saat işləyir, Müdafiə Nazirliyinin tələbatını təmin etməyə çalışırlar.

Ölkədə hərbi vəziyyətdir və tam səfərbərlik elan olunub. Ordu sıralarına hətta yaşı 55-i keçmiş vətəndaşlar belə çağırılır və Qarabağa, səngərlərə göndərilirlər. Onların hər birinə sadəcə, hərbi geyim, sovet dönəmindən qalmış “Kalaşnikov” avtomatı və üç güllə darağı verilir.

Düşmənin ən ciddi problemi isə silah, hərbi texnika və sursat çatışmazlığıdır.

Azərbaycan ordusu hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun və qarabağlı erməni separatçılarının irrequlyar dəstələrinin sursat anbarlarını, zirehli texnikasını və artilleriya qurğularını məhv etdiyindən, Qarabağ savaşı teatrında ermənilər çox ciddi silah və hərbi texnika çatışmazlığı ilə üzləşiblər.

Erməni ekspertlərin fikrincə, hazırda Ermənistanın silahlı qüvvələrinin Qarabağda sursat və silah ehtiyacının cəmi 32 faizi təmin olunub.

68 faizlik çatışmazlığı aradan qaldırmaq üçün rəsmi İrəvan strateji baxımdan ənənəvi, taktiki baxımdan fərqli üsullara əl atır.

Ermənistan humanitar atəşkəsdən maksimum faydalanmağa və döyüşlərin səngidiyi zamanda silahlanmağa çalışır.

İrəvanın maliyyə imkanları yox dərəcəsindədir: sentyabrın 27-də döyüşlər başlanandan bəri Ermənistan Qarabağ cəbhəsində 1,1 milyard dollarlıq hərbi texnika, nəqliyyat və aviasiya vasitələri, sursat və s. itirib.

Ermənistanın büdcəsindəki kəsir 38 faiz artıb, xarici borcun toplam miqyası ümumdaxili məhsulun 67,6 faizinə çatıb.

Bu, faktiki olaraq iqtisadi-maliyyə fəlakətidir və Ermənistanın yeni kreditlər almaq fikrinə düşəcəyi təqdirdə çox ağır şərtlərlə üzləşəcəyini ehtiva edir.

Məhz bu səbəbdən N.Paşinyan iqtidarı xarici ölkələrdə yaşayan ermənilərə üz tutaraq yardımlar istəyib.

Erməni diaspor təşkilatları arasında ən böyük maliyyə strukturu olan Ümumerməni Fondu (Hayastan All Armenian Fund) çağırışa səs verərək “Himnadram” saytı vasitəsilə ermənilərdən pul toplamağa başlayıb.

Şərt də var: xarici ölkələrdə yaşayan ermənilər Qarabağa savaş başlandığından dolayı, Ermənistana və qarabağlı ermənilərə təcili yardım üçün aylıq gəlirlərinin 20 faizini “Himnadram”da göstərilmiş hesablara köçürməlidirlər.

Bu günə olan məlumata görə, qarabağlı ermənilərə və Ermənistana yardım üçün artıq 120,666 milyon dollar yığılıb.

Toplanmış maliyyə vəsaitinin sadəcə, humanitar yardımlara yönəldiyini düşünsək, yanılarıq.

Tam əksinə - pullardan Ermənistanın silah, sursat və hərbi texnika alması üçün istifadə olunur.

Rəsmi İrəvan məhz erməni diasporun maliyyə yardımlarından bəhrələnərək dünyanın bir sıra ölkələrində offşor şirkətləri vasitəsilə sursat və silah alır, yükü “humanitar yardım” kimi rəsmiləşdirir, təyyarələrə yükləyir və dərman preparatlarından tutmuş, ərzaq konteynerləri formasında daşıyır.

İrəvandakı Zvartnos aeroportuna enən təyyarələrdən boşaldılan böyük qutularda, konteynerlərdə nə olduğunu kimsə soruşa bilməz. İzafi maraq göstərən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının diqqətini cəlb edir.

Fərqli ölkələrdən Ermənistana humanitar yardım adı ilə tank əleyhinə daşınan zenit-raket sistemləri, bu sistemlər üçün raketlər, minaatanlar, haubitsalar üçün mərmilər, güllələr və s. arasında artıq İraqdan gətirilən sursatla silah da var.

Belə ki, İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin ikinci böyük şəhəri olan Süleymaniyyədən İrəvana təyyarə yollanıb.

Süleymaniyyədən Ermənistana, İrəvandakı Zvartnots aeroportuna HYA7016 reysi ilə uçan Boeing 737-400 yük təyyarəsi gizli uçuşu həyata keçirib.

Təyyarə Yunanıstanın “Olympis Airlines” aviaşirkətinə məxsus idi.

Belə ki, bu aviareys barədə Süleymaniyyə aeroportunun saytında, habelə İraq Kürdüstanının müvafiq rəsmi qurumlarının veb-resurslarında heç bir məlumat yoxdur. Aviareys o qədər məxfi saxlanılıb ki, Süleymaniyyə aeroportuna enən istisnasız olaraq bütün (!) təyyarələrə xidmət göstərən yerli “Azmar Air Handling and Airport Services” şirkətinin saytında da hər hansı informasiya yer almayıb.

“Olympis Airlines”ın saytında isə, ümumiyyətlə, aviaşirkətin Süleymaniyyə şəhərinə uçuşlar gerçəkləşdirmədiyi yazılıb. Yunan aviaşirkətinin İrəvana reysləri var, o da sərnişindaşıma marşrutudur.

Süleymaniyyə aeroportunun uçuş və eniş trafik cədvəllərində əks olunmamış reyslə uçan təyyarə səmaya qalxaraq İrəvana yollanandan sonra uçuş zolağının yaxınlığındakı karqo meydançasını 4 yük maşını tərk edib.

Ağırtonnajlı bu avtomobillərin yükü təyyarəyə daşınmışdı.

Təyyarə Zvartnosda eniş edib, yükü boşaldılıb. 6 saat 40 dəqiqədən sonra Boeing 737-400 geriyə, Süleymaniyyəyə qayıdıb.

4 saat 20 dəqiqə Süleymaniyyə beynəlxalq aeroportunda qalan təyyarə Yunanıstanın paytaxtı Afinadakı “Elefterios Venizelos” beynəlxalq hava limanına yönəlib.

Boeing-in yükünə gəldikdə isə, onun Ermənistana və qarabağlı ermənilərə göndərilmiş humanitar yardım olduğunu ermənilər sonradan bəyan ediblər.

ABŞ-dakı Pont Yunanları Cəmiyyəti və Yunanıstan Erməniləri Cəmiyyətinin “Hayastan” Ümumerməni Fondunun rəhbərliyi ilə keçirdiyi "xeyriyyə marafonu"ndan əldə olunmuş 8,2 milyon dollara yardım alındığı vurğulanır.

Lakin nə ABŞ-da, nə də Yunanıstanda belə marafon keçirilməyib və qeydə alınmayıb.

ABŞ-dakı Pont Yunanları Cəmiyyəti (Pontian Greek Society, PGS) sadəcə, “erməni qardaşlara dəstək” məqsədilə “Himnadram” saytındakı hesablara 100 min dollar köçürdüyünü bəyan edib.

100 min dolların rəsmən açıqlandığını nəzərə alsaq, 8,1 milyon dollarlıq "ianə"nin yığım üsulu və forması yenə də qaranlıq qalır.

Həmin vəsaitin Yunanıstan və ABŞ-dakı erməni icmasının yunan icmasının diaspor təşkilatlarının qeyri-rəsmi şəkildə ayırdığını, sonra da o pullara silah və hərbi sursat alınaraq xüsusi reyslə İrəvana göndərildiyini güman etmək olar.

Daha doğrusu, bu güman yox, artıq rəsmən təsdiqlənməyən faktdır.

Moskvadan İrəvana hər gün belə gizli reyslərin olduğunu, hətta Rusiyanın Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə “humanitar yardım” adı ilə ermənilərə silah və sursat daşındığını, ən nəhayət, Ermənistanın baş nazirinin müavini və XİN başçısının müavinin təyyarə ilə silah “şerpa”çılığı ilə məşğul olduğunu nəzərə alsaq, gümanlar təsbit olur.

Milli.Az