Azərbaycan təhdid törədən hərbi hədəfləri vuracaq: Ermənistan isə “Rus NATO-su”ndan qovula bilər

22:08 15-10-2020 65

KTMT tərkibində və ya ikitətəfli anlaşmaların çərçivəsində təsbit olunmuş hər hansı öhdəliklər beynəlxalq hüquq normalarından, o cümlədən də, BMT-nin Nizamnaməsindən üstün ola bilməz... Ermənistan məqsədyönlü şəkildə KTMT-ya üzv dövlətləri onlara heç bir aidiyyatı olmayan hərbi münaqişəyə cəlb etməyə çalışır... Halbuki Azərbaycanın yaşayış məntəqələrini vurmaqla, Ermənistan təcavüzə uğrayan deyil, məhz təcavüz edən ölkə rolunda çıxış edir...

Yenixeber.org: Cənubi Qafqazın savaş poliqonunda silahlı toqquşmalar hər ötən gün daha da intensiv xarakter almaqdadır. Belə ki, savaş artıq konkret nəticə əldə olunma mərhələsinə doğru irəliləyir. Və bu baxımdan, kənar müdaxilənin mövcud situasiyanı daha da gərginləşdirə biləcəyi artıq qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Azərbaycan ordusu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın son 30 ilə yaxın bir müddətdə sülh danışıqları ilə problemin həllinə nail ola bilmədikləri üçün indi bu məsələni özü nizamlamaq məcburiyyətində qalıb. Həm də, Azərbaycan ordusu artıq hər kəsə sübut etməyə nail olub ki, Dağlıq Qarabağ probleminin həlli yolunu ATƏT-in Minsk Qrupu həmsədrlərindən daha yaxşı bilir və bunu uğurla icra edir.

unnamed.jpg (40 KB)

Hər halda, savaş meydanından gələn xəbərlər bunu birmənalı şəkildə təsdiqləyir. Üstəlik, beynəlxalq hərbi ekspertlər də Azərbaycan ordusunun mütləq qələbəyə çox yaxın olduğunu açıq-aşkar etiraf edirlər.

Təbii ki, belə vəziyyətdə Ermənistanın biabırçı hərbi məğlubiyyətini istəməyən bəzi beynəlxalq güclər, xüsusilə də, rəami İrəvanın ən yaxın himayədarları artıq ciddi şəkildə narahat olmağa başlayıblar. Bir tərəfdən, Ermənistanın ən yaxın tərəfdaşlarından biri olan Fransanın prezidenti Emmanuel Makron rəsmi İrəvanı dəstəkləyən açıqlamalar verir. Dugər tərəfdənsə, Azərbaycana təzyiq göstərməyə cəhd göstərir.

Ancaq Azərbaycanın Prezidenti İlham Əliyevin mövqeyi sərt və qətidir. Belə ki, Azərbaycan Prezidenti hərbi əməliyyatların Ermənistan ordusu işğal olunmuş əraziləri boşaldana qədər davam edəcəyini artıq birmənalı şəkildə vurğulayıb. Və bu, rəsmi Bakının birmənalı siyasi iradəsidir.

Maraqlıdır ki, Azərbaycan ordusunun qalibiyyətə addım-addım yaxınlaşdığı və 30 illik işğalın sona çatmaq üzrə olduğu bir məqamda “atəşkəs” təklifləri ortaya atıldı. Hər iki münaqişə tərəfinin sülh danışıqları masasının arxasına keçməsinin vacibliyi qabardıldı.

755924791692901.jpg (551 KB)

Şübhəsiz ki, savaş meydanında inkaredilməz uğurlar və olduqca ciddi üstünlük qazanmış Azərbaycana indiki situasiyada hərbi-siyasi cəhətdən, “atəşkəs” qətiyyən sərfəli deyil. Bununla belə, rəsmi Bakı sülhməramlı mövqe nümayiş etdirərək, Rusiya prezidenti Vladimir Putinin hər iki münaqişə tərəfinə ünvanlanmış “humanitar atəşkəs” çağırışına müsbət cavab verdi. Və nəticədə Rusiya paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakıyla 11 saat davam edən gərgin müzakirələrdən sonra “humanitar atəşkəs” anlaşması əldə olundu.

Ancaq artıq hər kəsə aydındır ki, həmin anlaşma sadəcə, kağız üzərində qaldı. Çünki terrorçu dövlət olan Ermənistan “humanitar atəşkəsi” qüvvəyə minməsindən heç 10 dəqiqə keçməmiş barbarcasına pozdu. Gecə saatlarındasa, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket zərbəsinə məruz qoydu.

Məsələ ondadır ki, “humanitar atəşkəs” anlaşmasından yararlanmağa çalışan Ermənistan Azərbaycanın mülki əhalinin sıx yaşadığı şəhərləri, kəndləri hədəfə aldı. Nəticədə çoxlu sayda mülki Azərbaycan vətəndaşı, o cümlədən, uşaqlar, qadınlar və qocalar həlak oldu və yaralandılar.

Ümumiyyətlə, savaş meydanında Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyən Ermənistan davamlı şəkildə Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini hədəfə götürməyə üstünlük verir. Əsas məqsəd isə mülki əhali arasında xof yaratmaqdan ibarətdir.

2020-10-11-13-58-090MjE4KqtfMcQDssS9ieN_file.jpg (102 KB)

Savaşın başlamasından indiyə qədər Ermənistan ordusunun həm Dağlıq Qarabağda yerləşdirilmiş, həm də öz ərazisində olan hərbi birləşmələri Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərini, Ağdam, Tərtər, Bərdə, Füzuli, Beyləqan və digər rayonlarını müxtəlif silah növlərindən atəşə tutmaqda davam edir. Nətcədə bu günə kimi 43 nəfər dinc sakin həlak olub, 218 nəfər isə müxtəlif səviyyədə yaralanıblar.

Xatırladaq ki, “humanitar atəşkəs”in qüvvəyə minməsindən sonra Gəncənin Ermənistanın Vardanis rayonu ərazisindən “Skat” raketi ilə vurulması nəticəsində 10 nəfər dinc sakin həlak olub, 34 nəfər isə yaralanıb. Həlak olan və yaralanan sakinlərin arasında uşaqlar və qadınlar çoxluq təşkil edir.

Təbii ki, rəsmi İrəvanın bu barbar davranışlarının arxasında Rusiyanın Ermənistanın tərəfindən münaqişəyə cəlb etmək cəhdləri yatır. Paşinyan hakimiyyəti nəyin bahasına olursa-olsun, Rusiyanın bu savaşda Ermənistanı müdafiə etməklə, iştirakına nail olmağa can atır.

Rəsmi İrəvanın əlindəki əsas hüquqi bəhanə də məhz Ermənistanın da üzv olduğu KTMT çərçivəsində Rusiyanın öz üzərinə götürdüyü öhdəlikdir. Bu öhdəliyin işə düşməsi üçün Ermənistan Azərbaycanın yaşayış məntəqələrini vurur. Və ümid edir ki, Azərbaycanın Ermənistana cavab zərbəsi ilə Rusiya hərbi münaqişəyə müdaxilə etmək məcburiyyətində qalacaq.

699746_0pwgag6vas.jpg (22 KB)

Ancaq nəzərə almadıqları bir məqam da var ki, KTMT çərçivəsində qarşılıqlı hərbi dəstək öhdəliyi bu quruma üzv ölkənin başqa dövlətin təcavüzünı məruz qaldığı halda, hüquqi qüvvəyə malikdir. Əgər, üzv dövlət başqa ölkəyə hərbi təcavüz edirsə və ona qaşılıq verilirsə, həmin öhdəlik qüvvədən düşə də bilər. Və indiki halda, məhz Ermənistan öz ərazisindən Azərbaycana, həm də dinc sakinlərin məskunlaşdığı yaşayış məntəqələrinə barbarcasına hərbi zərbələr endirməkdədir.

Deməli, rəsmi İrəvanın bu barbarlığın qarşılığında Azərbaycandan alacağı zərbəyə görə Rusiyadan hərbi dəstək gözləməsi tamamilə yersizdir. Əgər, Rusiya Ermənistana belə bir vəziyyətdə hərbi dəstək vermək qərarı alarsa, Kreml beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuş olacaq.

Onu da qeyd edək ki, Paşinyan hakimiyyətinin doğru-düzgün təhlil edib, anlaya bilmədiyi daha bir önəmli məqam var. Belə ki, Ermənistanın kobud şəkildə pozmağa vərdiş etdiyi beynəlxalq hüquq normaları, o cümlədən, BMT-nin Nizamnaməsindəki üzv ölkələrə özünü xarici təcavüzdən müdafiə etmək haqqı tanıyan müddəalar da Azərbaycana cavab zərbələri imkanlarını açır.

Hər halda, heç bir qurumun tərkibində və ya ikitətəfli anlaşmaların çərçivəsində təsbit olunmuş hər hansı öhdəliklər beynəlxalq hüquq normalarından, o cümlədən də, BMT-nin Nizamnaməsindən üstün ola bilməz. Yəni belə anlaşmalar və ya öhdəliklər mütləq beynəlxalq hüquq normaları və BMT-nin Nizamnaməsi ilə uzlaşdırılmalıdır.

unnamed (2).jpg (25 KB)

Bütün bunları nəzərə aldıqda, Azərbaycan mülki əhalinin təhlükəsizliyinə təhdid yaradan istənilən hərbi hədəfi məhv etmək hüququna sahibdir. Və oktyabrın 14-də Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında yerləşdirilmiş və start mövqeyində olan əməliyyat-taktiki ballistik raket kompleksləri Gəncə, Mingəçevir və digər şəhərlərdəki dinc əhali və infrastruktura doğru istiqamətləndirildiyinə görə legitim hədəf kimi qəbul olunaraq, məhv edilib.

Yəni, Azərbaycan ordusunun Ermənistan ərazisindən ölkəmizin yaşayış məntəqələrinə və mülki əhaliyə təhdid yaradan hərbi hədəfləri məhv etmək hüququnu heç bir dövlət, yaxud qurum qətiyyən məhdudlaşdıra bilməz. Azərbaycan hər bir müstəqil dövlət kimi özünü xarici müdaxilədən müdafiə etmək hüququna malikdir.

Onu da qeyd edək ki, rəsmi Bakı Ermənistanın öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə zərbə endirməsi barədə faktların KTMT-ya təqdim edəcəyi təqdirdə, bu düşmən ölkənin həmin qurumdan xaric edilməsi də gündəmə gələ bilər. Çünki Ermənistan bu addımı məqsədyönlü şəkildə atmaqla yanaşı, KTMT-nı bu qurumun üzv dövlətlərinə aidiyyatı olmayan hərbi münaqişəyə cəlb etməyə çalışır. Və bu durumda Ermənistan təcavüzə uğrayan deyil, məhz təcavüz edən ölkə rolundadır. Bu isə o deməkdir ki, rəsmi Bakı Ermənistanı KTMT-dan qovdurmaq üçün hüquqi faktorlara sahibdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)