Yaqut Qarayeva: “Həkimlərimiz cəbhə bölgəsində çalışmağa can atırlar”

18:28 16-10-2020 70

“Ermənistanın atəşə tutduğu bölgələrdə xəstəxanalarımız fəaliyyətini davam etdirir, həkimlərimiz yaralıların xidmətindədir”.

milletinsesi.info-ın brifinqdə olan müxbirinin verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, TƏBİB-in həmin ərazilərdə xüsusi həkim briqadaları var:

“Bu gün həkimlərimiz cəbhə bölgəsində çalışmağa can atırlar. Bakıdan həmin xəstəxanalara həkim briqadası ezam olunub. Könüllü olaraq gedən həkimlərimiz də var. Lakin biz koronavirusla mübarizəni unutmamalıyıq.

Bir həkimin yoluxması 14 gün fəaliyyət göstərə bilməməsi deməkdir. Koronaviruslu xəstələrin həkimlərə ehtiyacı var. Bunu nəzərə alaraq, həkimlər də özlərini qorumalıdır ki, pandemiya xəstəxanaları xəstələrlə dolmasın”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib ki, yoluxmanın artımını təkcə təhsil müəssisələri ilə əlaqələndirmək olmaz: “Son bir ayda biz özümüz də etiraf edək ki, rahatlaşmışdıq. Bu məsələdə maksimum diqqətli olmaq lazımdır. İnsanlar kənarda yoluxaraq, ev şəraitində müəllimləri yoluxdura bilərlər. Birmənalı şəkildə demək olmaz ki, müəllimlər də məktəblərdə yoluxur. Odur ki, əhalini maksimum dərəcədə karantin qaydalarına riayət etməyə çağırırıq”.