Vaqif Dərgahlı: “Ermənistan növbəti dəfə dinc sakinləri raket atəşinə tutub”

16:20 17-10-2020 40

Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla dinc sakinləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə aldığını növbəti dəfə nümayiş etdirdi.

Bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

O bildirib ki, qarşı tərəf guya Ermənistan səmasında Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması barədə də yalan məlumat yayıb: “Bu kimi xəbərin də heç bir əsası yoxdur”.

Ermənistan xarici işlər nazirliyinin bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədini güdür: “Qəti surətdə bu xəbəri təkzib edir və bildiririk ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur”.

Bundan başqa, oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd “Su-25” təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb. Qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub.

Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur.