Xırdalanda 4 gündür elektrik enerjisi kəsilir, “Azərişıq” isə məsələdən xəbərsizdir

18:09 07-11-2020 115

Xırdalan şəhərində Heydər Əliyev prospektinin ətrafında bəzi yaşayış məntəqələrində ardıcıl olaraq 4-cü gündür ki, müxtəlif vaxtlarda, əsasən də məktəblilərin distant dərslərə qoşulduğu səhər saatlarında elektrik enerjisi kəsilir. Bu barədə həmin ərazilərdə yaşayan sakinlər Yeniavaz.com-a məlumat veriblər.

Bildirilib ki, “Azərişıq” ASC-nin qaynar xəttindən məsələ ilə bağlı sözügedən 4 günün hər birində fərqli-fərqli səbəblər göstərilib. Bunlar isə əsasən təmir və qəza halları ilə bağlı olub. Sakinlər bildirirlər ki, yay aylarında da təmir məqsədilə dəfələrlə belə hallar baş verib.

Onlar, havaların soyumağa başladığı və koronavirusa yoluxma hallarının kəskin artdığı bu günlərdə elektrik enerjisinin tez-tez kəsilməsinin kütləvi xəstələnmələrə səbəb olduğunu deyirlər. Evində azyaşlı olan ailələrdə isə məsələnin daha ciddi problemlərə səbəb olduğunu bildirirlər.

Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Pərvanə Kazımzadə əvvəlcə Yeniavaz.com-a belə bir açıqlama verərək bildirdi ki, gələn həftə baş verəcək yağıntılara hazırlıq məqsədilə təmir işləri gedir:

“Orada 4 gündür problem yoxdur. Gələn həftə yağıntılar gözlənilir. Xırda-para təmir işləri gedir ki, gələn həftə hava soyuyanda, yağışlar başlayanda heç bir problem olmasın. Yəni bu həftə bütün işlər bitir. Gələn həftədən hər şey öz qaydasında olacaq”.

Təmir işlərinin niyə havalar soyuyan vaxta saxlanıldığını soruşduqda isə, onun cavabı tamamilə fərqli oldu: “Təmir işi deyil, nə isə açılma var, onu düzəldirlər. Bu qəfildən çıxan bir prosesdir. Açılma olubdu, gediblər onu düzəltməyə”.

Belə görünür ki, Xırdalanda nə baş verdiyindən məsələdən birbaşa məsul qurum “Azərişıq” ASC-nin də xəbəri yoxdur.