Ərdoğan və Putin Dağlıq Qarabağı müzakirə ediblər

10:48 08-11-2020 162

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Yenixeber.org: Bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb. Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

Ərdoğan Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması zəruriliyini bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, Azərbaycanın əks-hücum əməliyyatı onun öz ərazisi ilə məhdudlaşır.

Ərdoğan vurğulayıb ki, Ermənistan administrasiyasını sağlam düşüncə ilə danışıqlar masasına əyləşməyə inandırmaq lazımdır. Türkiyə liderinin sözlərinə görə, bu, münaqişəyə qəti qərarla son qoymaq və regionda vəziyyəti sabitləşdirmək üçün son dərəcə əhəmiyyətlidir.