Şəhid Şahin Allahyarovun anası: “Balam vətən uğrunda canından keçdi” - VİDEO

11:10 08-11-2020 80

Baku.TV şəhid Şahin Allahyarovun ailəsinin evində olub. Şəhidin atası Hüseynbala Allahyarov, anası Nərgiz Allahyarova, həyat yoldaşı Kəmalə Allahyarova ilə həmsöhbət olan əməkdaşlarımız ailəyə baş sağlığı veriblər.

Ş.Allahyarovun anası deyir ki, oğlu heç vaxt düşməndən qaçmayacağına and vermişdi:

“Balam, heç vaxt kürəyini düşmən tərəfə verməyəcəyini deyirdi. Güllə qabağından qaçmaram deyə-deyə qəhrəman balam vətən yolunda ürəyindən güllə yarası alaraq şəhid oldu”.

Atası deyir ki, son danışığında hər şey yaxşı olacaq deyirdi:

“Mənə dedi ki, az qalıb bayrağımızı daha bir torpağımıza sancacağıq. Yoldaşlarımla vuruşuruq. Mənə deyirdi ki, mən o vaxt dincələcəm ki, vətənimi düşməndən tam azad edəcəm. Arzuları çox idi oğlumun. Vətən sağ olsun”.

Şəhidin həyat yoldaşı Kəmalə Allahyarova sonuna qədər yoldaşının yanında olacağına illər əvvəl and verdiyi deyib:

“Bu günə qədər harada xidmət edibsə mən yanında olmuşam. Hərbçi ilə ailə quranda gözə almışdım ki, bir gün onu itirə bilərəm. Amma o heç vaxt bizə zərər gəlməsinə icazə vermədi. Həmişə deyirdi ki, sizə nəsə olsa mən dözə bilmərəm. Onu tanıyanlar bilir ki, qəlbi necə təmiz, mərhəmətli idi”.