İlham Əliyev: “Biz dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik”

14:33 08-11-2020 180

Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Mən dəfələrlə demişəm ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan edib.

Prezident bildirib ki, ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub:

“Bax, belə ordu yaratmışıq biz! Dəfələrlə demişəm ki, hələ ki, gec deyil işğalçılar düz yola gəlib, işğala son qoysun. Demişəm ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Buna görə bəzi ölkələr tərəfindən tənqid olunmuşam. Demişəm ki, bəs bizim torpaqlarımız hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik.

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri”.

İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanın zəfər yürüşü davam edir:

“Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik hesabına!

Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir. Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək, düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik!”.

Ölkə başçısı bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni verməklə həyatının bəlkə də ən xoşbəxt günlərindən birini yaşadığını qeyd edib:

“ Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər Xiyabanında doğma xalqıma verirəm. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.