“ŞUŞADAN STEPANAKERTƏ HÜCUMU DƏF EDİRİK...” -Ermənilərin Şuşa etirafı

14:54 09-11-2020 108

Ermənistan rəhbərliyi Şuşa ətrafında baş verənlərlə bağlı nə qədər dezinformasiya yaymağa, əhalini şəhərin guya hələ də erməni ordusunun tör-töküntülərinin əlində olduğuna inandırmağa çalışsa da, real durumu gizlətmək getdikcə çətinləşir.

Yenixeber.org: Erməni mətbuatı qondarma rejimin başçısı Araik Arutunyanın guya cəbhə xəttinə getdiyinə dair məlumat yayıb. Məsələ ondadır ki, bir müddət əvvəl Azərbaycan ordusu tərəfindən məhv edilən hərbi kalonda olduğu deyilən Arutunyanın sağ olması ciddi şübhə doğurur.

Ancaq hər halda “Sputnik Armenia” iddia edib ki, A.Arutunyan Xankəndini müdafiə edən hərbçilərlə görüşüb: “”Dağlıq Qarabağın prezidenti” səhər tezdən döyüş pozisiyalarında olub, artıq 1 gündən çoxdur düşmənin Şuşadan Stepanakertə (Xankəndinə-red.) hücumunu dəf edən hərbçilərlə və könüllülərlə görüşüb. O, həmçinin general Mnatsakanyanla (Qondarma rejimin sabiq müdafiə naziri-red.) görüşüb.”

Bu məlumatda maraq doğuran məqam isə ermənilərin də Azərbaycan Ordusunun Şuşanı azad etdikdən sonra Xankəndinə doğru irəlilədiyini etiraf etməsidir. Halbuki rəsmi şəkildə hələ də bunu etiraf etmək istəmirlər.

Xatırladaq ki, ötən gün Ermənistan Müdafiə nazirliyinin sözçüsü Artsrun Ovannisyan Şuşa ətrafındakı vəziyyəti şərh edərkən dolayısı ilə şəhərin Azərbaycan tərəfinin nəzarətində olduğunu etiraf edərək, digər yandan da erməniləri bu mövzunu müzakirə etməməyə çağırmışdı: “Şuşa ətrafında döyüşlər davam edir. Lazımsız müzakirələri kənara qoyun.”

(azpolitika)