Bayram Səfərov Şuşa xəbərinin muştuluğunu kimə verəcəyini açıqladı: “Görək, nə istəyəcək”

15:04 09-11-2020 261

“Sözün düzü, bir neçə gündür cəbhədən yaxşı xəbərlər gəlir, Şuşanın azad olunduğu barədə fikirlər səsləndirilirdi. Amma cənab Prezidentimizin rəsmi şəkildə elan etməsi tamam başqa hiss oldu. Mən prezidentimizin müjdəsini eşidən kimi ağladım. Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu Allah qorusun. Bütün torpaqlarımız azad olunsun!” . Bu sözləri Modern.az-a Şuşanın icra başçısı Bayram Səfərov deyib.

“Elə sizə açıqlamamda demişdim ki, Şuşanın azad olunduğu barədə rəsmi xəbəri mənə ilk çatdıran şəxsə muştuluğum olacaq. Düzdür, Prezidentin müraciətini özüm canlı izlədim. Amma həmin anda ilk zəng edib, təbrik edən şuşalı keçmiş döyüşçü Fəxrəddin Səfərov oldu. Elə muştuluq da ona düşür. Görək, nə istəsə, görüşəndə onun üçün edəcəyəm.

Şuşalılar dünəndən zəng edirlər ki, nə vaxt köçürük? Hamı Şuşaya köçmək istəyir. Prezidentimizin göstərişi ilə tez bir zamanda doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik. İnanıram ki, möhtərəm Prezidentimiz Şuşanı abadlaşdıracaq, möhtəşəm bir şəhərə çevirəcək”, - deyə B.Səfərov bildirib.

O, Şuşa həsrəti ilə dünyadan köçən ziyalıları, şuşalıları da xatırlayıb:

“Kaş Şuşa həsrəti ilə dünyadan köçən bütün azərbaycanlılar bu günü görə biləydi. O qədər insan Şuşa dərdindən öldü ki... Mərhum bəstəkarımız Süleyman Ələsgərovla sağlığında Şuşa haqqında çox söhbət edirdik. Mən bilirəm ki, o Şuşasızlığa dözə bilmədi.

Saytınız vasitəsilə, Azərbaycan xalqına müraciət etmək istəyirəm. Şuşanı, Qarabağı azad edən Ali Baş Komandanımızı ömürlük prezidentimiz seçək. Bunu seçki, referendum və ya başqa hər hansısa formada edə bilərik. Prezidentimiz bizə tək torpağımızı deyil, namusumuzu da qaytardı.

Bunlar elə bir hisslərdir ki, sözlə ifadə edə bilmirəm. Mən həmişə demişəm ki, hər şeyim var, eyni zamanda heç nəyim yoxdur. İndi tamamlandı. Möhtərəm prezidentimiz, var olsun, o tamamladı. Hər yerdə bizə qaçqın, köçkün kimi baxılırdı. Ermənilər belə bizi aşağılayırdılar. Haqq-ədalət öz yerini tapdı”.