Baydenin prezidentliyi bizə nə vəd edir?-ŞƏRH

20:50 09-11-2020 189

Ekspertlər onun ermənipərəstliyi barədə iddiaları ciddi saymır, Baydenin yalnız ABŞ-ın dövlət maraqlarından çıxış edəcəyinə inanırlar

 

Yenixeber.org: ABŞ-da prezident seçkilərinin nəticələri ilə bağlı mübahisələr davam etsə də, qalib məlumdur: Co Bayden ölkənin 46-cı prezidenti seçilib. 78 yaşlı siyasətçi uzun illər senator olub, Barak Obamanın 8 illik prezidentliyi dövründə isə vitse-prezident postunu tutub.

Bayden vitse-prezident olduğu dövrdə Rusiya ilə münasibətləri gərginləşən Ukrayna və Gürcüstana açıq dəstək verirdi. “XXI əsrdə heç bir dövlət zorla sərhədləri dəyişdirə bilməz, biz də buna imkan verə bilmərik. Bu, təməl qaydadır. Əgər biz buna əməl etməsək, çox peşman olarıq. Rusiya bu qaydanı pozub və pozmaqda davam edir. Bu gün Rusiya suveren Ukraynanın ərazisini işğal edir. Birləşmiş Ştatlar Rusiyanın Krımı ilhaq etməsini heç vaxt dəstəkləməyəcək”, – deyə C.Bayden bildirib.

Siyasi təhlilçilər Baydenin prezidentliyinin dünyada və bizim regionda hansı dəyişikliklərə gətirib çıxaracağı barədə fikirlərini saytımıza açıqladılar.

“Turan” agentliyinin rəhbəri Mehman Əliyev ABŞ-ın xarici siyasətində ciddi dəyişiklik gözləmir. Səbəbini də belə izah edir ki, Amerikada prezident təkbaşına istədiyi qərarları verə bilməz:

“Dövlət siyasəti anlayışı var və hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, buna uyğun hərəkət ediləcək. Bayden özü də çıxışında bildirdi ki, hamı birlikdə – respublikaçılar da, demokratlar da Amerikanın mənafeyi uğrunda birgə iş aparacaq. Orada şəxslər sadəcə, hakimiyyəti təmsil edir. Demokratiyadır, bir nəfər hər istədiyini eləyə bilməz. Bir çox məsələlər Konqresdə, Senatda müzakirə olunur, qərar verilir. Ona görə də dövlət siyasəti, dövlət marağı önəmlidir. Bu baxımdan, Amerikada prezident kürsüsünə demokrat və ya respublikaçının əyləşməsindən asılı olaraq, Azərbaycanla bağlı siyasətin kəskin dəyişəcəyini düşünmək sadəlövhlük olar”.

C.Baydeni ermənipərəst kimi təqdim edərək, onun Azərbaycana münasibəti ilə bağlı bədbin fikirdə olanlar da var. Bu fikri səsləndirənlərin əsas arqumenti isə budur ki, Bayden 90-cı illərdə Azərbaycana maliyyə yardımını qadağan edən 907-ci düzəlişin müəlliflərindəndir.

Amma M.Əliyev yalnız bir addıma görə həm Baydenin özünün, həm də demokratların ermənipərəst kimi təqdim olunmasıyla razılaşmır:

“Bu fikirləri qeyri-ciddi sayıram. Demokratlar daha çox insan haqları, azadlıqlar, demokratiya məsələlərinə xüsusi önəm vermələri ilə seçilir. Adətən Azərbaycana bu məsələlərlə bağlı tənqidlər gələndə hakimiyyət onları ermənipərəstlikdə günahlandırmağa başlayır. Vərdiş etmişik, demokratiya çağırışları olan kimi, bu fikir səsləndirilir. Bu da insanlarda həmin dairələrə qarşı gerçəyə uyğun olmayan fikirlərin formalaşmasına gətirib çıxarır. Son ay yarımda Qarabağda gedən hərbi əməliyyatların qarşısının alınması üçün demokratlar tərəfindən hər hansı ciddi addım atılıbmı? Xeyr. Bu da onu göstərir ki, Amerika siyasətində Qarabağ məsələsinə respublikaçıların da, demokratların da münasibəti eynidir. Azərbaycana münasibət bundan sonra da dəyişməyəcək, hətta bir qədər də sıxlaşacaq. Çünki Qarabağ problemi həll olunur. Artıq Azərbaycanda insan haqları məsələlərinə daha həssas yanaşacaqlar. İlham Əliyev danışıqlarda insan haqlarının pozulmasından söz düşəndə qarşı tərəfi ikili standartlarla yanaşmaqda, bir milyon qaçqının hüquqlarına biganəlikdə ittiham edirdi. Qarabağ məsələsi demək olar ki, həll olunur. Bunun ardınca bizdə mütləq demokratik islahatlar getməlidir. Azərbaycandakı durum çox ciddi islahatlar tələb edir. İslahatlar təkcə sosial-iqtisadi sahələrdə getməməlidir, bütün sahələri əhatə eləməlidir. Hesab edirəm ki, bu, qaçılmazdır və olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Baydenin prezidentliyi dünyada sabitliyin yaranmasına xidmət edəcək. Onun sözlərinə görə, Tramp yürütdüyü xarici siyasətlə sanki dünyaya vəlvələ salmışdı:

“İranla, Kanada ilə anlaşmadan çıxdı, Meksika ilə sərhədə divar hörməyə başladı, Avropa dövlətləri ilə münasibətlər gərginləşdi. Baydenin seçilməsi rəsmiləşib, Avropa bir qədər rahat nəfəs almaq istəyir. Avropa ilə münasibətlərdə normallaşma olacaq”.

Baydenin rəhbərliyi altında ABŞ-ın Rusiya, Türkiyə, İran və Çin kimi dövlətlərlə münasibətlərinə gəlincə, ekspert xatırlatdı ki, yeni prezident bir neçə dəfə Türkiyəni, Ərdoğanı tənqid edib, amma onun prezident postunda da eyni tərzdə davranacağını gözləmir:

“O, Ağ Evdə dövlətin maraqlarını mütləq nəzərə alacaq. Ola bilsin ki, yenə suallar qalacaq, amma Türkiyənin bölgədə artan rolunu nəzərə almaya bilməzlər. Baydenin münasibətləri gərginləşdirəcəyini düşünmürəm. İranla münasibətlərdə Obamanın siyasətinə qayıdacağını, yumşalmalar olacağını gözləyirəm. Rusiya Trampın prezidentliyinə ümid edirdi. Amma Amerikada bütün məsələləri prezident həll eləmir. Dövlət Departamenti, Konqres,  Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon var. Trampın mövqeyinə baxmayaraq, onun prezident olduğu dörd il ərzində Amerika-Rusiya münasibətləri normallaşmadı, gərginlik daha da artdı. Orada şəxs bəzi məsələlərə təsir göstərə bilər, amma oturuşmuş siyasət qarşısında heç nə eləyə bilməz. Tramp çox məsələyə qarışmaq istədi, elə ona görə ikinci dəfə seçilmədi. Amerikanın Bayden dövründə Çin siyasəti maraqlıdır. Çünki Tramp Çinə qarşı çox kəskin mövqe tutdu,  ticarət müharibələri apardı. Bu iki iqtisadi gücün münasibətləri bütün dünyaya təsir edir. Münasibətlər gərgin olanda hamıya mənfi təsir göstərir”.

Azərbaycanla münasibətlərə gəlincə, E.Şahinoğlu da Baydenin 907-ci Düzəlişin müəllifi olmasını, Ermənistana dəstək ifadə edən açıqlamalar verməsini yada saldı. Bununla belə, o da hesab edir ki, prezidentliyə namizəd kimi deyilənlərlə prezident kimi atılacaq addımlar arasında fərq olur:

“Prezident mütləq Amerikanın milli və təhlükəsizlik maraqlarından çıxış etməlidir. Bu maraqlar isə Cənubi Qafqazla, regionun vacib dövləti olan Azərbaycanla əlaqələrin yaxşı olmasını diktə edir. Bir müddət sonra Azərbaycan öz qazını Avropaya nəql edəcək. Avropanın Rusiyanın qaz asılılığını azaltması Amerika üçün vacibdir. Azərbaycanın ABŞ-ın əsas müttəfiqi olan İsraillə sıx münasibətləri var, onlardan silah alırıq, neft satırıq. Baydenin dövründə problem yaşayacağımızı düşünmürəm. Düzdür, demokratlar insan haqları, demokratiya məsələlərinə xüsusi diqqət yetirirlər. Azərbaycanda insan haqları sahəsindəki problemləri də elə özümüz həll etməliyik ki, kənardan tənqidlər eşitməyək. Dağlıq Qarabağ probleminin həlli başa çatan kimi, biz məhkəmə-hüquq sahəsində də ciddi islahatları sürətləndirməliyik”.(pressklub)

Gülər