Qarabağ nizamlanmasında Türkiyə-Rusiya vasitəçiliyi nə dərəcədə realdır?

20:51 09-11-2020 243

Türkiyə prezidenti Recep Tayyip Erdoğan RF prezidenti Vladimir Putinə Dağlıq Qarabağda vəziyyətin nizamlanması üçün birgə işçi qrup yaratmağı təklif edib. Bu barədə Türkiyənin bir sıra KİV-ləri Ankaradakı diplomatik mənbələrə istinadla məlumat yayıblar.

Təklifin noyabrın 7-də telefon söhbəti zamanı irəli sürüldüyü iddia edilir.

Elə həmin mənbələrin məlumatına görə, yaxın günlərdə bu formatda iş başlaya bilər və danışıqlar üçün ATƏT-in Minsk Qrupuna alternativ yeni meydan yarana bilər.

Mənbələr bildirirlər ki, Azərbaycan Şuşada qələbədən sonra danışıqlara başlamaq üçün hücumu dayandıracaq. Ermənistan öz növbəsində işğal altında qalan əraziləri tədricən azad edəcək.

 

 

 

Ankara və Moskva hələlik bu məlumatlarla bağlı şərh vermir, baxmayaraq ki, bir sıra Qərb KİV-ləri artıq belə bir planın mövcud olduğunu təsdiq ediblər.

Azərbaycanın keçmiş XİN başçısı Tofiq Zülfüqarov Türkiyə-Rusiya birgə işçi qrupunun yaradılması ideyasını Turan agentliyinə şərh edərkən qeyd edib ki, ATƏT və onun Minsk Qrupu üzərinə qoyulmuş vəzifələrin öhdəsindən gələ bilməyib. Bundan başqa, bu qurum nə Azərbaycanda, nə də Ermənistanda nüfuza malik deyil.

Bundan başqa, Ankara və Moskvanın qarşılıqlı fəaliyyəti təkcə yeni danışıqlar meydançasının formalaşması üçün deyil, həm də verifikasiya (əldə edilmiş razılaşmaların yoxlanılması və icrasının təmin edilməsi) mexanizmlərinin yaranması üçün də faydalı ola bilər.

Türkiyə və Rusiyanın artıq “Astana formatı” çərçivəsində Suriyada əməkdaşlıq təcrübəsi var. Onlar nəinki danışıqlar üçün meydan yaradıblar, həm də uğurla qarşılıqlı fəaliyyət göstərir, birgə mühafizəni təmin edirlər və s.

 

 

“Azərbaycan Türkiyə-Rusiya qrupunun yaradılmasına yalnız şad olardı”, deyə Zülfüqarov qeyd edib.

ABŞ-ın başqa məsələlərlə məşğul olduğu, Fransanın isə Qarabağdakı vəziyyətə təsir etmək imkanının minimum olduğu bir şəraitdə belə bir qrupun yaradılması Ermənistanın da maraqlarına uyğundur.

“Rusiya və Türkiyə region dövləti olaraq Qarabağ nizamlanmasında sıx əməkdaşlıq edə bilərlər, həm də onların buna bənzər problemlərin həllində əməkdaşlıq təcrübəsi var”, deyə Zülfüqarov qeyd edib. Eyni zamanda, o bildirib ki, hələlik sözügedən planın həyata keçirilməsi haqqında danışmaq tezdir, belə ki, Ermənistan siyasi nizamlanmaya hazır olduğu barədə impuls vermir.