İlham Əliyevin qurduğu Üçüncü Respublika- Şuşanın paytaxt olması və...

21:17 09-11-2020 189

Müharibənin yaralarını tam sağaltmaq, 20 faiz ərazimizin yenidən qurulması, həm də əbəs yerə əlavə maliyyə sərf etməmək üçün xalqın razılığı ilə yaxın 10 ildə prezident seçkilərinin keçirilməsinə bəlkə də ehtiyac qalmayacaq

Bir neçə gün əvvəl də yazmışdım ki, Prezident İlham Əliyevin memarlığı ilə heç bir mübaliğəsiz Üçüncü Azərbaycan Respublikanın qurulmasına şahidlik edirik. Şuşanın işğaldan azad edilməsindən sonra bu gün daha 23, həm də strateji baxımdan əhəmiyyətli olan bir neçə kəndin də işğaldan azad edilməsi bu hədəfə doğru daha bir mübarək addım oldu.

Birinci Respublikanın üçrəngli bayrağını 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə və silahdaşları müstəqillik elan etməklə qaldırdılar. Təəssüf ki, ziddiyyətlərlə dolu o dövrdə Azərbaycanın müstəqilliyi cəmi 18 ay davam gətirə bildi. Bu qovğalı illərdə müstəqilliyimizlə yanaşı, bayrağımızı, himnimizi və bunlar azmış kimi torpaqlarımızı da itirdik.

İkinci Respublika tariximiz 1991-ci ilin 18 oktyabrında Azərbaycanın Müstəqillik Aktının qəbulu ilə başladı. Yenə ağır bir dönəmdən keçdik, nəticədə, Birinci Qarabağ müharibəsində 20 faiz torpaqlarımız işğal altına düşdü. Hakimiyyətə qayıdan təcrübəli dövlət adamı Heydər Əliyev İkinci Respublikanın çökdürülməməsi üçün çox çalışdı, ölkəni bacardığı qədər ayaq üstə qaldırdı.

355dc9c32c05a83.jpg (24 KB)

Amma bütün cəhdlərə baxmayaraq, Azərbaycanın ərazi bölüvlüyünün bərpası mümkün olmadı.

Son 17 ildə ölkənin iqtisadi və siyasi qüdrətini artıran, güclü ordu quran İlham Əliyevin həm hərb, həm diplomatik cəbhədə apardığı mücadilənin əsl adı Üçüncü Respublikanın qurulmasıdır. Azərbaycan tarixini yazan salnaməçilər zənnimcə, bu faktı məhz bu adla qeyd etməlidirlər. Bu, qələbə xəbərlərinin yaratdığı  gəlişigözəl sözlər deyil, əksinə, təkzibi qeyri-mümkün, alternativ rəyə yer olmayan faktdır. Ali Baş Komandan İlham Əliyevin gördüyü ağır işin adı, özünün təvazökarcasına dediyi “prezident kimi məsuliyyəti” deyil ancaq. Bu, illərlə hazırlanmış planlı, az qala hər detalı üzərində düşünülmüş  yeni dövlət quruculuğu modelidir.  

“Biz səni dirçəldəcəyik Şuşa” (eləcə də ermənilərin xarabaya qoyduğu digər torpaqlarmızı) deyən Prezidentin bu quruculuq planın ilk eskizlərinin də bu müqəddəs missiyaya başlamazdan əvvəl iş masasının üzərində olduğuna inanıram.

İnandığımız başqa reallıq da var: işğala tam son qoyulduqdan sonra insanları da daxil Azərbaycan tam bir fərqli ölkə olacaq, yeni respublika kimi...

Ərazi bütövlüyü tezliklə tam bərpa olunacaq Üçüncü Respublikanı qurmaq kimi şərəfli tarixin hər bir  səhifəsinin müəllifi İlham Əliyevdir. Bu müqəddəs missiyada onun üç müttəfiqi var: xalqı, ordusu və heyrət ediləcək zəkası...    

“Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meylilər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq, Azərbaycana olan hörmət daha da artacaq. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir".

001.jpg (1.61 MB)

Prezident “BBC-Nyus”a bu gün yayılan müsahibəsində belə deyib. Bu, məhz Qarabağın da “de-fakto” və “de-yure” tərkibində olacaq daha güclü, bizim fəxarətlə deyəcəyimiz Üçüncü Respublikanın qurulmasının anonsu deyilmi?

Şuşanın işğaldan azad edilməsindən sonra Qarabağda yaşamış ermənilərin və Ermənistan rəhbərliyinin ağlı başına gəlməsə, əminəm ki, Üçüncü Respublikanın Konstitusiyasına da düzəliş etməli olacağıq. Məsələn, Şuşanı haqq etdiyi yeni Qarabağ inzibati ərazisinin paytaxtı elan etmək lazım gələcək. Əgər Ermənistan haqsız olduğu müharibədə məğlubiyyətini qəbul edib sonda  sülh sazişi imzalamasa, biz qonşumuzla bağlı qərarımızı, onlarla necə davranacağımızı da konstitusiyamızda rəsmiləşdirməli olacağıq. Düşünürəm ki, xalqın razılığı ilə müharibənin yaralarını tam sağaltmaq, 20 faiz ərazimizin yenidən qurulması, həm də əbəs əlavə maliyyə sərf etməmək üçün yaxın 10 ildə prezident seçkilərinin keçirilməsinə də bəlkə də ehtiyac qalmayacaq.    

Sələfləri “Qarabağsız Azərbaycan ola bilməz”  desələr də, bu missiyanı ən müxtəlif səbəblərdən yerinə yetirə bilmədilər. Prezident İlham Əliyev isə indidən də əminliklə demək olar ki, bu müqəddəs işi bacardı. Azərbaycan içərisində süni yaradılmış bu “erməni şişini” özü kəsib atır, hər qarış torpağımız azad edilincə, nəfəsimiz genişlənir, canımıza rahatlıq gəlir. Yenidən doğuluruq, təzələnirik, yeni dövlət qururmuşuq kimi sevinir, kövrəlir, qürurlanırıq...