"Azərbaycan Rusiya tərəfindən dəstəkləndi"-"Azərbaycan torpaqlarına nəzarəti bərpa edir"

17:23 10-11-2020 100

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatla bağlı ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza müsahibə verib.

Müsahibəni təqdim edir:

– Bəyanatın şərtləri ilə yəqin ki, tanışsınız. Sizcə, müharibənin bu formada bitməsi Azərbaycana nə vəd edir?

– Mənim təhlilimə görə, bununla Azərbaycan Prezidenti Əliyev çağırış etdiyi əsas baza prinsiplərindən daha artığını əldə etdi. Çünki əsas baza prinsiplərində Dağlıq Qarabağın statusu məsələsi də vardı, lakin aydın görünür ki, əldə edilmiş razılaşmaya əsasən, Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycanın hissəsi olaraq qalacaq, heç bir status olmayacaq. Bu, Ermənistan üçün böyük itki, Azərbaycan üçün isə olduqca böyük bir qələbədir.

– Sizcə, yekun sülh müqaviləsi hansı formada olacaq? Və Azərbaycana hansı üstünlüklər verəcək?

– Əsas prinsiplərə əlavə olaraq, bu razılaşma Azərbaycanla anklavı Naxçıvan arasında birbaşa rabitə yolunu bərpa edir. Bu, həmçinin hələ 2001-ci il ABŞ, Florida ştatı, Ki Uestdəki danışıqlar zamanı müzakirə edilən bir qazancdır. Bu yol heç vaxt əsas prinsiplərin bir hissəsi olmamışdı, bu da Azərbaycan üçün bir bonusdur. Beləliklə, Azərbaycan torpaqlarına nəzarəti bərpa edir və azərbaycanlı köçkünlər öz evlərinə qayıdırlar. Ümid edək ki, ermənilər Qarabağ ərazisində qalacaqlar və yenidən azərbaycanlılarla ermənilər qonşu olacaqlar. Bundan əlavə, bu saziş bütün dünyaya Azərbaycanın beynəlxalq normalara uyğun davrandığını, erməni mülki vətəndaşlarından qisas almaq istəmədiyini göstərdi. Prezident Əliyev erməni xalqının Azərbaycanın düşməni olmadığını və onların öz yaşayış evlərində qalacaqlarını dəfələrlə vurğulamasının sadəcə söz olmadığını göstərdi.

– Sizcə, bu bəyanat Rusiyaya hər hansı təsir imkanı verirmi?

– Düşünürəm ki, müharibənin sonunda Azərbaycan Rusiya tərəfindən dəstəkləndi, görünür, Putin Ermənistan Baş naziri Paşinyana müharibəni dayandırmaq və təslim olmaq üçün çox təzyiq göstərib. Belə hiss olunur ki, bunun qarşılığında Azərbaycan öz ərazisində Rusiya sülhməramlılarının yerləşdirilməsinə razılıq verib. Bu, əlbəttə, Rusiyanın təsir imkanlarını artırır. Rusiya amilinə cavab olaraq türk sülhməramlılarının da burada yerləşdiriləcəyi ilə bağlı iddialar var. Bir müddətdən sonra tranzit əlaqələri Ermənistanla Türkiyə arasında, daha sonra isə müqavilənin şərtlərinə uyğun olaraq Ermənistanla Azərbaycan arasında açılacaq. Düşünürəm ki, Türkiyənin bölgədə iqtisadi və geosiyasi təsir gücünün xeyli artacağı bir dövrün astanasındayıq. Və yəqin ki, Türkiyə ilə Ermənistanın münasibətlərini yenidən normallaşdırdığını görəcəyik. Bu fakt isə Rusiyanın bölgəyə, o cümlədən Azərbaycana təzyiq imkanlarını kəskin azaldacaq, tamamilə yeni bir geostrateji dinamika meydana gətirəcək.

– Hazırki razılaşma Ermənistandakı daxili siyasi proseslər baxımından hansı perspektiv vəd edir?

– Ermənistanda artıq böyük etirazların baş qaldırdığını müşahidə edirik. Bir az öncə izlədiyim kadrlarda etirazçıların Ermənistandakı hökumət binasına soxulduğunu gördüm. Yeni bir çaxnaşma yaşanır. Düşünürəm ki, bütün bunların nəticəsi olaraq Baş nazir Paşinyan həqiqətən də uzun müddət iqtidarda qalmayacaq və o, Dağlıq Qarabağı və ətraf 7 rayonu itirən təcrübəsiz lider kimi əbədi tarixə qovuşacaq. Bu, onun üçün böyük faciədir. Amma nəhayət ki, Paşinyanın ən yaxşı çıxış yolunun insan itkisinə son qoymaq, erməni və azərbaycanlı əsgərləri, mülki insanları qurban verməyi dayandırmaq olduğunu anlaması çox yaxşıdır. Və son olaraq, Ermənistanın qalib gəlmək ehtimalının olmadığı aydın idi – xüsusilə də Azərbaycan Şuşanı geri qaytardıqdan sonra.