Hulusi Akar və Zakir Həsənovun zəfər sevinci: Qucaqlaşdılar və himn oxudular - FOTO/VİDEO

11:59 11-11-2020 171

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Quru Qoşunlarının komandanı, ordu generalı Ümit Dündar və Hərbi Hava Qüvvələrinin komandanı, general Həsən Küçükakyüz ilə birlikdə Bakıda Azərbaycan Müdafiə Nazirliyini ziyarət edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, onları Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşılayıb.

Bununla bağlı təşkil olunan tədbirdə çıxış edən türkiyəli nazir Akar çıxışına Azərbaycan ordusunun Qarabağ zəfərini təbrik etməklə başlayıb. Sonra birlikdə hər iki dövlətin himnlərini oxuyublar.

O, Azərbaycanın “artıq yetər” deyərək öz ərazisinə hücumlara son vermək, torpaqlarını işğaldan azad etmək üçün apardığı döyüşlərin tarixə qızıl hərflərlə yazıldığını deyib və Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin “iki dövlət, bir millət” anlayışı ilə əbədi olaraq davam edəcəyini söyləyib.

Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında iki ölkə arasındakı qardaşlıq əlaqələrinin gündən-günə gücləndiyini vurğulayaraq, Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğaldan qurtarmaq üçün 44 günlük əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıq və cəsarətin təqdirəlayiq olduğunu bildirib:

“Azərbaycan ordusunun uğurları böyük hörmətlə qarşılanıb. Əldə edilən nəticə bizi çox xoşbəxt etdi. Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi”, - deyə hərbi qurumun rəhbəri vurğulayıb.

O, həmçinin, Qarabağ zəfərinin Ankara başda olmaqla, İstanbulda, İzmirdə, ümumiyyətlə, bütün Türkiyədə sevinc göz yaşları ilə qeyd edildiyini bildirib.

Türkiyə Milli Müdafiə naziri sözlərini Mustafa Kamal Atatürkü və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevi də rəhmətlə anmaqla yekunlaşdırıb

Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da bu müddət ərzində verdiyi sonsuz dəstəyə görə Türkiyəyə təşəkkür edib.