Alın yazımız...

18:35 11-11-2020 144

Onu Tanrı nəqş edir - dözümümüzə, səbrimizə mükafat olaraq!

 “O gün bu gündür” deyəndə, onun lap yaxın gündəmi, hazırkı anları, saatları ifadə etdiyini düşünməzdik. Buna bəlkə də ürəyimizdə inanardıq, bəzimiz inanmasaq da özümüzə ümid verərək, ürəyimizə damanın nə vaxtsa həqiqət olacağına özümüzü inandırardıq.

Lakin açığı, bugünlərdə baş verənlərin nə vaxtsa olacağını düşünsək də, o, bir an olsun yaddan çıxmasa da, xəyalını qurduğumuzun, beynimizdən çıxmayanın, ürəyimizdə kök salanın qəfildən həqiqət olacağını düşünməzdik...

O gün gəldi. Lakin qəfil deyil. Onun üçün 30 il, 28 il dözmək, səbr etmək lazım gəldi. Bu səbrin içində, bu dözümlə düşmənə qarşı döyüşmək üçün neçə-neçə ata, oğul, qardaş yarandı. Onlar məhz bugünün döyüşçüləri, qəhrəmanları olmaq üçün dünyaya gəldi. Gəldilər ki, on illər əvvəl qaranlıq bir gələcəklə çıxdığımız yolun sonunun nəhayət ki, olacağını hamıya sübut etsinlər...

Bu gün inananlar, səbrlilər, hətta inanmayanlar, səbrsizlər belə, xəyalların həqiqət, tam reallıq, gerçək olduğunu öz gözləri ilə gördü, sevindi. Heç bir sevinclə müqayisə olunmayan bu sevinci tanıyanlar, tanımayanlar bir-biri ilə paylaşdı, sevincin paylaşdıqca daha da artdığının, çoxaldığının şahidi oldu...

Şahidi olduqlarımız da çox oldu öncələrdə. Onda ki, qəfil peyda olan düşmənin əlindən qarlı çöllərlə, dağlarla, düzənlərlə, meşələrlə qaçan insanların çoxu sonu görünməyən yolda güllələndi, donub öldü, əsir düşdü, bax, onda düşmənin kütahı kəsildi. Düşmən hansı bir amansız işə qol qoyduğunu bilmirdi, anlamırdı. Lakin müharibənin yazılmamış qayda-qanunlarına yaraşmayan əməllərlə özlərinin qaniçən obrazlarını tarixin silinməyən, unudulmayan səhifəsinə yazdılar. O səhifələrdə qalib-məğlub kimi hər iki tərəfin nələr etdiyi, necə addımlar atdığı, hansı yollara əl atdığı yazılır axı... Düşmənlər guya müharibədən qalib kimi çıxacaqlarına əminliklə, o havayla istədiklərini, mahiyyətlərində, qablarında olanı ortaya qoydular. O “qab”ın içindəsə qəddarlıqdan, qaniçənlikdən, amansızlıqdan, vəhşilikdən başqa heç nə yox idi...

Bizim isə bir “səbr” kasamız vardı. Ki, min illərdən bəri bizimlə birgə adi günlərə də, keçilməz yollara da yoldaşlıq edirdi... Nəhayət, onun da dolmasını gördük və hər əsrdə, dönəmdə bizə qarşı atılan addımların sonunu, nəticəsini qarşı tərəfə göstərdik. Səbrlə dolan “kasa”mızın onlara acı şərbət olduğunu gördük, axır ki...

...Bu günlər zəfər yürüşünün, qələbə xəbərlərinin bizlərə sarı yol aldığı gündür. Bu günə qədər olan on illər kəsiyilə bizi bağlayan məğlubiyyət acıları, bağları getdikcə nazilir. Onun birdəfəlik qırılmasına da az qalıb. Bizi arxa cəbhədə, evdə arın-arxayın yaşamağa, rahat yatmağa imkan, şərait yaradan, fəqət özü ön cəbhədə, güllə altında, səngərdə döyüşən, rahatlığın nə olduğunu aylardır bilməyən mətin əsgərlərimiz bu ümidi yaradır. Onların hamısı bu günün qəhrəmanıdır... Onların hər biri dünənin acısından, qəhərindən, dərdindən yoğrulmuş bir ananın yetirdiyi, boya-başa çatdırdığı, tərbiyə verdiyi əsl oğullardır...

Onların çoxu şəhid ailəsinin, müharibə itkilərinin yaşandığı ev-ocağın övladlarıdır...

Onların sırasında ata-babası, ailəsi, cəddi-əqrəbası məcburi köçkün, qaçqın düşənlər də çoxdur...

Bu sıralamada cənnət dediyimiz torpaqlarda göz açanların, böyüyənlərin övladı, nəvəsi olanlar da az deyil...

O sırada ömründə o torpaqlarda olmayanların, ora qədəm qoymayanların, həmin yerləri görməyənlərin də övladları, özü var...

Onlar həmişə olub - Birinci Qarabağ müharibəsində də, indi də...

Məhz elə oğulların, elə insanların sayəsində qazanılır böyük Qələbə!

Qələbənin xüsusiləşməsi isə bu payız aylarında baş verdi, çünki onun doğulmasını bütün Azərbaycan gözləyirdi...

Gözləntilərin həqiqətə çevrildiyi bu gündə hamımız tarix yazırıq. Çünki o şanlı, zəfərlərlə dolu tarixin canlı şahidləriyik. Şahidlər də hər zaman, istənilən situasiyada müraciət edilən, araşdırılası məqamların ən inanılan simaları olur...

İnam yaradan, özü də Qələbəyə inam yaradan həmin simaların birləşməsindən, bütövləşməsindən də birlik doğulur. Elə bir birlik ki, o harada, dirilik də oradadır...

Şuşanın işğaldan azad edilməsindən az sonra yazılan bu yazıda o sevincə, hiss-həyəcana və duyğulara aid bütün məqamları sözə çevirmək qeyri-mümkündür. Çünki o hissi yalnız yaşamaq, duymaq olar, məncə...

Bu duyğulardan, sevincdən dolub-boşalan gözlərdə yeganə bir ünvan var. Onun da adı Qarabağdır...

 Qara baxtı ağaran Qarabağ!

 Düşmənin 30 ildir qara rəngə boyadığı, xarabalığa çevirdiyi şəhərləri, kəndləri, qəsəbələri azad etməyə, barını yadırğamış bağları bağ-bağata çevirməyə, adlı-adsız yüksəkliklərə zəfər mənalı isim verməyə doğru yürüyən qəhrəmanlar gəlir sənə. Onu qarşılamağa tələs, necə ki onlar da hələ irəlidə intizarla bizimkiləri gözləyən, işğalda olan, düşmənin murdar ayaqlarının dəydiyi torpaqları azad etməyə tələsir...

Fəqət bu, on illərin səbrinə rəğmən, gərəksiz deyil, gərəkən, gözlənilən bir günün, yeni bir Qələbin və qələbələrin sevincinin yaşanmasının, hamımıza yaşadılmasının tələskənliyidir...

...“Səbr kasası”nın necə olduğunu və necə dolduğunu indiyədək bilməyən, qanmayan düşmənin indiki halı, vəziyyəti, durumu bunu ona anlada bilər. Anlaya bilsə...

Anlasalar da, anlamasalar da, onlar bu tarixi unutmayacaqlar. Məğlubiyyətin acısından göynəyən gözləri, axan göz yaşları onları elə öz qabında boğacaq...

Saxtakar, riyakar siması olan, keçmişi və gələcəyi olmayan əbədi düşmənimizin özünə və qövmünə yaraşdırdığı məğlubiyyət təqviminin, hər il yada salmağa da cürət, ürək etməyəcəyi anım gününün - 8 noyabrın yazıldığı gündür bu gün. Və onların tarixi də elə bu məğlubiyyət sətirlərindən başlayır...

Başlanğıcda məğrur, mərd, qəhrəman olanların geni isə gec-tez, özünü göstərir. Genetik faktorun özünü göstərdiyi, haqqın təntənəsinin və ilahi ədalətin bərpa olunduğu günlər isə bizim öz tariximizə - min illərin, minilliklərin kitabına yazılır...

“Yazıya pozu yox”, əlbət. Qələbə də bizim alın yazımız...

O yazını da ilahi ədalətlə Tanrı özü nəqş edir - dözümümüzə, səbrimizə mükafat olaraq...

 Nigar Orucova