Qalibi mühakimə Etmirlər

20:19 11-11-2020 95

Ötən 30 il Dağlıq Qarabağ da daxil, Azərbaycanın 20 faiz tarixi torpaqlarını zəbt edən düşmən Ermənistan bu müddət ərzində münaqişənin ədalətli və qansız həlli üçün irəli sürülən hər cür təklif və variantları birtərəfli qaydada rədd edirdi. Savaş bitməmişdi, sadəcə onun birinci mərhələsi düşmənin xeyrinə yekunlaşmışdı. Bundan ruhlanan və özünü qalib kimi aparan Ermənistanın və Dağlıq Qarabağdakı oyuncaq qurumun rəhbərləri yerinə yetirilməsi mümkün olmayan sülh şərtlərini diqtə edirkən, yenidən qan tökülməsini istəməyən, amma Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına da əsla yol verməyəcəyini bəyan edən Azərbaycanın Qarabağdakı erməni icmasına yüksək muxdariyyat statusu verməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq qarşı tərəf bu güzəştlə razılaşmırdı. Bu müddət ərzində münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupu da, xristian təəssüfkeşliyindən çıxış edir və bütün vasitələrlə qalib Ermənistanı müdafiə edirdi.

Ermənistandakı 2018-ci ilin hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn N. Paşinyan komandası sələflərindən fərqli olaraq güc və müharibə ritorikasına üstünlük verdi. Və Azərbaycan Prezidenti İlham Əliyevin Valday kulubunun toplantısındakı “Qarabağ Azərbaycandır.Nida” xəbərdarlığından da gərəkən nəticəni çıxarmadı. Əksinə, bəlli xarici havadarlarına arxalanıb əzələ nümayiş etdirdi və Qarabağdakı qondarma rejimin rəhbərliyi “Sülh naminə yeni ərzailər, yaxud sülhə məcburetmə” kimi təhlükəli, müharibəyə açıq çağrış şüarı irəli sürdülər. Və...

 Cəzalandırma, yaxud “İti qovan” əməliyyatı

 Sentiyabrın 27-si səhər saatlarında atəşkəsi pozaraq cəbhədə ağır silahlarla hücuma keçən düşmən bu addımla Azərbaycanın səbr kasasını daşdırmış oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan, “Şuşa fatehi” İlham Əliyevin əmri ilə rəşadətli ordumuz düşmən hücumunu dəf edərək, bütün cəbhə boyu əks-hücuma keçdi və qısa müddətdə cəbhənin cənub hissəsində düşmənin möhkəmləndirilmiş istehkamları darmadağın edərək Vətən müharibəsinin başlanğıcını və ilk qələbənin əsasını qoydu.

Elə həmin gün televiziya ilə xalqa müraciət edən Ali Baş Komandan İlham Əliyev bunun Vətən müharibəsi olduğunu, bu haqq savaşında Azərbaycanın qalib gələcəyini əminliklə bəyan edərək xalqı səfərbər olmağa çağırdı. Düşmənin 30 ilə yaratdığı istehkam sədrləri bir-bir uçulub dağıdıldıqca, döyüş meydanlarında dəqiq atəşlə “mettalom”a döndərilən, hərbi qənimət kimi ələ keçirilən düşmənin ağır texnikaları xalqımızda özünəinam hissini daha da gücləndirdi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan yağı düşməndən qısa müddətdə azad edildi. Ermənilərin 5 ilə işğal etdiyi bu bölgələri şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 15-20 günə Ermənistan ordusundan təmizlədi.

Hesab edirəm ki, Vətən Müharibəsi çərçivəsində bu həm də “cəzalandırma”, yaxud Prezident İlham Əliyevin bəyan etdiyi kimi “İti qovan” əməliyyatı idi. Döyüş meydanında Ordumuzun zərbələrinə davam gətirməyərək məğlub durumda geri çəkilən düşmən qatil xislətinə sadiq qalaraq dinc insanları, döyüş zonasından çox-çox uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinə raket hücumları təşkil etməklə ölkəmizdə xaos yaradacağını düşünürdü amma nə Azrərbaycan xalqı 30 il əvvəlki xalqdır, nə ordusu, nə də siyasi və hərbi rəhbərliyi. Əksinə, düşmənin bu xain hücumları xalqımızı daha da bütövləşdirdi, ölkə rəhbərliyinin ətrafında daha sıx birləşdirdi.

Müharibədən keçən müddət ərzində cənab Prezident İ.Əliyev dünyanın nüfuzlu və aparıcı telekanallarına verdiyi silsilə müsahibələrdə Azərbaycanın müharibə tərəfdarı olmadığını, qan tökülməsini istəmədiyini, bunu bizə Ermənistan tərəfinin məcbur etdiyini qeyd edərək, ölkəsinin qəti və vazkeçilməz mövqeyini bəyan edir: Ermənistan silahlı qüvvələri heç bir şərt irəli sürmədən Qarabağdan çıxarılmalıdır. Yalnız bundan sonra hansısa danışıqlara başlamaq olar. Prezident doğru olaraq həm də bu məqamı gündəmə gətirir ki, əvvəllər mövcud olan 5+2 formatı və yüksək muxtariyyat statusu artıq öz əhəmiyyətini itirib, çünki, bu format sülh danışıqları üçün keçərli idi,biz o bölgələri yüzlərlə şəhid qanı hesabına aldığımızdan o format aktuallığını itirmiş olur.

 Artıq yumruq dəmirdəndir

 Qarabağın və külli Azərbaycanın simvollarından olan Şuşanın azad olunması müjdəsini Şəhidlər Xiyabanından verən Ali Baş Komandan İlham Əliyev o ana qədər düşmənə sadəcə yumruqla mesaj verirdisə, artıq açıq şəkildə bəyan etdi ki, Ermənistan rəhbərliyi məğlubiyyətini etiraf etdib, Qarabağda pərən-pərən düşüb ordumuzun ayaqları altında əzilən silahlı dəstələrini bölgədən çıxarmasa “bu dəmir yumruqla onların başı əzəcəyik”. Prezident dolayısıyla Ermənistanı xilas etməyə çalşan, bu müstəvidə ona təzyiq etməyə cəhd gostərən xarici güclərə də mesaj verdi ki, heç kim, heç bir kənar qüvvə bizi haqq yolumuzdan döndərə, xalqın və dövlətin maraqlarına zidd addımlar atmağa məcbur edə bilməz. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı müharibə ədalətli müharibədir və beynəlxalq qanunlara tam uyğundur. Azərbaycan BMT-nin 27 il kağız üzərində qalmış 4 qətnaməsini icra edir, halbuki bu qətnaməni icra etmək bu gün müharibəni dayandırmaq barədə çağırışlar edən dövlətlərin borcu, vəzifəsi, öhdəliyi idi.

HAŞİYƏ: İspaniyanın basklar yaşayan Katoloniya bölgəsi illərdir ki, müstəqillik tələb edir. Məlumat üçün deyim ki, Katoloniya bölgəsinin əhalisinin sayı bütövlükdə Ermənistan əhalisinin sayından təxminə 2 dəfə çoxdur. Hətta 4 il əvvəl bölgə əhalisi İspaniyadan ayrılmaqla bağlı referendum da keçirdi. Ancaq nəinki İspaniya dövləti, bu gün Dağlıq Qarabağdakı 120 minlik erməninin separatist hərəkətinə bəraət qazandıran, dəstəkləyən Avropa dövlətləri kataloniyaların referendumunun nəticələrin tanımadı, əksinə qınadı, hərakatın lideri K.Puçdemonun ispan höküməti tərəfindən təqibinə dəstək verdi. Azərbaycana yanaşmada ikili standart deyərkən biz məhz bu kimi faktlara istinad edirik.

Bu müqəddəs  vətən müharibəsində həlledici rol oynayan, ölmün üstünə gözünü qirpmadan gedən Şanlı Ordumuz haqqında başqa bir yazıda ayrıca söhbət açarıq. İndilikdə yalnız onu deyim ki, Azərbaycan ordusunun apardığı bu savaşda seçdiyi taktika və strategiya, uzun və qısamüddətli hərbi əməliyyat planı, dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq. Və bu bizim vətənpərvərlikdən doğan fikirlərimiz deyil, əcnəbi hərbi ekspertlərin, generalların dəyərləndirməlidir.

Yaddaş üçün onu da deyim ki, xalqımızın bir parçası kimi 22 noyabrda peşə bayramını qeyd edəcək respublikamızın ədliyyə işçiləri də ordumuzun qələbəsi üçün üzərlərinə düşən vəzifəni yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirirlər. Cənab nazir Fikrət Məmmədovun göstərişiylə cəbhəyanı rayonların ədliyyə əməkdaşları gündəlik işlərini müharibənin tələblərinə uyğun quraraq məsələlərin operativ həlli üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Sıramızdan könüllü silaha sarılan əməkdaşlarımız da var. İnşallah bununla bağlı ayrıca yazımız olacaq.

Beləliklə, müqəddəs Şuşamızı azad edən Ordumuzun zəfər yürüşü davam edir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

P.S əvəzi: Necə deyərlər, bütün müharibələrin sonu sülhlə bitir. Ermənistan-Azərbaycan müharibəsi də istisna təşkil etmədi və noyabrın 10-u gecə saatlarında atəşkəslə bağlı Ermənistan-Azərbaycan-Rusiya arasında üçtərəfli atəşkəs razılaşması imzalandı. Və bununla da “cəzalandırma əməliyyatı” öz məntiqi sonluğuna çatdı.

Yaşasın qüdrətli Azərbaycan Ordusu və onun Ali Baş Komandanı İlham Əliyev!

Qarabağ Azərbaycandır!

 Malik Mahmudov

Beyləqan rayon Qeydiyyat idarəsinin rəisi