Haqq və batil

18:46 11-11-2020 125

Müsəlmanın müsəlman üzərində beş haqqı var

 İslamda "haqq" termini aşağıdakı mənalarda işlədilir: a) Allahın Əsməi-husnədəki isimlərindən biri, Haqq. Yəni varlığı əbədi sabit qalan. "Allah Haqq, müşriklərin Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir" (Hajj, 62); b) İslamiyyət. "Haqq (İslam) gəldi, batil (şirk, küfr) yox oldu; Çünki batil yoxluğa (heçliyə) məhkumdur!" (İsra, 81); j) Həqiqi, gerçək, doğru. Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: "Biz Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?- deyə soruşacaq" (Əraf, 4). Bu baxımdan ölüm, qəbir, qəbirdə Münkər və Nəkir adlı mələklərin sorğu- sualları haqdır. Cənnət və Cəhənnəm də haqdır; d) İnsanın başqasından istəmə səlahiyyəti və haqqı olan dəyər, şey. "Əgər bir kimsə, hətta peyğəmbərlərə məxsus ibadət-ləri yerinə yetirsə, fəqət üzərində başqasının bir quruş haqqı olarsa, o bu bir quruşu ödəməyənə qədər Cənnətə girməyəcəkdir" (Rağib, v.e. 1034); e) Pay, hissə; f) xətir, hörmət. Peyğəmbər (ə) belə dua etməyi tövsiyə edib: "Ya Rəbb! Sevdiyin və dualarını qəbul etdiyin insanların hörməti naminə (xatirinə) Səndən istəyirəm" (İbni Mace. v.e. 903); g) Hər bir müsəlmana vajib olan şey. "Müsəlmanın müsəlman üzərində beş haqqı var: Salama cavab vermək, xəstəni yoluxmaq, cənazəni müşayiət etmək, dəvəti rədd etməmək, asqıran adamın "Əlhəmdulilləh" deməsinə, yanındakı adamın "yərhamukəlləh" (Allah sənə mərhəmət etsin) cavabını vermək" (həz. Peyğəmbər).

 "Nə mən batildənəm,  nə də batil məndən" (həz. Peyğəmbər)

 Haqq kimi, batilin də müxtəlif mənaları var: a) Fani, keçici, yox olan. Allahdan başqa hər şey batildir (Fanidir, daimi deyil); b) Səhv, əbəs, boş, səbəbsiz, lüzumsuz. "Biz göyü, yeri və onların arasında olanları boş-boşuna yaratmadıq" (Sad, 27); Oğurluq, qəsb, rüşvət, qumar və s. kimi dinin icazə vermədiyi qazanc növü və ya malı içki, qumar və zina kimi dinin yasaq etdiyi şeylərə sərf etmək. "Bir-birinizin malını haqqınız olmadığı halda yeməyin, xalqın malından bir qismini bilə-bilə haqsız yerə yemək üçün günah yolu ilə (rüşvətlə) hakimlərə müraciət etməyin!" (Bəqara, 188); d) Şirk, bütlərə tapınma. "Haqq (İslam) gəldi, batil (şirk, küfr) yox oldu. Çünki batil yoxluğa məhkumdur" (İsra, 81);

 Sonda qələbə haqqın olsa da...

 Haqq ilə batil əks qütbli məfhumlar olduğu üçün, həmin qütblərdə olan insanların əməlləri də bir-birinə ziddir. Əgər haqqa xidmət edən adam Allah rizasını qazanırsa, batilə qulluq edənsə şeytanı məmnun edir. Əlbəttə, sonda qələbə haqqındır. Bu qələbə ani və fani dünyada reallaşa bilməsə belə, bəndə axirətdə onun səmərəsini görəcək. Çünki Allah adildir və O, axirətdə hər kəsə öz əməlinin qarşılığını verəcək. Lakin "Möminin evi onun üçün Cənnətdir" Peyğəmbər(ə) kəlamına görə, bəndə iman, elm və iradəsilə axirətdəki cənnətini həm də bu dünyada reallaşdırmalıdır. Bunun üçün bəndədən tələb olunan yeganə faktor, onun haqqın batil üzərində qələbəsini təmin etməsidir. Elə fərd və cəmiyyəti Allahın dostu, Şeytanın düşməni edən də məhz bu amildir.

Məsələnin dini-fəlsəfi tərəfi dərindən araşdırılsa aydın olar ki, Şeytanın, batilin qorxulu düşmən olmasına baxmayaraq, bəşər həyatının dinamik inkişafını təmin edən də məhz onlardır. Çünki batil, zülmət, küfr olmasaydı, haqq, nur və iman bilinməz, yaxşı ilə pis tanınmazdı. Həmin səbəbdən, bəzi hallarda batilin haqq üzərində qələbəsində ilahi bir hikmət vardır. Bu hikmətə görə, haqqın müvəqqəti uğursuzluğu onun məğlubiyyətdən nəticə çıxararaq, gələcək işini düzgün qurmasına xidmət etməlidir. Fəqət təəssüf ki, haqqa xidmət məqsədilə niyyətləri yaxşı olan in-sanlar çox vaxt bu amili nəzərə almayıb, yenidən uğursuzluğa düçar olurlar. Və bunu batilin haqq üzərində qabaqcadan planlaşdırılan qələbəsi kimi qəbul edirlər.

 Batil nə vaxt qələbə qazanır?

 Batilin haqq üzərində qələbəsi, onun haqdan fərqli olaraq, doğru, düzgün metod və vasitələrdən istifadə etməsidir. Yəni hər bir haqqın aləti, vəsiləsi haqq, doğru olmaq əvəzinə, bəzən o, batil, qeyri-düzgün olur. Hər batilin də istifadə etdiyi metod və vasitə batil olmaq əvəzinə, bəzən o, haqq, doğru olur. Başqa sözlə, batilin istifadə etdiyi vəsilə, metod doğru olarsa, həmin doğru metod o batilə uğur qazandırar. Əksinə, əgər haqqın metodu batil olarsa, həmin batil metod o haqqı məğlubiyyətə düçar edər. Elə çağdaş dünya müsəlmanlarının qeyri-islam aləminin elminə, mədəniyyətinə və digər dəyərlərinə möhtac olmalarının səbəblərindən biri də, müsəlmanın İslami yox, qeyri-islami metod və vasitələrdən istifadəsidir. Məs., Haqq uğrunda mücadilədə haqda ittifaq və birlik; Şeytan, batil uğrunda mücadilədə isə ixtilaf, parçalanma lazım ikən, bəzən əksinə də olur. Yəni batil ittifaq səbəbindən qalib, haqq isə ixtilafa görə məğlub olur. Halbuki ittifaq, iman, elm, iradə, nur haqqa; ixtilaf, küfr, cəhalət, zülmət isə batilə məxsus sifətlərdir. Deməli haqq, haqq olan hədəfinə batil metodlarla nail ola bilməz. Çünki həmin batil vəsilə və metod, haqqın niyyətini əmələ çevirib, onu qalib edə bilmir. Bir sözlə, başlanğıcda niyyətin yaxşı olması hələ qələbə deyil. Bunun üçün doğru, düzgün və haqq metodlardan istifadə etmək lazımdır. Unutmamalı ki, "Bütün işlər ancaq nəticəsilə qiymətləndirilir" Peyğəmbər(ə) kəlamıdır.

 Harada səbat etməli?

 Haqqa məxsus sifətlərdən biri də səbatdır. Səbat (qərarlı və ardıcıl olmaq, sarsılmamaq, sözündə durmaq) müvəffəqiyyətlərin mənşəyi və mənbəyidir. Səbat, haqq uğrunda aparılan mücadilədə əziyyətlərə sinə gərib, Allah rizasını qazanan ərlərin işidir. Əməllərində Allah rizasına nail olan bəndədən bütün dünya üz döndərsə də, Rəbb onunladır. Əgər Xaliq qəbul edibsə, bütün xalq rədd etsə belə, faydası yoxdur. Çünki rizayi İlahi, iltifati Rahməni və qəbuli Rəbbani elə bir mə-qamdır ki, onunla müqayisədə bütün bəşərin hüsni-rəğbəti və ya üz döndərməsi bir zərrə hökmündədir.

Lakin səbat sahibinə həmişə zəfər qazandıra bilməz. Əgər səbat hər yerdə xeyirli olsaydı, onda uğur İblisin olardı. Çünki İblis inad və küfründə israr edib, axıra kimi sözündə durdu. Əgər səbat hər yerdə uğur qazandırsaydı, onda ən müzəffər insan Əbu cəhl olardı. Axı o axıra kimi Peyğəmbər(ə)-yə düşmən oldu! Səhaba də səbat göstərdi. Lakin onların bu səbatı İblis və Əbu Cəhllərin səbatı yox, Haqqa, Onun Elçisinə olan səbat idi. Deməli, səbat haqqa, ədalətə xidmət edərsə sahibinə zəfər qazandırıb, onu dünya və axirət səadətinə qovuşdurar. Əksinə, əgər səbat haqqa yox, batilə xidmət edib, qələbəni təmin etsə, o, sahibini dünyada rüsvay, axirətdə isə Cəhənnəmə aparar.

 Xeyrin əvvəli Allah sevgisi, hikmətin əsası Allah qorxusudur

 Haqqın batil üzərində qələbə qazanmasının mühüm şərtlərindən biri də bəndədə Allah sevgisi və Allah qorxusunun vəhdətdə olmasıdır. İmanın kamalına dəlalət edən bu duruma qorxu ilə ümid arasında olma halı da deyilir. İnsan sevginin verəcəyi nazlanma və arxayınlıqdan yalnız Al-lah qorxusu ilə diksinə bilər. Batildən fərqli olaraq, haqq öz işini qorxu və sevgi ölçüsündə qurur. "Allaha həm qorxu, həm də istəklə dua edin" (Əraf, 56). Allah qorxusunun yoxluğu bəndədə Cənnətə mütləq girəcəyi barədə fikir yaradıb, ona özündən razılıq, məğrurluq və xudpəsəndlik aşılayır. Allah sevgisindən məhrum olmaq təsəvvürü isə, bəndədə onun mütləq Cəhənnəmə ge-dəcəyi fikrini yaradır. Birində özündən razılıq əlaməti olaraq ifrat, digərində isə ümidsizlik nişanəsi olan təfrit. Qorxu və sevgi vəhdəti isə, haqqın batil üzərindəki zəfərini təmin edən yeganə orta yoldur. Buna qələbənin rəhni olan Quran yolu, istiqamət deyilir.

İman və küfr, nur və zülmət, haqq və batil bəşərlə yaşıddır. Əlbəttə, bu mübarizədə sonda qələbə imanın, nurun və haqqındır. Çətinlik, müvəqqəti uğursuzluq bu qələbəni gecikdirə də bilər. Lakin bu gecikmələr Haqq naminə haqqın qarşısını ala bilməz. Ola bilər ki, bu qələbəyə bir, hətta iki ömür də kifayət etməsin. Həmin səbəbdən həz.Əli buyurub: "Övladlarınızı sizdən sonrakı zaman üçün hazırlayın". Lakin burada da təfritə varıb, elə etməli deyilik ki, anaların bətnində, ataların belində olan gələcək nəsl, haqq-batil mücadiləsində bizi lənətlə yad etsin.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru