Azərbaycan ordusu düşməni məhv etdi

18:51 11-11-2020 315

Düşmən təslim aktını imzalamağa məcbur oldu

 Azərbaycan 30 ildir torpaqlarımızı işal altında saxlayan, hər zaman dövlətimizi, ordumuzu aşağılayan Ermənistan ordusunu 45 gün ərzində darmadağın etdi. Qüdrətli Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə müharibədə böyük hərbi üstünlük qazandı və nəticədə qısa müddət ərzində işğal altında olan torpaqlarımızın xeyli hissəsini azad etdi. Qəhrəman Ordumuzun noyabrın 8-də Qarabağın gözü, ölkəmizin musiqi və mədəniyyət məbədi sayılan Şuşa qalasını qəhrəmanlıqla azad etməsi Ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi yaratdı, dövlətimizin şanını, namını ucaltdı, müharibənin xalqımıza vurduğu 30 illik yaranı sağaldan məlhəm oldu!

Qəhrəman Azərbaycan əsgəri 45 gün ərzində ildırım sürətilə düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, məğlubiyyətini etiraf etməyə məcbur etdi!

Ali Baş Komandanın rəhbərliyi altında möhtəşəm qələbələrə imza atan şanlı Ordumuz düşmən Ermənistanın baş naziri N. Paşinyanı və Ermənistanın digər yüksək vəzifəli şəxslərini dünyanın böyük dövlətlərinin liderlərinə, xüsusən Rusiya prezidenti B. B. Putinə yalvarmağa məcbur etdi! Şuşa qalasının Ordumuz tərəfindən azad olunması erməni separatçılarının belini və bütün ümidlərini qırdı. Zamanında Azərbaycana meydan oxuyanlardan biri, qondarma “respublikanın” rəhbəri Arayik Arutyunyan qəhrəman Ordumuz tərəfindən elə pis hala salındı ki, İrəvana qaçmaqdan başqa yol tapmadı!

Lakin qəhrəman Ordumuzun bütün cəbhə boyu, xüsusən Xankəndi istiqamətində apardığı uğurlu qanlı döyüşlərə tab gətirməyən Ermənistan rəhbərliyinin harayına həmişə olduğu kimi, yenə də Rusiya çatdı! 10 noyabr 2020-ci il gecə şanlı Ordumuzun Qarabağın bütün ərazilərinin tam azad olunması uğrunda apardığı vətən müharibəsi özünü regionun ağası hesab edən, Ermənistan dövlətinin və ermənilərin Qafqazda mövcud olmasının qarantı Rusiyanın müdaxiləsilə dayandı. Azərbaycan ordusu Xankəndinin 2-3 km-nə yetişdiyi məqamda Azərbaycan prezidenti İ. Əliyev, Ermənistanın baş naziri N. Paşinyan və Rusiya prezidenti B. Putin tərəfindən Ermənistanın məğlubiyyətini etiraf etməsi nəticəsində müharibənin dayandırılması barədə bəyanat imzalandı! Azərbaycan xalqı gecəyarısı olmasına baxmayaraq, küçələrə axışdı və vətən müharibəsində qazanılmış böyük qələbəni sevinc və fərəhlə qutladı!...

Amma ermənilərin etibarsız xarakterə və xislətinə yaxından bələd olan dövlətimiz və xalqımız ölkə prezidentləri tərəfindən imzalanmış bəyanatı qəbul etsə də, ermənilərin bu bəyanatda irəli sürülən müddəalara əməl edəcəklərinə zərrəcə inanmır! Əvvəla, imzalanmış bəyanat rəsmi sənəd kimi hökm qüvvəsinə malik deyil. İkinci, bu bəyanat ilk növbədə Rusiya hərbi hissələrinin sülhməramlı qüvvə kimi Dağlıq Qarabağa gətirilməsinə və ermənilərin qorunmasına xidmət edir. Ümumiyyətlə, Bəyanat  ilkin zəruri atəşkəs tədbirlərinin həyata keçirilməsini  ehtiva edir və bu bəyanat bütövlükdə xalqımızın və dövlətimizin suveren hüquqları ilə tam ziddiyyət təşkil edir! Bu bəyanatın Ermənistan cəmiyyətində birmənalı qarşılanmadığını, İrəvanda xalqın hakimiyyətə qarşı böyük etiraza qalxdığını nəzərə alsaq, sənədin icra olunacağına böyük şübhələr var!

Qeyd edim ki, Azərbaycanın Ermənistanla müharibədə böyük üstünlüyə malik olmasına, düşməni tamamilə darmadağın edərək, ermənilərin işğal etdiyi torpaqlarımızı tam azad etmək imkanı əldə etməsinə baxmayaraq, Rusiyanın müharibənin gedişinə müdaxiləsi nəticəsində bölgədə xeyrimizə olan durum tamamilə dəyişmiş, Rusiya ordusu konstitusiyamıza zidd olaraq ölkəmizin ərazisində qərargah yaratmış və erməni silahlı birləşmələrinin ölkəmizin ərazisində möhkəmlənməsinə şərait yaratmışdır.

Beləliklə, Azərbaycanın qəhrəman Ordusu düşmən üzərində qazandığı böyük qələbəni Rusiyanın müdaxiləsilə sona çatdıra bilmədi və düşmən qorundu!

Rusiyanın münaqişəyə müdaxilə edərək, öz hərbi hissəsini Dağlıq Qarabağda Xankəndinə yerləşdirdikdən sonra hadisələrin Azərbaycanın ərazi bütövlüyü daxilində gedəcəyinə böyük şübhələr yaranır.

Çünki əvvəllər olduğu kimi, bundan sonra da Rusiyanın özünün və Ermənistanın mövqeyinin cənubi Qafqaz regionunda güclənməsi üçün ərazimizdə əldə etdiyi böyük imkandan istifadə edəcəyinə heç kim şübhə etmir!

 Mahir Abbaszadə