Vətən bölünmədikcə, onlar yaşayacaq!

19:07 11-11-2020 225

Şəhid zabitimiz Mahir Qərib oğlu Dadaşzadəyə ehtiramla!

 Azərbaycanın işğalla barışmayacağı, öz əzəli torpaqlarını gec-tez geri qaytaracağı şəksiz idi. Bu böyük, çətin, fəqət şərəfli vəzifənin yerinə yetirilməsində ilk sırada mərd əsgərlərimizin, şanlı ordumuzun adı keçir. O saysız-hesabsız qələbələr və sonunda da ən böyük Qələbə məhz onların sayəsində qazanıldı.

 Bəli, Azərbaycan Ordusu bu gün tarixə dastan yazır! Qeyd etdiyimiz kimi, həmin tarixi qəhrəmanlıq əsərinin yazılmasında birbaşa iştirakçı, döyüşçü isə Azərbaycanın mərd, cəsur, qorxubilməz əsgəri, onların cəmindən yaranmış güclü hərbi qüvvəsidir.

Lakin müharibənin elə bir boz siması var ki, ondan itkilərsiz keçmək, qələbəni qan tökmədən, qurbanlar vermədən qazanmaq mümkün deyil. Fəqət həmin canvermələr böyük bir amal üçündürsə, Vətən uğrunda qanından, canından, dünyada qiymətli hər nə varsa, ondan keçənlərin adı əbədilik tarixə, qan yaddaşımıza yazılır.

Bu gün bütövləşən Vətən onlarla fəxr edir, on illərlə işğalda qalan torpaqların sakinləri və ordan olmayanlar belə, onu azad edənlərin şərəfinə bu payız günlərinin bozluğunu hiss etmir, ab-havanın qələbə sevincini bir-biriylə bölüşür...

Həmin sevinci, qürur dolu hissi bu gün hamımıza yaşadanlardan, Vətən və ulu torpaq uğrunda tarix yazan mərd oğullardan biri - Mahir Qərib oğlu Dadaşzadədən, düşmənlə döyüşdə qəhrəmanlıqla döyüşərək, Şəhidlik zirvəsinə ucalan igidimizdən, qəhrəmanımızdan bəhs edirik.

Döyüş yoldaşları və komandanlıq igid zabitimiz Mahir Dadaşzadənin rəhbərlik etdiyi hərbi hissənin müharibə başlayan gündən düşmənə sarsıdıcı zərbələr vurduğunu, şanlı Ordumuzun işğal altında olan torpaqları sürətlə azad etməsinə böyük töhfə verdiyini fəxarətlə qeyd edir. Bəlli olur ki, bir sıra yaşayış məntəqələrinin işğalçı, terrorçu düşməndən azad olunmasında fəal iştirak edənlərdən biri də bu gün şəhidlik zirvəsindən bizə baxan, azad olunmuş Vətən torpaqlarımızı qürurla seyr edən qəhrəman zabitimiz Mahir Dadaşzadədir.

O, 28 oktyabr 2020-ci ildə düşmənlə apardığı qanlı döyüşdə şəhidlik məqamına yüksəlib. Bu gün onun haqqında fəxrlə danışan döyüş yoldaşları Mahirin Azərbaycan bayrağının Şuşaya sancıldığı günü səbirsizliklə gözlədiyini, bu ali məqamın onun ən böyük arzusu olduğunu söyləyirlər. Bu cəsur taqım komandiri şəxsi sücaət nümunəsi göstərərək, rəhbərlik etdiyi hərbi hissənin ruh yüksəkliyini daim yüksəkdə saxlayar, Azərbaycanın müzəffər ordusunun düşmən qüvvələrini qısa müddətdə darmadağın edəcəyinə və yaxın zamanda bayrağımızın Dağlıq Qarabağın hər bir şəhər və kəndində dalğalanacağına inanırmiş...

Fəqət qeyd etdiyimiz kimi, qələbələr igidlərimizin, qəhrəmanlarımızın qanı, canı bahasına qazanılır. Elə haqqında danışdığımız cəsur zabitimiz də quduz düşmənlə döyüşdə onlara qan udduraraq, yaralı əsgərlərə yardım edərək, onların düşmən əlinə keçməməsi üçün döyüşə atılıb və xain düşmənin gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksəlib.

...Döyüş zonasından çıxardığı yaralıların dediyinə görə, Mahir, hamı və hamımız üçün adını şərəf tarixinə yazdı. Belə tarix isə illərlə, qərinələrlə yaşayır və heç zaman yaddan çıxmır...

Mahir Dadaşzadə 1993-cü ildə Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Beyləqan şəhər 4 saylı orta məktəbin birinci sinfinə daxil olub, 2007-ci ildə isə həmin məktəbin səkkizinci sinfini bitirib. Elə həmin il sənədlərini C. Naxçıvanski adına hərbi məktəbə təqdim edərək ora daxil olub. C. Naxçıvanski adına hərbi məktəbi 2010-cu ildə müvəffəqiyyətlə bitirəndən sonra Heydər Əliyev adına Hərbi Ali Məktəbə daxil olub. M. Dadaşzadə 2014-cü ildə Hərbi Ali Məktəbi bitirib və leytenant rütbəsi alıb. 2014-2015-ci ildə isə Müdafiə Nazirliyi nəzdində təlim mərkəzində təhsil alıb, taqım komandiri rütbəsinə yiyələnib. O, 2015-ci ildə “N” saylı hərbi hissənin taqım komandiri vəzifəsinə təyin edilib. Nümunəvi xidmətə görə, komandanlığın Fəxri Fərmanı və təşəkkürünü alıb. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi igidliyə görə isə, baş leytenant rütbəsi və təşəkkürnamə alıb. Daha sonra, 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi medal ilə təltif olunub.

Bütün bu titulların sahibi, xalqımızın qəhrəman oğlu Mahir Dadaşzadənin Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə amansız düşmənin məhv olması üçün göstərdiyi igidlik, şücaət və zabit ləyaqəti dövlətimizə və millətimizə sədaqətin bariz nümunəsidir! …

Vətən torpaqları hər il yazın gəlişini fərəhlə, qürurla gözləyəcək. Çünki onun öz əbədi sahibinə qaytarılması kimi çətin yolda şəhid olan qəhrəmanlarımızın, igidlərimizin qanından su içən gül-çiçəklər göz oxşadıqca uzanan nəhayətsiz çölləri minbir rəngə boyayacaq. Məqamca ən uca zirvəyə ucalan Mahir və onu kimi mərd oğullarımızın bu əsrarəngiz gözəllikdən sevinən ruhu işğalçıların ayaqları dəyməyən, birdəfəlik azad olan Vətəndə aram olacaq.

Azadlıq arzusunu bizə həqiqət olaraq qaytaran igid zabitimiz Mahir Dadaşzadəyə Allahdan rəhmət diləyirik! Bu gün ruhu şad, məkanı cənnət olan Mahir və bütün şəhid oğullarımız nə qədər ki, bir millət və xalq olaraq varıq, hamımızın qəlbində, ürəyində yaşayacaq! Bu yaşam isə Əbədi və Əzəli olacaq! Onların azad etdiyi, qaytardığı Vətən torpaqları kimi!

 Şahnaz Salehqızı