Üç imzalı bəyanat Azərbaycana gələcəkdə nə vəd edir?

19:10 11-11-2020 225

Zərdüşt Əlizadə:

"1988-ci ilin mayında Stepanakertdən qovulan 12 min azərbaycanlı öz doğma yurduna qayıtmalıdır - bu bəyanatdan çıxan tələbdir"

 Elxan Şahinoğlu:

"Rusiya sülhməramlılarının burada olmasından gələcək üçün təhlükə hiss edirəm, çünki onlar hara gedirlərsə oradan çıxmırlar və ərazisində yerləşdikləri dövlətlərə problemlər yaradırlar"

  Artıq 27 sentyabr tarixində Ermənistanla Azərbaycan arasında başlayan müharibəyə noyabrın 10-da son qoyuldu. Müharibəyə son qoyan üçtərəfli bəyanat sözsüz ki, son sənəd deyil, bu münaqişənin başa çatdırılması üçün hansısa yekun sənədin ortaya qoyulması gözləniləndir. Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayan bu bəyanatın bir çox müddəaları dəyişdirilə və yenidən işlənilə bilər. Amma bu da reallıqdır ki, hələlik üç ölkə rəhbərinin imzaladığı sənəd - bəyanat ortadadır. Bu səbəbdən də Azərbaycan dövlətinin mənafeləri cəmiyyət tərəfindən bu bəyanat prizmasından müzakirə edilir. Cəmiyyətin bu prizmadan çıxış etməsinə haqq qazandıran bir məsələ də ondan ibarətdir ki, həmin sənəd imzalanandan dərhal sonra rus qoşunları sülhməramlı adı altında Dağlıq Qarabağa yerləşdirildi. Dağlıq Qarabağın ərazisi "təmas xətti" elan edildi. Bütün yuxarıda qeyd etdiyimiz məsələlər həm cəmiyyətdə «obıvatel» səviyyəsində, həm də mediada aparılan müzakirələrin əsas mövzusudur və Azərbaycan xalqı üçün xüsusi maraq doğurur. Ona görə də məsələni politoloqlarla müzakirə etməyi qərara aldıq.

Bu barədə açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirdi ki, sözügedən üçtərəfli bəyanatı müsbət dəyərləndirir: "Bəyanat bir neçə cəhətdən faydalıdır. Birincisi, Azərbaycan Ordusunun əldə etdiyi uğurlar qanuniləşdirilir, ikincisi, üç rayon Azərbaycana döyüşsüz qaytarılır. Bu o deməkdir ki, hər rayonun işğaldan azad edilməsi zamanı xeyli sayda xüsusi təyinatlımız, əsgərimiz şəhid olur və texnika itirirdiksə, həmin itkiləri artıq bu üç rayonda verməyəcəyik. Üçüncüsü, status məsələsi aradan qaldırılır, bu, Azərbaycana imkan verir ki, Rusiya sülhməramlıları ilə birlikdə Dağlıq Qarabağda gedən proseslərə nəzarət etsin. Ona görə Rusiya ilə birlikdə deyirəm ki, Rusiya sülhməramlılarının Azərbaycanda qalması hökumətimizin dörd il yarımdan sonra verəcəyi rəydən asılıdır. Həmin müddətdən sonra Azərbaycan Rusiya sülhməramlıları barədə müsbət rəy verməsə, beş ilin tamamında sülhməramlılar ərazilərimizi tərk edəcək. Bu səbəbdən də Rusiya çalışacaq ki, fəaliyyəti ilə Azərbaycan hökumətini razı salsın. Sülhməramlıların fəaliyyəti barədə BMT-nin qaydaları var, həmin qaydalara yerli əhalinin silahsızlaşdırılması da daxildir. Bu, Azərbaycan tərəfinin maraqlarına uyğundur və sülhməramlıların da vəzifə borcudur. Sülhməramlıların yerləşdirilməsi o demək deyil ki, Azərbaycanın yüksək vəzifəliləri və adi vətəndaşları Dağlıq Qarabağa daxil ola bilməz. Hər üç dövlət başçısının imzaladığı bəyanatda belə bir ifadə var - bütün qaçqınlar Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmaq hüququna malikdirlər. Bu ifadəni bəyanata salarkən, Putin nəzərdə tuturdu ki, Dağlıq Qarabağdan qaçan dinc erməni əhalisinin hamısı geri qayıdacaq. Amma mən əminəm ki, onların 99 faizi geri qayıtmayacaq. Bu məqam Azərbaycana imkan verir ki, 1988-ci ilin mayında Xankəndidən (Stepanakert) qovulan 12 min azərbaycanlı öz doğma yurduna qayıtsın - bu, bəyanatdan çıxan tələbdir.

Bir tərəfdən Naxçıvana dəhlizin açılması, digər tərəfdən Azərbaycanla Rusiyanın yaxınlaşması bizim üçün uğurdur. Bölgədə bundan sonra Rusiyanın yaxın müttəfiqi Ermənistan deyil, Azərbaycan olacaq. Perspektivlər Azərbaycan pəhbərliyindən asılıdır, biz elə layihələr təklif etməliyik ki, həm özümüz, həm də Rusiya qazansın. Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi ilə yüklər Avropadan Rusiyaya, oradan Azərbaycan üzərindən İrana, İrandan isə Pakistana və Hindistana gedə bilər. Burada həm biz, həm də Rusiya qarışıq adıçəkilən ölkələr bəhrələnə bilər. Bu, dünya iqtisadiyyatına dəyərli töhfə verən, digər layihələrin miqyasını kiçildən və milyardlarla qazanc gətirən, bu bölgədə Azərbaycanın nüfuzunu qaldıran layihə olacaq. Çoğrafi-iqtisadi mövqeyimizə görə, belə imkanlar kifayət qədərdir.

Yəni bu bəyanat yeni imkanlar açır, ağıllı rəhbərlər bundan istifadə edə bilər. Bu məsələyə bir örnək gətirmək istərdim. 8 may 1945-ci ildə Almaniyanın təslim olması barədə müqavilə imzalandı. SSRİ müqaviləni qalib ölkə kimi imzalamışdı, lakin 45 ildən sonra dağıldı. Məğlub Almaniya isə nüfuzlu və çiçəklənən ölkə kimi yaşayır. Biz də müharibədən qalib çıxmışıq, dövləti ağılla idarə etsək, qanunun aliliyinə nail ola bilsək, vətəndaşlarımıza yaşayıb-yaradıb, qazanmaq imkanı versək, bivec və korrupsioner məmurların xalqın qanını sormasına mane ola bilsək, onda Azərbaycan çiçəklənən bir dövlətə çevriləcək və əldə edilən bu qələbənin səmərəsini xalqımız hiss edəcək".

Z.Əlizadə onu da əlavə etdi ki, Dağlıq Qarabağın statusu məsələsinə artıq son qoyulub, belə bir müzakirə olmayacaq.

"Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu Zərdüşt Əlizadədən fərqli olaraq, müharibəyə son qoyan, üç ölkə başçısının imzaladığı bəyanata nikbin baxmadığını söylədi: "Əlbəttə, uğurlarımız var, torpaqlarımız geri qaytarılıb, amma Rusiya sülhməramlılarının Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsini doğru addım hesab etmirəm. Maksimalist də deyiləm, bizim üçün maksimum nəticə əldə etmək çətin olardı. Rusiya sülhməramlılarının burda olmasından gələcək üçün təhlükə hiss edirəm, çünki onlar hara gedirlərsə ordan çıxmırlar və ərazisində yerləşdikləri dövlətlərə problemlər yaradırlar. Xocalı və Xankəndi barədə məndə müəyyən suallar var ki, açıq qalıb, oradan qaçqın düşən Azərbaycan əhalisinin geri qaytarılması barədə heç nə deyilmir. Bəyanatda bildirilir ki, erməni qoşunları və bizimkilər son anda olduqları yerdə qalmalıdırlar. Bir müsbət detalı da qeyd edim, üç ildən sonra Şuşadan yan keçməklə Laçından Xankəndiyə yol çəkiləcək. Naxçıvanla birbaşa əlaqəmiz bərpa ediləcək. Naxçıvanla da bağlı sual var, əgər 5 ildən sonra rus sülhməramlıları bölgəni tərk edəcəksə, Naxçvanla əlaqə nəqliyyat dəhlizini kim qoruyacaq? Yəni bu bəyanat suallarla doludur, konkretləşdirilməyən məsələlər çoxdu, ona görə də deyə bilmərəm ki, bu bəyanat bizə güllü-gülüstan vəd edir. Gələcəkdə mübahisəli məsələlər ortaya çıxacaq, çünki qeyri-müəyyən hallar kifayət qədərdi.

Biz düşünürdük ki, ordumuz uğurla irəliləyir və biz məsələni birdəfəlik həll edə bilərik. Amma müharibəni müəyyən mərhələdə dayandırmalı və bir sıra güzəştlərə getməli olduq - sülhməramlılarla bağlı qərarı güzəşt sayıram. Lakin ümid onadır ki, Türkiyə də prosesdə fəal iştirak edir və Türkiyə sülhməramlılarının da bölgədə yerləşdirilməsi müzakirə ediləcək. Atəşkəsə nəzarət mərkəzində türk hərbçiləri yerləşdiriləcək. Ancaq mənim şəxsi fikrim ondan ibarətdir ki, türk hərbiçiləri bölgədə - Laçında, Şuşada, Kəlbəcərdə və Ağdamda Azərbaycan ordusu ilə birlikdə olsun. Dağlıq Qarabağın statusu məsələsi, prezidentin sözlərinə görə artıq olmayacaq, bəyanatda isə bu barədə heç nə deyilmir. Bəyanatda Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edən bir bənd olsaydı, bu bütün açıq qalan suallara məntiqi cavab olardı, təəssüf ki, belə bir bənd yoxdu.

Bununla yanaşı, birinci yayılan bəyanat mətnində Qazağın kəndlərinin qaytarılması ilə bağlı ifadə var idi, lakin Kremlin rəsmi yaydığı mətndə bu barədə heç nə yoxdu. Bundan əlavə, yeni çəkiləcək yol barədə bəyanatın birinci variantında  "Stepanakert ilə Ermənistan arasında" ifadəsindən, Kremlin yaydığı bəyanatda isə "Dağlıq Qarabağ və Ermənistan arasında" ifadəsindən istifadə edilib, Laçın dəhlizinin eni, qorunma qaydası, 3 ildən sonra yol çəkilməsi barədə bəyanatda müfəssəl izah olduğu halda, Naxçıvana açılacaq Mehri dəhlizi barədə heç bir izahat yoxdur və s. Bütün bu məqamlar imkan vermir ki, biz bu bəyanat barədə tam nikbin fikir söyləyə bilək".

Göründüyü kimi, siyasi şərhçilər də müharibəyə son verən bəyanat barədə birmənalı mövqe bildirmirlər. Amma hər kəs onu qeyd edir ki, bundan sonrakı mərhələdə bütün ağırlıq diplomatiyanın və dövlət siyasətinin üzərinə düşür, bu bəyanatın tələblərini Azərbaycan öz xeyrinə çalışdıra bilər.

  Akif Nəsirli